Əbülfəs Qarayev Parisdə səfərdədir
Bizi izləyin

Nida Xəbər

Əbülfəs Qarayev Parisdə səfərdədir

Məlum olduğu kimi cari ilin 30 iyun-10 iyul tarixində Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcəkdir. Sessiyanın sədri qismində nazir Əbülfəs Qarayev tədbirə hazırlıq məsələlərinin müzakirəsi və təşkilatın baş qərargahında keçiriləcək informasiya sessiyasında iştirak etmək məqsədilə Parisdə səfərdədir.

Səfər çərçivəsində nazir ilk olaraq YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Rodrigez Ottone ilə görüş keçirdi. Görüşdə Azərbaycan ilə YUNESKO arasında əlaqələrin cari vəziyyəti, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və sessiyada müzakirəsi gözlənilən məsələlər barədə fikir mübadiləsi aparıldı.

Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin rəhbəri Mextild Rosslerin rəhbərliyi ilə nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə Bakıda təşkil olunacaq 43-cü sessiyanın gündəliyində duran dünya mədəni və təbii irsinə dair namizədlik fayllarının vəziyyəti, sessiyanın sədrinin öhdəlikləri, prosedur qaydaları, tədbirin açılış mərasimi və bu kimi məsələlər müzakirə edildi.

Nazir Əbülfəs Qarayev keçirilən görüşlərdə Azərbaycanın bu tədbirə xüsusi önəm verdiyi və sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığı, müvafiq iclasların keçirildiyi və hazırlıq işləri ilə bağlı prosesin lazımi səviyyədə getdiyi barədə məlumat verdi.

Səfər zamanı, həmçinin Ümumdünya İrs Mərkəzinin müvafiq nümayəndələri ilə ev sahibi ölkə olan Azərbaycan tərəfindən Əməliyyat qrupu arasında görüş keçirildi. Əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə 43-cü sessiyanın təşkilatçılığına cəlb edilmiş şirkətlərlə birgə sessiya və onun çərçivəsində təşkil ediləcək 35-ə yaxın tədbirin, Gənc Peşəkarlar Forumu və Abidə Menecerləri Forumuna hazırlığın vəziyyəti və texniki tələblərin icrası barədə məlumat verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm