İlham Əliyevin bircə əmri kifayətdir ki... - Aynur Camalqızı
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevin bircə əmri kifayətdir ki... - Aynur Camalqızı

Qarabağ münaqişəsinin həlli hər bir azərbaycanlının ən ümdə, ən böyük arzusudur. Biz işğal altında olan torpaqlarımızın azadlığı üçün hər bir fədakarlığa hazırıq.

Publika.az xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın regional təhdidi” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında bildirib.

O qeyd edib ki, hazırda münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu müstəvisində danışıqlar prosesi davam etdirilir:

“Lakin çox təəssüflər olsun ki, həmsədrlərin regiona – istər Azərbaycana, istər Ermənistana, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri artıq turistik səfərlər təəssüratından o yana keçmir. Onların verdikləri dekorativ bəyanatlar kağız üzərində qalır. Ortada nəticə yoxdur. Doğma yurd-yuvalarını, ev-eşiklərinin itirmiş insanlar uzun illərdir ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Çox təəssüflər olsun ki, bu ədalətsizlik hələ də davam edir”.

Aynur Camalqızı bildirib ki, Azərbaycan xalqı, heç şübhəsiz, beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin bu işə, bu prosesə ədalətli yanaşmasını gözləyir:

“Amma yenə də təəssüf hissi ilə qeyd etməliyəm ki, dünyada ədalət prinsipinə münasibət dəyişib. Bütün dünyada artıq beynəlxalq hüququn, insan haqlarının, haqq-ədalətin üzərinə tanklar yeriyir. Bir çox yerlərdə münaqişə ocaqları, müharibələr hökm sürür, dinc insanlar, xalqlar bundan əziyyət çəkir. Bu baxımdan təbii ki, münaqişənin həlli yolları hər birimizi çox maraqlandırır. Bugünki forumun adından da bəllidir; Ermənistan artıq regionda təhdid rolunu oynayır. Mən düşünürəm ki, biz təhdidin qarşısını ancaq adekvat addımla ala bilərik. Azərbaycanın imkanı, gücü var ki, işğal altında olan ərazilərini müharibə yolu ilə azad etsin. Azərbaycanın təkcə hərbi sahəyə, ordu quruculuğuna ayırdığı vəsaitin həcmi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bizim ölkəmizin güclü ordusu, güclü iqtisadiyyatı var. Bütün bu parametrlərə əsasən biz öz torpaqlarımızı azad etmək gücündəyik və ortada bunun çox gözəl nümunələri mövcuddur. Biz 3 il əvvəl – aprel döyüşlərində Lələtəpə yüksəkliyini, 2018-ci ilin mayında Naxçıvanda keçirilən əməliyyat nəticəsində böyük bir ərazini işğaldan azad etdik. Təbii ki, bütün bunlar insanlarda çox böyük ruh yüksəkliyi yaradıb. Mən düşünürəm, bu əhval-ruhiyyə ilə Ali Baş Komandanımızın bircə çağırışı kifayətdir ki, hər kəs səfərbər olunsun və torpaqlarımız işğaldan azad edilsin”.

Aynur Camalqızı təəssüf hissi ilə bildirib ki, Azərbaycan təkcə Ermənsitanla üz-üzə deyil:

“Bizim daha təhlükəli düşmənlərimiz var. 28 May – Respublika Günü münasibətilə mayın 27-də keçirilən rəsmi qəbulda cənab İlham Əliyev çox maraqlı bir çıxış etdi. O söylədi ki, Azərbaycana xaricdən hücumlar var və çox təəssüf ki, bu hücumlara daxildən də dəstək verilir. Təəssüf ki, biz bunu ürək ağrısı ilə olsa, etiraf etməliyik. Elə bu günlərdə UEFA Avropa Liqasının final oyunu ərəfəsində yaranmış ajiotaj zamanı biz daxildəki bəzi qüvvələrin ermənipərəst xarici qüvvələrə necə dəstək verməsinin şahidi olduq. Bu utancvericidir. Hətta şəhidlərimizə, qəhrəmanlarımıza belə hücumlar oldu. Təbii ki, bu da ermənilərə dəstək kampaniyasının bir parçası idi”.

“Teleqraf” Media Qrupunun rəhbəri qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də informasiya müharibəsində öz sözünü dedi:

“Dünənki “Arsenal”-“Çelsi” oyunu ilə Azərbaycan bir daha yüksək təşkilatçılıq və qonaqpərvərlik nümunəsi göstərmiş oldu. Bununla Azərbaycanı hədəf seçmiş bütün qüvvələrə cavab verildi. Atılan daşlar havada qaldı. Azərbaycan demokratik inkişaf yolu seçmiş, plüralist cəmiyyət, tolerant, multikultural ölkə olduğunu bir daha nümayiş etdirmiş oldu. Amma eyni zamanda bizə həm də çox gözəl bir dərs oldu ki, Azərbaycan informasiya müharibəsi müstəvisində də hər zaman hazır olmalı, hər zaman hücum mövqeyində durmalıdır. Çünki istənilən anda biz yenidən bu cür qarayaxma kampaniyası ilə üzləşə bilərik. Bölgə üçün, dünya üçün əhəmiyyətli hansısa beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi ərəfəsində bu cür qarayaxma kampaniyaları yenə də olacaq. Azərbaycan bu informasiya müharibəsində o qədər aktiv və hazırlıqlı olmalıdır ki, bu dəfə olduğu kimi, gələcəkdə də həmin hücumların qarşısını vaxtında və qətiyyətli şəkildə ala bilsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm