• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Minsk qrupu Paşinyanın radikal bəyanatlarına adekvat cavab verməlidir - DEPUTAT

Minsk qrupu Paşinyanın radikal bəyanatlarına adekvat cavab verməlidir - DEPUTAT

"Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, bu ölkə özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzlikdən gəlib, işğalçı dövlət olmasını rəsmən etiraf edib və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədilə həyata keçirib. Çünki Ermənistanın baş naziri Xankəndiyə qeyri-qanuni səfəri zamanı Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanıdığını bildirərək, əslində, işğalçılıq siyasətinin baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib. Bütün bunlar azmış kimi Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış ediblər".

Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu müharibəyə təhrikdir və belə məsuliyyətsiz və təxribatçı bəyanatları verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə onu mütləq alacaqlar. Hələlik isə bütün dünya ictimaiyyəti, xüsusilə və ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir. Dünyada işğalçı ölkəni işğalçılıq siyasətindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirləri var. Bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrlə həyata keçirilir. Təəssüf ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda, ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllinə məcbur etmir. Ona görə də hazırkı vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır.

Milli Məclisin deputatı vurğulayıb ki, belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandatı ilə sülhə nail olmaq missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu real addımlar ataraq işğal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüyünü bərpa etməlidir. Regionda və ən əsası isə Ermənistanda hamı bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR