Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü qeyd olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü qeyd olundu - FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir. Silsilə tədbirlər çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Tarixin 50 ili, 50 ilin tarixi” devizi altında keçirilən təntənəli mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, general, zabit və kursantlar, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, əvvəlcə hərbi məktəbin qərargahının qarşısında Ulu Öndərin möhtəşəm abidəsi ziyarət edilib, önünə güllər düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Mərasim iştirakçıları unudulmaz Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra dövlət himni oxunub. Sonra “Tarixin 50 ili, 50 ilin tarixi” adlı videoçarx nümayiş olunub.

Təntənəli mərasimdən əvvəl Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani ümummilli liderimiz Heydər Əliyevin Vətənə və xalqa həsr etdiyi mənalı ömür yolu barədə ətraflı məlumat verib. O, Ulu Öndərin siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası məhz 1969-cu il iyulun 14-də qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev xalqımızın həyatında möhtəşəm intibaha nail olub, milli müstəqil dövlətin bərpası üçün zəruri olan bütün işləri görüb. 1969-cu ilə qədər SSRİ-də aqrar respublika kimi tanınan Azərbaycan həmin tarixdən sonra sürətlə inkişaf edərək sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı gələcəyinin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev vurğulayıb ki, Ulu Öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanışının, soykökə qayıdışın başlanğıcı dövrüdür. Dahi rəhbərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Uzaqgörən böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji, siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələrdə gələcək mənəvi və iqtisadi yüksəlişə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq.

Nazir müavini uzaqgörən lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində yaratmış olduğu indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin xalqımızın və dövlətimizin taleyindəki müstəsna əhəmiyyətindən geniş bəhs edərək, bu hərbi təhsil ocağının müasir Azərbaycan Ordusunun yaranmasında və formalaşmasında müstəsna rolundan danışıb.

Mərasim iştirakçıları nazir müavininin Ulu Öndərlə bağlı xatirələrini maraqla dinləyiblər.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Rasim Əliyevin də xalqımızın xilaskar oğlu barədə xatirələri tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.

Respublikanın Xalq artisti Mübariz Tağıyevin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi “Nəğmələrdə, ürəklərdə yaşayır Ulu Öndər” adlı ədəbi, musiqili və xoreoqrafik kompozisiya şəxsi heyətə unudulmaz anlar bəxş edib.

Yekunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm