Hüseynbala Mirələmov: Nə yaxşı ki, bu xalqın Heydər Əliyev kimi fenomen övladı olub...
Bizi izləyin

Nida Xəbər

Hüseynbala Mirələmov: Nə yaxşı ki, bu xalqın Heydər Əliyev kimi fenomen övladı olub...

15 İyun Milli Qurtuluş Günü ərəfəsində Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, Heydər Əliyev irsinin yorulmaz tədqiqatçısı, “Heydərnamə” epopeyasının müəllifi, tanınmış yazıçı Hüseynbala Mirələmovla söhbətimizdə həm Ulu Öndəri dərin minnətdarlıq hissilə xatırladıq, həm də hazırkı inkişaf və sabitlik müstəvisindən həmin dövrün gərgin və vahiməli ictimai-siyasi mənzərəsinə nəzər saldıq...

- Hüseynbala müəllim, istərdim söhbətimizə Ulu Öndər haqqında tanınmış rus ədibi, mərhum Viktor Andriyanovla birgə həmmüəllifi olduğunuz, vaxtilə 2006-cı ildə Moskvanın “Molodaya qvardiya” nəşriyyatında “Görkəmli adamların həyatı” seriyasında işıq üzü görən, amma bu yaxınlarda sizin tərəfinizdən yenidən işlənmiş və əlavələr edilmiş “Heydər Əliyev” kitabının dördüncü nəşri ilə bağlı fikirlərinizlə körpü ataq... Sözügedən nəşrin hazırlanması hansı zərurətdən yarandı?

- Yenidən işlənmiş və əlavələr edilmiş “Heydər Əliyev” kitabının dördüncü nəşrinin işıq üzü görməsi yeni dövrün tələblərindən irəli gəlib. Bu, 2006-cı ildən etibarən aradan keçən uzun illər ərzində faktlara və olaylara bu dövrün prizmasından yenidən nəzər salmaqla bəzilərini əlavə etmək, yaddaşları çözələyib diqqətdən kənarda qalan xatirələri və çox dəyərli yaşantıları yenidən qələmə alaraq canlandırmaq və oxuculara çatdırmaq istəyindən qaynaqlanıb. Həmin nəşr həm də müstəqil Azərbaycanın inkişafının əsasını qoyan, SSRİ kimi nəhəng dövlətin idarəçiliyində vaxtilə ikinci səlahiyyətli şəxs olan dahi siyasətçi Heydər Əliyevin 95 illik yubileyinə tərəfimizdən bir töhfə kimi ərsəyə gətirilib. Bu kitabda Ulu Öndərin şərəfli və mənalı ömür yoluna həm arxiv materialları, həm də doğmaları, dostları və həmkarlarının qiymətli xatirələrinin işığında nəzər salınıb. Ruhun əbədiliyi baxımından əsl insan qürubundan doğulan Günəş kimidir. Ulu Öndər isə böyük hərflərlə - ƏSL İNSAN idi. Hesab edirəm ki, bu söz birləşməsinə insana aid ən yüksək mənəvi keyfiyyətlər toplanıb. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun titanik fəaliyyətindən hər gün yeni nələrsə öyrənməyi, dəyərli təcrübələr əxz etməyi həyat tərzinə çevirməliyik. Məhz bu baxımdan düşünürəm ki, dahi öndərimiz Heydər Əliyevin irsinə həyatı boyu dönə-dönə qayıtmaq və bəhrələnmək lazımdır. İnanıram ki, kitabın yeni nəşri oxucularımızın Heydər Əliyev şəxsiyyəti haqqında biliklərini daha da zənginləşdirəcək.

- Kitabın “Qayıdış” fəslində respublikamızın taleyində dönüş nöqtəsi olan 1993-cü ilin may-iyun hadisələrinə geniş yer verilib. Ulu Öndərin sözün bütün mənalarında Böyük Qayıdışının xalq və dövlət olaraq bizə nələr verdiyini bir də özünüzdən eşitmək istərdik.

- Heydər Əliyevin böyük siyasətə qayıdışı təkcə müzəffər yürüş olmaqla qalmır. Ulu Öndər qarşısında qalaqlanmış şər, yalan, iftira hasarlarını dağıtmalı, tərəddüd edənləri inandırmalı, tərəfdaşlarını başına yığmalıydı. Ulu Öndərin dahiliyi onda idi ki, bütün bunların öhdəsindən gəlməklə yanaşı, milli dövlətçilik ənənələrini möhkəmlədərək bugünkü qüdrətli Azərbaycanın təməlini qoymağı bacardı. Heydər Əliyev üçün Vətən, xalq, torpaq, xalqın şərəf və ləyaqəti anlayışları ayrılmaz idi.

Bu gün 1993-cü ilin iyun günlərini xatırlamaq belə təlaş və vahimə doğurur. Həmin dövrün dəhşətli siyasi mənzərəsində nələr yox idi: Ermənistanın təcavüzü genişlənirdi, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər , tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi. Əbülfəz Elçibəy prezident olsa da heç bir siyasi nüfuzu qalmamışdı, Gəncədə Surət Hüseynov özünü hakimi-mütləq hesab edirdi. Ölkədə anarxiya, xaos hökm sürürdü. AXC-Müsavat cütlüyünün tərəfdarları özlərini az qala qoçular kimi aparırdılar, küçənin ortasında sorğu-sualsız əhaliyə divan tuturdular, öz despot “ədalət meyarları” çərçivəsində haqq -hesab çürüdürdülər... Aparılan daxilin siyasətin nəticələri ağır idi. Milli münasibətləri qəsdən kəskinləşdirirdilər. Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz –üzə idi. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsinin astanasındaydı. Bu millətin əsgərləri torpağına göz dikən düşməndən daha çox, kürəyinə açıla biləcək “qardaş” gülləsindən ehtiyatlanırdı... Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə Gəncəyə hücum planı hazırlayırdı. 1993-cü ilin iyun günləri belə idi...

- Həmin dövrdə Azərbaycanda mövcud sadaladığınız amillər və siyasi xaos təbii ki, ölkənin beynəlxalq aləm tərəfindən də qəbul olunmamasına gətirib çıxarırdı...

-Tamamilə doğru vurğuladınız. Həmin illərdə dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmiş, starteji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı. Müharibə aparan bir ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı. Amma təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını söndürə bilmirdi. Böyük Azərbaycan ulu Naxçıvandan xəbər gözləyirdi, xalq öz əzəmətli sərkərdəsini soraqlayırdı...

- O əzəmətli sərkərdə də heç bir maneəyə baxmayaraq öz xalqının çağırışına cavabsız qalmadı...

- Bəli, Heydər Əliyevi az-çox tanıyanlar əmin idilər ki, o, yeri gəlsə, canını qurban verər, ancaq Vətənini, torpağını, xalqını fəlakətdə qoymaz! Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan böyük vətəndaş, nəhayət ki, qayıtdı, özünü xalqına yetirdi.

- Həmin Böyük Qayıdış məqamlarını şəxsən izləmək imkanınız olubmu?

- İnanın, onu qarşılayan izdihamı görmədən, bəlkə də bu dahi şəxsiyyətin xalq arasında hansı rəğbətə, sevgiyə sahib olduğunun gerçək mənzərəsinin təsəvvürə gətirmək, ürəklərdən qopub gələn bu məhəbbəti və ehtiramı dərk etmək çətin olardı. İnsanlar sevincindən ağlayırdı, xalqın Xilaskarını vaxtında yetirdiyi üçün minlərlə insanın əlləri Tanrıya duaya açılmışdı. Başqa cür mümkün də deyildi- Millət Atası gəlmişdi! Millət atası vüqarlı və əzəmətli göründüyü qədər də xalqın nicat uman baxışlarındakı sevinc və sevgidən kövrəlmişdi. Tarixi anlar idi... Beləliklə, Böyük Qayıdışdan möhtəşəm Qurtuluşa yol başlandı...

- Zaman da sübut etdi ki, xalq Vətənin dar günündə Ulu Öndəri çağırmaq fikrində yanılmayıb...

- Elədir ki, var. Xalq Heydər Əliyevi çox sevirdi və güvənirdi. Tarixin müəyyən məqamlarında da biz dəfələrlə bunun şahidi olmuşuq. Ümummilli Lider özü də milli azadlığına nail olan xalqının gücünə, yenilməzliyinə, mətanətinə və mərdliyinə həmişə arxalanırdı. Ulu Öndər deyirdi ki, heç kim, heç bir qüvvə xalqın gücünə qarşı dura bilməz, mən xalqa həmişə güvənmişəm, həmişə arxalanmışam.

Ulu Öndəri dəstəkləyən, ürəkdən sevən və Vətənin ağır günündə ətrafında yumruq kimi birləşən böyük xalqı vardı. Məhz buna görə Heydər Əliyev hər zaman yenilməz idi.

Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi. Ulu Öndərin öz xalqı, dövləti üçün etdiklərini təkcə bugünkü deyil, gələcək nəsillər də dönə-dönə qiymətləndirəcək və rəhmət oxuyacaqlar.

Ulu Öndər öz dahi ömrünü bədxərcliklə Vətəninin qurtuluşu və inkişafı yolunda sərf edərək özünün təbiri ilə desək, “bütün varlığı qədər sevdiyi Azərbaycan” üçün yaşayıb. Heydər Əliyevin ömrünün sonlarında verdiyi taleəhəmiyyətli qərarı ilə də Azərbaycanımız üçün son xidmətini, son borcunu yerinə yetirmiş oldu. Ümummili Liderin xalqına ünvanladığı son müraciəti Vətənə örnək xidmətin son nümunəsi idi. Ulu Öndər bilirdi ki, Azərbaycan dövlətinin taleyi onun verdiyi qərardan asılıdır. Ulu Öndər öz müraciətində əminliklə xalqına bildirirdi: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları , işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Heydər Əliyevin həmişə olduğu kimi bu dəfə də haqlı oldugunu Əlahəzrət Zaman növbəti dəfə isbatladı.

Hazırda Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən- günə inkişaf edərək qüdrətlənən, beynəlxalq aləmdə öz sözünü deməyi bacaran və sabitlik adası adlandırılan Azərbaycanın dünyanın mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edən gözəl paytaxtında sizinlə 26 il öncəki hadisələri dəhşətli yuxu kimi xatırlayanda o qara günləri əyani şəkildə yaşamış biri kimi ürəyimin diqtəsi ilə dilimdən şükür və minnətdarlıq kəlmələri qopur: Nə yaxşı ki, bu xalqın Heydər Əliyev kimi fenomen övladı olub... Şükür ki, O, vaxtında qayıdaraq bu dövləti və xalqı xilas edib!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm