16 yaşlı "Bakı Xəbər"in baş redaktoru: "Çalışacağıq ki..."
Bizi izləyin

Nida Xəbər

16 yaşlı "Bakı Xəbər"in baş redaktoru: "Çalışacağıq ki..."

“Bakı xəbər qəzetinin kollektivi olaraq həqiqətən böyük və məzmunlu yol keçirik. Qəzeti ölkəmizdə çap mediasının bol olduğu vaxtda yaratmağımıza baxmayaraq, kollektivin fədakarlığı, öz peşəsinə bağlılığı və dövlətçilik mövqeyinə təəssübkeşlik bizim yarandığı gündən etibarən daha yüksələn xətt üzrə getməyimizi təmin etdi”.

Bu sözləri “Bakı Xəbər” qəzetinin 16 yaşı tamam olması münasibəti ilə Publika.az-a danışan baş redaktor Aydın Quliyev deyib. O bildirib ki, "Bakı xəbər" qəzeti ölkənin populyar media orqanlarından biri olmaqla bərabər, özünəməxsus yaradıcılıq üslubu olan bir məktəb kimi formalaşıb:

"Kollektivimizin yetirmələri ən müxtəlif media orqanlarında həm jurnalist, həm də baş redaktor olaraq çalışır. Bu da o deməkdir ki, “Bakı Xəbər” qəzeti istedadlı jurnalistlər yetişdirməklə bərabər, həm də baş redaktorlar yetişdirən təlim-tədris mətbəəsidir.

Bizim üçün hər zaman peşəkarlıq, dövlətçilik və vətənpərvərlik ideyaları üstün olub. Hesab edirəm ki, əməkdaşlarımız nə qədər ki, bu üç prinsipi əldə rəhbər tutarsa, onların hansı media orqanında çalışmasından asılı olmayaraq, baş redaktor və ya jurnalist kimi həmişə yüksələcəklər. Jurnalist öz dövlətinə və ya peşəsinə nə qədər bağlı olursa, nə qədər vətənpərvərlik nümayiş etdirirsə, onun üçün peşə yaradıcılığı bir o qədər uğur gətirir. Bu qəzeti tək mən yox, onun fəaliyyətinin müəyyən mərhələsində addımlamış bütün jurnalistlər ordusu ilə birlikdə yaratmışıq. Mənim də, onların da bu gün sevinməyə haqqı var, çünki belə bir orqanın yaranması üçün onlar zehni əmək və böyük enerji xərcləyiblər. Əldə etdiyimiz nəticə qürurvericidir, yəqin ki, böyük yolun davamı da olacaq. Bu mərhələdə "Bakı Xəbər" indiki imkanlarını yeni media texnologiyaları və çağırışları ilə uyğunlaşdırmağa çalışacağıq. Çalışacağıq ki, qabacıl media orqanı olaraq yeni mərhələdə də öncül sıralarda dayana bilək”.

Aydın Quliyev qəzetin fəaliyyətinin 16 ili ərzində qarşılaşdığı çətinliklərdən söz açıb:

“Qarşılaşdığımız çətinliklər əsasən peşə xüsusiyyətləri və media sistemində ilə bağlı olub. Kollektivimizin hər bir üzvünün fədakarlığı və peşə qabiliyyətləri sayəsində bu çətinlikləri aşa bilmişik. Sözsüz ki, müəyyən mərhələlərdə maliyyə problemləri olub, amma kollektivin daxili imkanları və oxucuların dəstəyi, həmçinin son 10 ildə dövlətin göstərdiyi dəstək qəzetimizin qarşılaşdığı maliyyə çətinliklərinin həllində böyük rol oynayıb. Bu üç əsas amilin sayəsində qəzetimiz maliyyə problemlərini həll edə bilib. Düşünürəm ki, maliyyə imkanlarını bir qədər də yaxşılaşdıra bilsək, indiki texnoloji mərhələdə öz mövqeyimizi saxlaya bilərik”.

Yekunda baş redaktor Azərbaycanda qəzetlərin bugünkü durumunu qiymətləndirib:

“Azərbaycanda bu gün qəzetlərin durumu üçün xarakterik əlamət dinamik inkişafda, dəyişmədə və yüksəlişdə olmasıdır. Təbii ki, hər qəzetin vəziyyətini eyni qiymətləndirə bilmərik. Medianın yeni sürətli inkişaf etdiyi dövrdə ümumi şəkildə ənənəvi klassik media müəyyən çətinliklərlə qarşılaşır. Rəqabətdə yeni media orqanlarından bir qədər geridə qalmaq və informasiyanın operativliyində gecikmək kimi çətinliklər var. Hər halda çap medianın özünün də bir çox üstünlükləri var. Bunlara çap, xüsusilə jurnalistika qayda-qanunlarının, ədəbi danışıq dilinin qrammatik qaydalarının qorunub saxlanmasında, dövlətimizin və xalqımızın salnaməsini yazan çap mediasına olan ehtiyac, eyni zamanda yeni jurnalist kadrlarının yetişdirilməsində qəzetlər çox əvəzsiz rol oynayan media orqanıdır. Çalışırıq ki, bu üstünlüklərdən geniş şəraitdə istifadə edək.

Ayrı-ayrı qəzetlər müxtəlif inkişaf mərhələ səviyyəsində olsa da, hamısında dinamika və irəliləyiş var. Bu da ilk növbədə dövlət dəstəyi xətti ilə Azərbaycan çap mediasına göstərilən yardımın birbaşa nəticələri sayılmalıdır. Çap mediası əsasən dövlətin dəstəyi üzərində qurulur. Bu, qəzetlərə həm ciddi maliyyə çətinliklərini keçməyə imkan verir, həm də dövlətçilik, vətənpərvərlik ideya və prinsiplərinin yüksək şəkildə aparılmasına imkanlar yaradılır. Dövlətin himayəsi altında artıq qəzetlərin üçün kamil bir mexanizm fəaliyyət göstərməsi onların sabahı üçün də təminat deməkdir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm