Vəkili Ramil Səfərovla bağlı SİRLƏRİ AÇDI: ən çox zəhmət çəkmiş insanlardan biri...
Bizi izləyin

Nida Xəbər

Vəkili Ramil Səfərovla bağlı SİRLƏRİ AÇDI: ən çox zəhmət çəkmiş insanlardan biri...

2004-cü ildə Macarıstanda həbs olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun vəkili olan Adil İsmayılov həmin günlərlə bağlı xatirələrini qələmə alıb.

Axar.az tanınmış vəkilin qeydlərini təqdim edir:

“Ondan başlayım ki, Ramil Səfərovun işinə qoşulmağım sırf təsadüf idi. 2004-cü ilin yanvar ayında mənə Budapeştdə vəkillər, prokurorlar və hakimlər üçün təşkil edilmiş beynəlxalq təlimdə iştirak etmək təklifi gəldi, razılıq verdim. Məlum oldu ki, Azərbaycandan 3 nəfər vəkil, 4 prokuror və bir hakim gedəcək. Sonuncularla əvvəldən tanışlığım yox idi. Bundan sonra bəzi personajların adını bilərəkdən, bəzilərininkini unutduğum üçün yazmayacam, qüsura baxmayın. Vəkilləri isə yaxşı tanıyırdım, biri Elton Quliyev, o biri Vaqif Səmədov idi. Hər ikisi indi həyatda yoxdu, ikisinin də şəxsiyyətinə böyük hörmətim var və xoş duyğularla anıram. Allah ikisinə də qəni-qəni rəhmət etsin. İş belə gətirdi ki, son anda Elton müəllimin gedə bilməyəcəyi məlum oldu. Elton fevralın 29-da anadan olmuşdu və ad gününü 4 ildə bir dəfə qeyd edirdi, mənə yarı ciddi-yarı zarafat dedi ki, ad gününü təyyarədə qeyd etmək istəmir. Biz Macarıstana fevralın 29-da uçmalı idik, martın 7-də geri qayıdacaqdıq. Təlimi Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) təşkil etmişdi. Fevralın 10-da biz vizalarımızı aldıq. Fevralın üçüncü ongünlüyündə indi dəqiq tarix yadımda deyil, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Budapeştdə erməni zabiti öldürməsi xəbəri yayıldı. Hadisə fevralın 19-da baş vermişdi. Müxtəlif şayiələr, söz-söhbətlər ildırım sürəti ilə yayılırdı. Fevralın 26-da məni "Speys" telekanalına canlı yayıma dəvət etdilər. İndi etməsinlər, o vaxt buna alışıq idim. Yayım Xocalı soyqırımına həsr olunmuşdu və bu konteksdə Ramil Səfərov olayından da söz düşdü. Mən fevralın 29-da Budapeştə gedəcəyimi və imkan daxilində Səfərovun işi ilə maraqlanacağımı dedim. Səhəri gün Səfərovun atası zəng edib mənimlə görüşdü. Təklif etdim notariusa gedək mənim adıma etibarnamə versin ki, Budapeştdə lazım ola bilər. Onların ailəsi adından çıxış edə bilim. Biz 1 saylı notariat kontoruna gəldik. Oranın müdiri Famil müəllim bizim hansı məqsədlə gəldiyimizi bilən kimi dərhal etibarnamə hazırladı, ingilis dilinə tərcümə etdirdi və xaricdə istifadə edilə bilməsi ütün prosedurları özü həll etdi, xərcini də özü ödədi. Həmin gün tanımadığım bir nəfər zəng edib dedi ki, mənə Budapeştdə kömək edə biləcək şəxslə məni görüşdürmək istəyir. Biz həmin adamla görüşdük. Adam milliyyətcə yəhudi olan Azərbaycan vətəndaşı idi. Məlum oldu ki, Budapeştdə onun milliyyətcə yəhudi olan dostu yaşayır, onunla danışıb və mənə yardımçı olmasını xahiş edib. Dostunun telefonunu verdi və mənim zəngimi gözləyəcəyini dedi.

29 fevralda bazar günü Budapeştdə olduq. Martın 1-də təlim başladı. Təlim Budapeştdə keçmiş Polis Akademiyasının binasında keçirilirdi. Elə orda akademiyanın binasında qalır, yeməkxanasında yeyirdik. Həmin gün Budapeştdə mənə verilən nömrə ilə əlaqə saxladım, mənə kömək edəcək şəxslə üçüncü gün görüşəcəyimizi planlaşdırdıq. Biz üçüncü gün akademiyanın qarşısında görüşdük. Mənim gəlişimin məqsədindən və Ramilin işindən xəbərdar idi, dediyinə görə macar qəzetlərində hadisə geniş işıqlandırımışdı, özü də mənfi çalarlarla. Mən Səfərov üçün vəkil tutmaq istədiyimi dedim. O, tanış vəkili olduğunu bildirdi və onunla danışmağı məsləhət gördü. Vəkilin milliyyətini yəqin ki, yazmağa ehtiyac yoxdu. Biz birlikdə vəkilin ofisinə getdik. Onunla işin detallarını və qonorarın məbləğini danışdıq. Bundan sonra vəkil dedi ki, elə indi polis idarəsinə gedib Ramil Səfərovla görüşə bilərik. Açığı bunu gözləmirdim, Azərbaycanda nəinki müqavilə bağlayan şəxsi, heç vəkilin özünü müvəkkilin yanına bu tezliklə buraxmırlar. Vəkilin soyadı Zalay, adı Peter idi. Zalay dedi ki, biz Ramillə görüşəndə, sonuncu onun prosesdə iştirakına yazılı razılıq verməlidi. Vəkilin ailəsi tərəfindən dəvət edildiyini, həm müstəntiq, həm də Səfərovun bilməsi üçün orda mənim iştirakım da vacibdi. Zalay mənim yanımda Polis İdarəsinə zəng etdi, müstəntiqin kimliyini öyrəndi, onunla telefonda danışdı, gələcəyimizi dedi. Biz birlikdə polis idarəsinə gəldik, müstəntiq Səfərovun hələki polis idarəsində yerləşən müvəqqəti saxlama yerində qalmasını demişdi. Biz vəkillə birlikdə müstəntiqin kabinetinə qalxdıq. Kabinetə girəndə növbəti dəfə təəccübümü gizlədə bilmədim. Divarlarda adət etdiyimiz şəkilləri görmədim, təbiət və qadın şəkilləri vardı, ümumiyyətlə öyrəndiyimiz rəsmiyyətdən əsər-əlamət yox idi. Müstəntiq telefonla zəng edib, Səfərovun gətirilməsi barədə göstəriş verdi.

Müstəntiqin otağında səbirsizliklə Ramil Səfərovun gəlməsini gözlədim, bir neçə dəqiqədən sonra onu gətirdilər. Beləcə tanış olduq. Hiss olunurdu ki, günlərdir yatmayıb və çox yorğundur. Bununla belə qürurunu pozmadı, özünü təmkinli aparırdı, həyəcanını gizlətməyə çalışırdı. Müstəntiq vəkili ona təqdim etdi. Məlum oldu ki, buna qədər onun hüquqlarını dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. Ramilin sözlərindən başa düşdüm ki, hadisədən bir və ya iki gün sonra onun yanına Azərbaycanın Avstriyadakı səfirliyinin iki əməkdaşı gəlib, vəziyyəti ilə maraqlanıblar. O vaxt Macarıstanda Azərbaycan səfirliyi yox idi. Ramilə valideynlərinin salamını çatdırdım, evdə hər şeyin qaydasında olduğunu dedim. Hadisə barədə mənə qısaca bilgi verdikdən sonra izah etdim ki, bundan sonra hüquqlarını mənimlə gələn vəkil Zalay müdafiə edəcək, bütün məsələləri onunla müzakirə etsin, onun iştirakı olmadan heç bir ifadə verməsin. Səfərov onun müdafiəçisi kimi Zalayın iştirak etməsinə yazılı razılıq verdi. Müstəntiq Zalaya işin materiallarını təqdim etdi. Bizsə Ramillə bir qədər ordan-burdan söhbət etdik. Söz verdim ki, yaxın vaxtlarda imkan olan kimi Budapeştə qayıdacam. Ramillə sağollaşdıqdan sonra geriyə Zalayın ofisinə qayıtdıq. Zalayla işin detallarını Ramilin ifadəsini müzakirə etdik. Məlum oldu ki, Macarıstanın qanunvericiliyi cinayət işinin materialları ilə bu mərhələdə də tanış olmaq, hətta surətlərini almaq imkanı verir. Zalay söz verdi ki, ertəsi gün Səfərovun ifadəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin surətlərini alacaq və mənə də verəcək (Bu mənim növbəti təəccübümə səbəb oldu, çünki bizdə belə şey olmur və qanunlar fərqlidir. Maraqlısı o idi ki, müstəntiqin sənədlərin surətini verməsi üçün vəkil rəsmi qaydada sənədin hər səhifəsi üçün pul ödəməli idi). Zalayla qonorarın məbləğini də dəqiqləşdirdik, vəkil demişdi ki, qonorar məsələsini Ramil onun iştirakına razılıq verdikdən sonra danışaq. Razılığa gəldik ki, ona istintaqda iştirakı üçün 5.000 dollar ödəniləcək. Mən pulun bir hissəsini 3000 dollarını sabah sənədləri almağa gələndə verəcəyimi, qalanını isə Bakıya qayıdandan sonra bank vasitəsi ilə göndərəcəyimi dedim. Biz ayrıldıq və yeni tanışımla akademiyaya qayıtdım. Burada təlimə gələn yoldaşlar məni gözləyirdi. Ramillə görüşdüyüm və ona vəkil tuta bildiyim üçün sevincli idim. Sevincimi həmyerlilərimlə bölüşdüm. Vəkillə danışığımı, Ramillə görüşümüzün təfərrüatını onlara çatdırdım. Budapeştə gələndə özümlə hər ehtimala qarşı 3000 dollar pul götürmüşdüm. Yoldaşlarıma dedim ki, vəkilə sabah bu məbləğdə pul verməliyəm. Təklif etdim ki, pulun 2500-nü mən qoyum, 4 prokuror və 1 hakim hərəsi 100 dollar olmaqla qalan 500-nü versinlər. Mən Vaqif Səmədovun imkanlarını bildiyimdən ondan pul almaq istəmirdim, 500 dolları isə özümə ehtiyat üçün saxlayacaqdım. Yoldaşlardan heç biri pul verməyə razı olmadılar, arqument də bu oldu ki, biz nə üçün pul verməliyik, dövlət bu işi özü həll etməlidir. Səmimi deyim ki, onların hərəkəti mənim üçün gözlənilməz idi. Adamlar indi də vəzifə sahibləridir. İllərdir bu barədə danışmamışam, indi də ürək ağrısı ilə yazıram. Pul vermədikləri bir yana mənə məsləhət də verməyə başladılar. Deyirdilər ki, vəkil səni tanımır, sən də onu, sənə Ramil Səfərovla görüşmək lazım idi, Allaha şükür onu da bacardın. İki gündən sonra geri qayıdırıq, vəkil səni hardan tapacaq. Azərbaycana qayıdandan sonra vəziyyəti deyərsən, sonra dövlət bu işlə məşğul olar. Dedim ki, hadisədən sonra Macarıstanda onsuz da barəmizdə pis fikir formalaşıb, indi vəkilə də atsaq, bizə nə deyərlər, deməzlərmi ki, azərbaycanlılar dələduzdurlar. Qərara aldım ki, sabah öz pulumun hamısını vəkilə verəcəm. Bu vaxt rəhmətlik Vaqif Səmədov mənə yaxınlaşdı və dedi ki, narahat olma mənim 300 dollarım var, onun yarısını götür. Səhər vəkilin ofisinə gedib ona vəd etdiyim pulu verdim (sonradan Müdafiə Nazirliyi bu pulu mənə qaytardı), sənədlərin surətlərini götürdüm, bazar günü martın 7-də biz Bakıya qayıtdıq. Budapeştdə olduğumuz vaxt Azərbaycan telekanallarından mənə zənglər oldu, mən Ramillə görüşdüyümüz və ona vəkil tutduğum haqda məlumat verdim. Şənbə günü mənə baş prokurorun birinci müavini zəng etdi və qayıdanda baş prokurorun mənimlə görüşmək istədiyini dedi.

Bakıya gələn kimi prokurorluğa getdim. Baş prokurorla və onun birinci müavini ilə görüşdük. Ramillə görüşüm və vəkil barəsində onlara da məlumat verdim. Başa düşdüm ki, Səfərovun taleyinə əhalinin marağını və narahatlığını nəzərə alan ölkə rəhbərliyi tərəfindən bu iş üzrə istintaqın gedişini diqqət mərkəzində saxlamaq və lazımi dəstək vermək onlara tapşırılıb. Bu söhbətdən sonra Müdafiə Nazirliyinə getdim, orda pulumu qaytardılar və vəkilin qonorarının qalan hissəsini ona çatdırmaq üçün mənə verdilər, bu məsələ həll olundu. Mənim çoxsaylı çatışmayan cəhətlərimdən biri də Azərbaycan və rus dillərindən başqa dil bilməməyimdir. Buna görə Budapeştə xarici dil bilən vəkilin də getməsi məsləhət oldu. Mən həmkarım Elçin Usubun Almaniyada hüquq təhsili aldığını bildiyim və savadlı vəkil kimi tanıdığım üçün onun namizədliyini verdim, onunla danışıb razılığını aldıq. Qeyd edim ki, Səfərov üçün tutduğumuz vəkil Peter Zalay da alman dilində sərbəst danışırdı və Macarıstanda vaxtilə bizdəki kimi rus dili icbari tədris olunduğu üçün əksər yaşlı əhali kimi o da rusca az-maz danışa bilirdi. Elçin onunla alman dilində, mən isə rus dilində danışırdıq. Qalırdı Ramil Səfərovla vəkilin ünsiyyət məsələsini həll etmək, məlum oldu ki, Səfərovun rus dili biliyi Zalaydan, Zalayın ingiliscəsi də Səfərovunkundan zəifdir. Bu problemi də Budapeştdə yaşayan azərbaycanlılar vasitəsi ilə həll etmək qərarına gəldik. Elçin səhv etmirəmsə mart ayında Macarıstana getdi. Mart-aprel aylarında mən əlimdə olan işləri yekunlaşdırdım. O vaxt Azərbaycanda Macarıstan səfirliyi olmadığından viza almaq problemi vardı. Eyni zamanda Macarıstanın Azərbaycan vətəndaşlarının xidməti pasportla vizasız gedə biləcəyi ölkələr sırasına daxil olduğunu nəzərə alaraq aprelin sonlarında Xarici İşlər Nazirliyindən mənə xidməti pasport verildi. May ayında mən Budapeştə getdim. Bu dəfə daha uzun müddət qalmağı planlaşdırırdım və daha sərbəst idim. Yuxarıda qeyd etdiyim tərcümə problemini Budapeştdə yaşayan Sevinc xanımın vasitəsi ilə həll etdik. Soyadı Micuri olan bu xanımı Səfərovun işində göstərdiyi xidmətlərə görə həmişə minnətdarlıqla xatırlayıram. Sevinc xanımın tərcüməçi kimi lisenziyası olmadığından, o prosesdə rəsmi tərcüməçi kimi iştirak edə bilməsə də, bir müddət tərcüməçi dəvət edilənə kimi vəkillə Səfərov arasında tərcüməçilik etdi. Sevinc bir neçə dəfə mənim vəkillə söhbətlərimdə tərcüməçi kimi, eyni zamanda bəzi texniki problemlərin həllində yerli şəraiti bilən adam kimi yardımçı olub. Mən Budapeştə ikinci dəfə gələndə artıq bəzi istintaq sənədləri ilə, o cümlədən Səfərovun ilkin ifadələri və ekspertiza rəyləri ilə tanış idim. Bilirdim ki, Ramil həbs edildikdən sonra iki dəfə ifadə verib və psixatrik ekspertizadan keçib. Dili bilmədiyi üçün ona tərcüməçi verilib. Amma nədənsə bu, Ramilin ana dili olan Azərbaycan dili, ali təhsil aldığı türk dili, Macarıstanda öyrənmək üçün gəldiyi ingilis dili deyil, rus dili tərcüməçisi olub, sonradan həmin qadını Ramil Səfərovun məhkəməsində gördüm. Səfərova Azərbaycan dilini bilən tərcüməçinin verilməməsini hardasa başa düşmək olardı. Macarıstanda Azərbaycan və macar dillərini sərbəst bilən və tərçüməçi lisenziyası olan birini tapmaq yəqin ki, müşkül məsələdi. Amma sonradan Səfərovun məhkəməsində belə birinin olması məlum oldu. Onu da məhkəmədə gördüm, Cənubi Azərbaycan əsilli bu qadının məhkəmə prosesinə necə gəlməsindən az sonra yazacam. Səfərova yuxarıda qeyd etdiyim kimi ana dili qədər sərbəst danışdığı türk dilini bilən deyil, xüsusi öyrəndiyi ingilis dilini bilən deyil, Bakıda hərbi litseydə oxuduğu dövrdə məişət danışığı səviyyəsində təmasda olduğu, yetərincə başa düşmədiyi və danışa bilmədiyi rus dilini bilən tərcüməçinin verilməsi qanunsuz idi. Bunun üstündə ona görə xüsusi dayandım ki, dil problemi Ramilin ifadəsinin və məhkəmə psixatrik ekspertizasında ekspertlərlə söhbətin tərcüməsində onun əleyhinə işləyən amil olmuşdu, sonra məhkəmədə də onun əleyhinə işlədi, bu barədə də bir qədər sonra. Səfərovla ikinci görüşümüz onun saxlanıldığı istintaq təcridxanasında oldu. Mən Budapeştə gələndə prosesdə vəkil kimi iştirak etməyə buraxılmaq üçün məktub götürmüşdüm. Məktubu vəkil Zalay istintaqa təqdim etdi. Məlum oldu ki, Macarıstan qanunvericiliyi də bizdə olduğu kimi əcnəbi vəkilin iştirakına yol vermir. Bu səbəbdən məni vəkil kimi prosesə buraxmasalar da Səfərovun nümayəndəsi kimi iştirak etməyimə icazə verildi. Səfərovla ikinci görüşə mən, Sevinc xanım və vəkillə birlikdə getdik. Onu deyim ki, təcridxananın binası mənim növbəti təəccüb obyektim oldu. Bakının mikrorayonlarında gördüyünüz, ətrafdan heç nə ilə təcrid olunmamış, yaxınlığından tramvay xətti və şosse yolu keçən adi doqquzmərtəbəli binalardan birini təsəvvürünüzə gətirsəniz təəccübümü başa düşəcəksiniz. Səfərovla istintaq otağında görüşdük, hadisə barəsində ətraflı danışmaq imkanımız oldu. Burada bir haşiyə çıxmaq istəyirəm. Hazırkı yazıda hadisənin detalları, Səfərovun hadisə barədə danışdıqlarından heç nə yazmaq istəmirəm. Bunun bir mənəvi tərəfi var, əgər Səfərov özü bu barədə danışmaq istəsə və ya danışmağıma etiraz etmədiyini yazılı şəkildə mənə bildirsə, həvəslə bunları da sizlərlə bölüşərəm. Onunla əlaqəsi olan varsa, bu xahişimi çatdırmasını rica edirəm. Qayıdaq təcridxanadakı görüşümüzə. Görüşdə məlum oldu ki, Səfərov ikiadamlıq kamerada saxlanılır. Yerli qanunlara görə biz ona kamerada istifadə edə bilməsi üçün soyuducu, radio və teletekst funksiyası olmayan televizor gətirə bilərik. Hər dustağın hesabına aylıq 300 dollara kimi pul köçürülməsinə icazə verilir, onun müəyyən edilmiş vaxtlarda, əvvəl həftədə bir dəfə idi, sonra iki dəfə oldu, ailəsi ilə telefonla danışmaq hüququ var, özünün türmə rəhbərliyinə yazdığı siyahıda göstərdiyi şəxslərlə görüş imkanı verilir. Bakıya qayıdana kimi soyuducu, radio və televizor alıb Sevinc xanımın vasitəsi ilə ona çatdırdım, hesabına 300 dollar pul qoydum və beynəlxalq telefon danışıqları üçün kart göndərdim. Səfərovun dediklərindən aydın oldu ki, müsəlman olduğunu yemək verilərkən nəzərə alırlar, donuz ətindən yemək vermirlər. Hesabındakı puldan türmənin daxilində ərzaq və gündəlik tələbat predmetləri almaq üçün istifadə edə bilir.

İkinci görüşümüzdə işin vəziyyəti müzakirə edilərkən məlum oldu ki, Səfərov müstəntiq tərəfindən iki dəfə, 19 fevral və 4 mart tarixlərində dövlət hesabına təyin edilmiş vəkilin və rus dilli tərcüməcinin iştirakı ilə dindirilib. Yenə də rusdilli tərcüməçinin iştirakı ilə psixatrik ekspertiza keçirilərək rəy alınmışdı. Dindirmə protokollarında və ekspertiza rəyində yazılanları Sevinc xanım ona Azərbaycan dilinə tərcümə etdi. Məlum oldu ki, bu sənədlərdə Səfərovun dedikləri açıq-aşkar təhrif edilib. Biz bunu Ramilin rus dilini yaxşı bilməməsi, əslində demək olar ki, bilməməsi ilə izah etməyə çalışdıq. Prosesin sonrakı gedişi bir az fərqli yorumlara əsas verirdi. Onun rus dilini bilməməsi psixiatrik ekspertizanın rəyi ilə obyektiv təsdiq olunurdu. Bu barədə bir qədər sonra ekspertiza barəsindəki yazıda oxuyacaqsınız. Qərara aldıq ki, Səfərova verilmiş rusdilli tərçüməçinin dəyişdirilməsi barədə vəsatət qaldırılsın, ona Azərbaycan, yaxud türk dillərini səlis bilən tərcüməçi təyin edilsin. İstintaq bu vəsatəti təmin etdi. Bundan sonrakı iki dindirmədə tərcüməçi kimi Sevinc xanım iştirak etdi. Vəkil Peter Zalay iki əlavə şahidin dindirilməsi barədə vəsatət verdi, istintaq bu vəsatəti də təmin edərək həmin şəxsləri dindirdi. May ayında mən istintaqın başa çatması ilə əlaqədar üçüncü dəfə Budapeştə getdim. Bu dəfə istintaq təcridxanasına tək getmişdim. Ramillə görüş otağında şüşə arakəsmə arxasından danışdıq. Görüş üçün kimdənsə icazə almağa ehtiyac olmadı. Girişdəki pəncərəyə yaxınlaşıb pasportumu təqdim etdim və Səfərovla görüşə gəldiyimi dedim. Üstümə baxış keçirdikdən sonra məni görüş otağına ötürdülər və Ramin Səfərovu gətirdilər. Otaqda başqa məhbuslar yaxınları ilə oturub danışırdılar. Məlum oldu ki, ağır cinayətdə ittiham olunanlarla görüş kabinədə şüşə arakəsmə arxasında olur, telefonla danışırsınız. İndi bu qayda bizdə də tətbiq edilir. Görüşdə Ramilin məhkəmə çıxışını müzakirə etdik. Qərara gəldik ki, o, çıxışı özü hazırlayacaq, sonra mənə göndərəcək. Məhkəmə öncəsi mən Budapeştə gələcəm, bir də görüşüb son variantı hazırlayaçağıq. Belə də etdik. İş 2004-cü ilin iyun ayında ittiham aktı ilə məhkəməyə getdi və birinci məhkəmə iclası 23 noyabr 2004-cü ilə təyin edildi.

Beləliklə, birinci məhkəmə iclası 23 noyabr 2004-cü ildə baş tutdu. Həmin ilin sentyabr ayında Macarıstanda Azərbaycan Respublikasının səfirliyi açılmışdı. Həsən Həsənov səfir təyin edilmişdi. Ona qədər Həsənovla şəxsi tanışlığımız olmasa da barəsində kifayət qədər bilgim vardı, orda bir daha əmin oldum ki, Həsənov həqiqətən dövlət adamıdır. Ramil Səfərovun işi ilə əlaqədar ən çox zəhmət çəkmiş insanlardan biri Həsən Həsənov oldu. Birinci məhkəmədə səfirliyin əməkdaşları və Budapeştdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak etdi. Hakimlər və dövlət ittihamçısı, habelə prosesin digər iştirakçıları təqdim edildi, onlara etirazın olmadığı aydınlaşdırıldı. Yeri gəlmişkən məhkəmə zalı çox möhtəşəm idi. İttihamçı-prokuror bizdəkindən fərqli olaraq vəkillər kimi mantiya geyinmişdi. Mantiyalar arasında yeganə fərq yaxalığın rəngində idi. İttihamçı, zərərçəkən şəxsin vəkili və Ermənistandan olan nümayəndəsi hakimə baxanda solda, təqsirləndirilən şəxsin vəkili və nümayəndəsi sağda oturmuşduq. Ramil Səfərov məhkəmə heyəti ilə üzbəüz oturmuşdu. Məhkəmə zalında bizdəki kimi qəfəs və akvarium yox idi. Fasilədə nəzarətçilər Ramil Səfərovla görüşə, hətta şəkil çəkdirməyə şərait yaradırdı və bunun üçün heç kimdən pul istəmirdi, eyni ilə bizdəki kimi. Yeri gəlmişkən, məhkəmədə hakimlik edən Andraş Vaskuti mantiya geyinmişdi. Onun sağdış, solduşu olan iki qadın isə mantiyasız adi geyimdə idilər. Məlum oldu ki, Macarıstanda köhnə, sovet sistemində olduğu kimi xalq iclasçıları var. Bunlar andlı iclasçılar da deyil, sadəcə xalq arasından seçilmiş qeyri-professional hakimlərdi, açığı buna çox təəccübləndim, amma bu dəfə macar məhkəməsi bizimki ilə müqayisədə uduzurdu.

Proses iştirakçılarının təqdimatından sonra hakim bildirdi ki, nə qədər Ramil Səfərov prosesin aparıldığı macar dilini bilmir, onun hüquqlarının təmin edilməsi üçün məhkəmə tərcüməçi dəvət etməyə qərar verib. Daha sonra hakim belə bir cümlə işlətdi, “Ramil Səfərovun ittiham edildiyi cinayətə görə ən ağır cəza - ömürlük həbs cəzası nəzərdə tutulur. Ona görə də Macarıstan dövləti tərcüməçilər üçün pul əsirgəməməlidir. Biz 4 tərcüməçi dəvət etmişik”. Tərcüməçilər təqdim edilərkən məlum oldu ki, hakim dörd dil - Azərbaycan, rus, ingilis və türk dilləri üzrə tərcüməçi dəvət edib. Əvvəl barəsində bəhs etdiyim Cənubi Azərbaycan əsilli Azərbaycan dili üzrə tərcüməçi görünür ki, Macarıstanda çoxdan yaşadığından onun azərbaycancasını başa düşmək olmurdu. Rus dilindən tərcümə edəcək qadın istintaqda iştirak etmişdi, təbii ki, Səfərov onun iştirakına etiraz etdi. İngilis dili üzrə tərcüməçi birinci dəfə prosesə cəlb edilmişdi. Səfərov onların arasından tərcüməçi kimi türk dili üzrə tərcüməçi Qabriela Ortuncu seçdi. Hesab edirən ki, həyat yoldaşı türk olan bu macar qadının da Ramil Səfərovun cinayət işində və həyatında xüsusi müsbət rolu oldu, o, Ramilə oğlu kimi münasibət göstərirdi. Burda bir haşiyə də çıxmaq istərdim. Macarıstanda məhkəmədə iştirak edən tərcüməçi gördüyü işin bir saatı üçün o vaxt təxminən 80 avro alırdı, prosesin sonunda hakim zəhmət haqqının verilməsi üçün qərar verirdi və tərcüməçi pulu dərhal ala bilirdi.

Prosedur məsələləri bitdikdən sonra məhkəmə Ramil Səfərovun dindirilməsinə keçdi.

Hakim Vaskuti Andraşın tərəfsizliyini qoruya bilməməsi prosesin sonrakı mərhələlərində də hiss olunurdu. Məsələn, ikinci erməni zabiti Hayk Manukyan məhkəmədə ifadə verərkən, onun istintaqda verdiyi ifadə ilə ziddiyyət yarandı bu ziddiyətin araşdırılması zamanı o özünü dolaşdırdı və ziddiyət daha da dərinləşdi. Bunu görən hakimin yadına düşdü ki, erməni zabitin ifadəsini tərcümə edən tərçüməçinin lisenziyası yoxdur , buna görə dindirmə yarımçıq qaldı və fasilə elan etdi.

Bir məqamda hakimin qərarı ümumiyyətlə əndazəni aşırdı. 8 fevral 2005-ci il tarixli ikinci məhkəmə iclasında hakim bildirdi ki, “90-cı illərin hərbi hadisələrini məhkəmə ümumi qəbul edilmiş faktlar kimi tanıdığından bundan sonra erməni-Azərbaycan münaqişəsinə aid sübutlar irəli sürülməsinə icazə vermir. Məhkəmənin vəzifəsi ittihamın predmeti olan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun hadisəni nə üçün və hansı psixi durumda etməsini müəyyən etməkdir”. Şəxsən mən belə hesab edirəm ki, hadisənin erməni-Azərbaycan münaqişəsi (əslində müharibəsi) kontekstindən kənar araşdırılması obyektiv ola bilməzdi. Maraqlıdır ki, müdafiə tərəfinə bu barədə sübutlar irəli sürməyə icazə verməyən hakim Vaskuti Andraş yekun məhkəmə qərarında-hökmdə həmin hadisələri özünə sərf edən şəkildə interpretasiya etmişdi.

Hakimin tərəfkeşliyi psixiatrik ekspertiza ilə bağlı məqamlarda pik həddinə çatdı. Bu cür qərəzli mövqe hətta Azərbaycan məhkəmələri üçün də xarakterik deyil. Yəqin çoxlarınız bilmir ki, bu iş üzrə 4 dəfə məhkəmə psixiatrik ekspertiza keçirilib. Birinci ekspertiza istintaq dövründə hadisədən dərhal sonra keçirilmişdi.

Ekspert psixiatr Katalin Qaal və psixoloq Kristina Yuxasın verdikləri 33/2004 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdi ki, Ramil Səfərov cinayəti törədən vaxt və hal hazırda anlaqlı vəziyyətdədir, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Heç bir psixi pozuntu və xəstəliyi yoxdur. Rəyin detallarına getmədən bir məqamı vurğulamaq istərdim. Ekspertiza hadisədən az müddət sonra 23 fevral 2004-cü ildə keçirilmişdi, Səfərov fikirlərini, verilən suallara cavablarını ekspertlərə rus dilində çatdırmışdı. Ekspertizaya bu məqsədlə tərcüməçi Juja Timar dəvət edilmişdi. İstintaqın ilkin mərhələsində Səfərovun ifadəsini də həmin tərçüməçi tərcümə etmişdi. Rəyin ən mübahisəli məqamı Ramil Səfərovun intellektual səviyyəsinin aşağı olması, hətta orta məktəb bitirmiş şəxsin səviyyəsinə uyğun olmaması idi. Türkiyədə Ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş şəxsin intellektual səviyyəsinin aşağı olması barədə rəydə göstərilənlər onu birmənalı olaraq şübhə altına almağa əsas verirdi. Bir az irəli gedərək deyim ki, sonrakı üç ekspertiza müayinə olunan şəxsin intellektinin yüksək , yəni aldığı təhsilin səviyyəsinə uyğun olmasını təsdiq etdi. Birinci ekspertiza rəyindəki ziddiyyətli məqamları aradan qaldırmaq üçün Səfərovun vəkili yeni ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Hakim əvvəlcə rəyi vermiş ekspertləri məhkəməyə dəvət etmək barədə qərar verdi.

Mən Bakıya qayıdan kimi Azərbaycan Səhiyyə Nazirliyinin baş məhkəmə-psixiatrı, tibb elmləri doktoru, professor Bilal Əsədovla görüşüb onun yardımına ehtiyac olduğunu dedim. 33/2004-cü il saylı psixiatrik ekspertizanın rus dilində tərcüməsini ona təqdim etdim. Professor Əsədov rəylə tanış olduqdan sonra biz yenidən görüşdük. Bilal Əsədov rəydə olan ziddiyyətləri mənə izah etdi və onları araşdırmaq üçün ekspertlərə məhz hansı suallar verməyin vacib olduğunu məsləhət gördü. Əsədov 16 sualdan ibarət olan bir siyahı təqdim etmişdi. 11-ci sual belə idi : “ Sizin keçirdiyiniz Rorşah testinin nəticəsində Ramil Səfərovun intellektinin orta məktəb məzununun səviyyəsinə uyğun olmadığı müəyyən edilib. Necə olur ki, ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş, dəfələrlə müxtəlif treninqlərdə iştirak etmiş , özü kursantlara təlim keçən şəxs birdən birə testdə belə zəif nəticə göstərir? Mütəmadi olaraq verilən suallara aidiyyəti olmayan cavablar verir, verdiyi cavabları təkrar etməyə meyllidir , vaxtaşırı aşağı danışıq stilinə keçir”. Bu sualın yeganə cavabı tərçümənin yararsız olması və Səfərovun rus dilini bilmədiyi üçün onun dediklərinin təhrif olunması idi. Məhkəmənin yuxarıda qeyd etdiyim 8 fevral 2005-ci tarixli iclasından başlayaraq Ramil Səfərovun hüquqlarını iki vəkil Peter Zalay və Georgi Madyar müdafiə edirdilər. İkinci vəkil səfirliyimizin təşəbbüsü və iştirakı ilə tutulmuşdu. Vəkillər məhkəməyə dəvət edilmiş ekspertlərə suallar verilərkən Bilal Əsədovun hazırladığı suallardan məharətlə istifadə etdilər. Ekspertlər biri-digərini inkar edən cavablar verirdi. Ekspertlərin cavabında bir məqam diqqətimi xüsusi cəlb etdi. Psixiatr suala cavab verərkən dedi ki, əgər təqsirləndirilən şəxs PST-dən (post travmatik stress-bu barədə bir azdan daha ətraflı yazacam) əziyyət çəksəydi o zabit kimi hərbi xidmətə yararsız hesab edilməli idi, amma işdə belə bir tibbi müayinə aktı yoxdur. Psixoloqsa dedi ki, Səfərov rusca o qədər yaxşı danışırdı ki, bəzi sözləri ( yəqin “voda” və”xleb”i deyirdi) o da başa düşürmüş. Ekspertlərin suallara verdiyi natamam və ziddiyyətli cavablardan sonra Məhkəmənin yeni ekspertiza keçirilməsi barədə qərar verməkdən başqa yolu qalmadı. Məhkəmə vəkillərin vəsatəti ilə azərbaycanlı ekspertlərin ekspertizanın keçirilməsində müşahidəçi kimi iştirakına da icazə verdi.

Bu işin əvvəlindən proseslərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, Ramil Səfərovun həyatında ən mühüm müsbət rollardan birini ombudsman Elmira xanım Süleymanova oynadı. Elmira xanım birinci gündən bu işi şəxsi nəzarətində saxlayırdı. Macarıstanda olduğum günlərdən birində məlum oldu ki, Süleymanova da, səhv etmiəmsə, Avropa Şurasına daxil olan dövlətlərin ombudsmanlarınin toplantısında iştirak etmək məqsədilə Budapeştə gəlib. Biz onunla görüşdük. Elmira xanım Macarıstanın ombudsmanın vasitəsi ilə Ramil Səfərovla görüşmək üçün icazə aldı. Biz yerli ombudsman aparatının əməkdaşı ilə birlikdə Ramil Səfərovun saxlanıldığı istintaq təcridxanasına gəldik. Elmira xanıma Ramil Səfərovla görüşməyə şərait yratdılar. Türmə əməkdaşlarının birinin xidməti otağında Ramil Səfərovla Elmira Süleymanovanın görüşü oldu, mən də görüşdə iştirak etdim. Elmira xanım Ramil Səfərova ürək-dirək verdi, ölkə rəhbərliyi səviyyəsində onun işi ilə maraqlanıldığını, özünün də bu işi daim nəzarətdə saxladığını dedi. Görüşdən sonra Süleymanovanın xahişi ilə təcridxananın rəisi bizə dustaqların saxlanıldığı bir kameranı göstərdi. Sizi inandırım ki, bu Azərbaycanın ailə yataqxanalarının bəlkə də ən yaxşısından daha yaxşı otaq idi. Burda bir haşiyə çıxaraq deyim ki, Elmira Süleymanova mənim bildiyim qədər işin axırına kimi sözünü tutdu və Ramil Səfərovu unutmadı. Sizi inandırıram ki, Elmira xanım Azərbaycanda olan işlər üzrə Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi, yəqin ki, burda baş verən qanunsuzluqların ən azı 10 faizinin qarşısını ala bilərdi.

Macarıstanın hərbi prokuroru ilə unudulmaz görüş

Macarıstanın hərbi prokuroru ilə görüşümüzü yəqin ki, heç vaxt unutmayacam. O, həyatımda gördüyüm və bundan sonra görə biləcəyim ən sadə prokuror olub. General-leytenant rütbəsində olan bu adamın simasında bir nəciblik vardı. Mən Ramil Səfərovun işi ilə əlaqədar hərbi prokurorla görüşmək üçün Budapeştdə yaşayan həmyerlimiz Vüqar Seyidovdan (ona da bu işə göstərdiyi münasibətə görə təşəkkür edirəm) zəng edib görüş almasını xahiş etdim. Seyidov zəng edib xahişimi prokurorluğun əməkdaşına çatdırdı, qısa bir zamandan sonra onun telefonuna geri zəng gəldi, dedilər ki, prokuror sabah saat 9-30-da məni qəbul edəcək. Maraqlandılar ki, hansı dili bilirəm. Rus dilini bildiyimi dedikdə sabah görüşə rus dili tərcüməçisi dəvət edəcəklərini bildirdilər. Səhər deyilən vaxt hərbi prokurorluğun qarşısında oldum. Binanın girəcəyində orta yaşlı bir qadın vardı, məlum oldu ki, o, xüsusi olaraq bu görüş üçün dəvət edilmiş rus dili tərcüməçisidir. Sonralar Elena adlı bu qadın Səfərovun məhkəmələrində mənim üçün tərcüməçilik etdi və macar dilində olan sənədləri rus dilinə çevirdi. Təyin olunmuş vaxt podpolkovnik rütbəli şəxs qapıya yaxınlaşıb bizi içəri dəvət etdi və liftlə 3-cü mərtəbəyə qalxdıq. Vüqar Seyidov və tərcüməçi qadın da bizimlə idi. Hərbi Prokurorun köməkçisi olan podpolkovnik rəisinin adından üzrxahlıq etdi. Dedi ki, hazırda onun yanında Konstitusiya məhkəməsinin Sədri var o çıxan kimi prokuror bizi qəbul edəcək. 5-10 dəqiqə sonra qapı açıldı və iki nəfər çıxdılar. Prokuror üzr istəyib qonağı yola saldı və bizi qəbul etdi. Təxminən 10-15 dəqiqəlik çox xoş bir söhbətimiz oldu. Məlum oldu ki, Səfərov başqa dövlətin hərbçisi olduğu üçün onun işinin Macarıstan Hərbi Prokurorluğuna aidiyyəti olmayıb. Söhbət zamanı prokuror bizə çay və qəhvə təklif etdi, söbət bitəndən sonra isə liftə qədər bizi ötürdü. Bu görüş barəsində nə üçün yazdığımı yəqin ki, özünüz başa düşdünüz.

Frenk Elkaponi ilə uğursuz görüş

Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi Bakıdadır, "Hyatt Recensi" mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir. Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini cəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini , nə də onun vəkillərini gördüm.

Növbəti yazı ekspertiza rəyləri barədə olacaq...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm