Həcc ziyarətinə gedən ikinci qrup Səudiyyə Ərəbistanına yola düşdü
Bizi izləyin

Nida Xəbər

Həcc ziyarətinə gedən ikinci qrup Səudiyyə Ərəbistanına yola düşdü

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

“Report” xəbər verir ki, qrupa 180 nəfər daxildir.

Zəvvarları Heydər Əliyev Beynəlxalq Hava Limanından ailə üzvləri, yaxınları yola salıb. Onları səfərdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi müşaiyət edir.

Növbəti qruplar isə avqustun 3-də iki reyslə (11:20 və 12:40) ziyarətə yola düşəcək.

Ötən gecə Bakıdan yola salınan ilk zəvvar qrupu artıq Səudiyyə Ərəbistanına çatıb.

Qeyd edək ki, Həcc ziyarətinə səfər avqustun 5-nə qədər 8 təyyarə reysi ilə həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.

Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmər təqvimi ilə Zilhiccə ayının 9-da Ərəfat dağına çıxılacaq, 10-u qurban kəsiləcək. Zəvvarlar iki gün Minada gecələyib Məkkəyə qayıdacaqlar. Orada digər Həcc əməlləri ediləcək. Məkkədən çıxan zəvvarlar Mədinəyə daşınacaq.

Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm