Fərdi jurnalist yazılarının qalibləri mükafatlandırıldı - FOTO
Bizi izləyin

Nida Xəbər

Fərdi jurnalist yazılarının qalibləri mükafatlandırıldı - FOTO

Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının milli mətbuatın yaranmasının 144-ci ildönümünə həsr olunmuş və fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, bir sıra media qurumlarının rəhbərləri, mətbuat katibləri və digər media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Vüqar Səfərli mətbuat gününün əhəmiyyətindən danışıb:

"Əlbəttə, bu gün bizim üçün böyük bayramdır. Bu gün təkcə mətbuat işçiləri yox, bütün Azərbaycan xalqının bayramıdır. Bildiyiniz kimi, 1875-ci ildə "Əkinçi" qəzeti ilə mətbuatımızın əsası qoyuldu.

Hər il olduğu kimi biz mətbuat günündə belə bayram tədbirləri və jurnalistlər arasında fərdi yazı müsabiqəsi keçiririk. Bu müsabiqəyə ümumilikdə 56 KİV-dən 142 yazı daxil olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqəyə daxil olan yazılardan 111-i qalib hesab olunub. Yazılar konsepsiyalarda nəzərdə tutulan istiqamətlər üzrə aparılıb və hər istiqamət üzrə 6 qalib müəyyənləşdirilib.

Bütün qalibləri, eləcə də müsabiqədə iştirak edən hər kəsi təbrik edirəm".

Əli Həsənov da tədbirdə çıxış edərək bütün media nümayəndələrini media günü münasibətilə təbrik edib:

"144 ildir ki, biz milli mətbuatın yaranması tarixini qeyd edirik. Əminəm ki, yubiley ilində tədbiri daha təmtəraqlı şəkildə keçirəcəyik.

Onu deyə bilərəm ki, 144 illik media tarixinin son 27 ili sizin iştirakınızla yaradılıb. Azərbaycan mediasının inkişafı Azərbaycanımızın inkişafına tam adekvatdır. Bu bir reallıqdır ki, sizin iştirakınızla yaradılan müstəqil Azərbaycan mediası təkcə ölkəmizdə deyil, xaricdə də ölkəmizi təmsil etmək gücünə malikdir. Heydər Əliyevi mətbuat günündə xatırlamaq tam onun haqqıdır".

Əli Həsənov media üzərindən senzuranın götürülməsindən də bəhs edib:

"Azərbaycan media tarixində milli mətbuatın təməlini Həsən bəy Zərdabi qoymuşdusa, ümumilli lider Heydər Əliyev də azad medianın banisi kimi tarixə düşdü".

Əli Həsənov ümumilli lider Heydər Əliyevin yeritdiyi media siyasətinin daha sonra Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. O, 2008-ci ildə Prezident İlham Əliyevin dəstəyi ilə mediaya dövlət dəstəyi konspesiyasinın qəbul olunduğunu və KİVDF-nin yarandığını diqqətə çatdırıb. Ə.Həsənovun sözlərinə görə, bu fond yardımları şəffaf şəkildə mediaya çatdırmaqla məşğuldur.

Ə.Həsənov qeyd edib ki, bu müddət ərzində Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib, teleradio kampaniyalarına serial çəkilişləri üçün dəstək göstərilib, qəzetlərin uzun illər yığılıb qalan borcu dövlət tərəfindən ödənilib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövləti hesab edir ki, mətbuat dövlətin diqqəti və qayğısı altında olmalıdır. Dövlətin bu sahəyə ayırdığı yardımın digər sahələri stimullaşdırdığı kimi medianı da stimullaşdırdığını deyən Ə.Həsənov həm incəsənət xadimlərinə, həm də media nümayəndələrinin mənzillə təmin edildiyini bildirib.

Daha sonra fərdi jurnalist yazılarının mükafatlandırılması mərasimi keçirilib.

Sonda isə jurnalistika sahəsində müstəsna xidmətlərinə görə bir sıra şəxslərə mükafatlar təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm