PA-nın şöbə müdiri: Azərbaycan faydalı əməkdaşlıq modelini ortaya qoyur
Bizi izləyin

Nida Xəbər

PA-nın şöbə müdiri: Azərbaycan faydalı əməkdaşlıq modelini ortaya qoyur

Azərbaycan tərəfdaşlarının da maraqlarını nəzərə alaraq, qarşılıqlı faydalı əməkdaşlıq modelini müəyyən etməyə qadir olduğunu dəfələrlə sübut edib.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev Trend İnformasiya Agentliyinin "Sahil Kərimli ilə müsahibə zamanı" müəllif layihəsində ölkəmizin xarici siyasətinin uğur formulundan danışarkən deyib.

H.Hacıyev bildirib ki, çətin və keşməkeşli beynəlxalq münasibətlər dövründə Azərbaycan digər dövlətlərlə istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda qarşılıqlı faydalı dostluq əlaqələri qurmağa nail olub.

Onun sözlərinə görə, Azərbaycan, hətta bəzən öz aralarında müəyyən problemlərin olduğu ölkələrlə ikitərəfli əsasda dostluq münasibətlərini inkişaf etdirmək əzmindədir və bunu praktiki fəaliyyəti ilə sübut edib: "Bəzən xarici media nümayəndələri də bu sualla çıxış edirlər ki, Azərbaycanın xarici siyasətinin uğurlu modelinin sirri və ya düsturu nədən ibarətdir? Burada ilk növbədə Prezident İlham Əliyevin şəxsiyyəti qeyd edilməlidir. Digər ölkələrlə Azərbaycan arasında qurulan əlaqələrdə dövlət başçısının həmin ölkələrin liderləri ilə siyasi dialoq, dostluq münasibətlərinin mühüm rolu var. Bunu biz konkret nümunələrlə də göstərə bilərik. Məsələn, Rusiya-Azərbaycan əlaqələrinə baxaq. Bu əlaqələrin inkişafında iki ölkənin liderlərinin şəxsiyyəti, onlar arasında dialoq çox mühüm əhəmiyyətə malikdir. Eynilə bunu Azərbaycanla İran, yaxud Belarus arasındakı münasibətlərdə də göstərə bilərik. Sadalanan bu prinsiplər Azərbaycanın xarici siyasətində uğur modelini və qarşılıqlı əməkdaşlığı formalaşdıran əsas meyarlardan biridir".

PA rəsmisi əlavə edib ki, Azərbaycan, dövlətimizin başçısının da hər zaman dediyi kimi, açıq və şəffaf xarici siyasət həyata keçirir: "Bu xarici siyasətin kökündə Azərbaycanın milli maraqları dayanır. Bu siyasət, həmçinin proqnozlaşdırıla bilən xarakterə malikdir. Azərbaycanın milli mənafeyi hər bir vətəndaşın maraqlarını özündə ehtiva edən geniş kompleks yanaşmadır. Ölkəmiz tərəfdaşlarının da maraqlarını nəzərə alaraq, qarşılıqlı faydalı əməkdaşlıq modelini müəyyən etməyə qadir olduğunu dəfələrlə sübut edib. Buna görə də Azərbaycanla tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artır".

H.Hacıyevin sözlərinə görə, Azərbaycan səmimi, açıq, qarşılıqlı faydalı əməkdaşlıq modelini ortaya qoyur: "Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq modelini uğurlu şəkildə ortaya qoymaq qabiliyyətini göstərib ki, bu da ölkəmizin və tərəfdaşlarının qarşılıqlı surətdə maraqlarına xidmət edir. Misal üçün qonşu Gürcüstanla olan münasibətləri qeyd edim. Azərbaycan şirkətləri bu gün Gürcüstanda ən aparıcı investorlardır. Azərbaycanlı turistlər Gürcüstana səfər edir, ölkənin iqtisadi inkişafına öz töhfəsini verirlər".

Adminstrasiya rəsmisi bildirib ki, Azərbaycan siyasi arenada daim beynəlxalq hüququn ali prinsiplərini rəhbər tutan iştirakçı kimi çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm