Milli Məclisin sədri Almaniyaya səfər etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin sədri Almaniyaya səfər etdi - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Almaniyanın paytaxtı Berlinə səfər edib.

Publika.az xəbər verir ki, Oqtay Əsədov sentyabrın 9-da Almaniya Bundesratının birinci vitse-prezidenti, Berlin şəhərinin meri Mixael Müller, Almaniya Bundestaqının prezidenti Volfqanq Şoyble, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Yohannes Kars və qrupun digər üzvləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də parlamentlərarası əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə münasibətlərin dinamik inkişaf etməsi, Azərbaycan və Almaniya arasında baş tutan yüksək səviyyəli səfərlər, hər iki ölkənin parlamentində fəaliyyət göstərən aidiyyəti dostluq qruplarının ikitərəfli münasibətlərə verdiyi töhfələr, Milli Məclis və Bundestaq deputatları arasında beynəlxalq təşkilatlar səviyyəsində mövcud olan konstruktiv əməkdaşlıq xüsusilə vurğulanıb.

Milli Məclisin sədri Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinə töhfələri, regionda həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, ölkəmizin çətin geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütməsi, eləcə də Ermənistanın hərbi təcavüzünün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə məlumat verib. Oqtay Əsədov Almaniya Bundestaqının Azərbaycanın ərazi bütövlüyünə dəstək verən qətnamə qəbul etməsini məmnunluqla xatırlayaraq, Almaniyanı Minsk qrupunun üzvü kimi münaqişənin həllinə fəal töhfə verməyə çağırıb. O, Bundestaqın prezidenti Volfqanq Şoyble və Bundesratın birinci vitse-prezidenti Mixael Mülleri Azərbaycana səfərə dəvət edib.

Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın mühüm iqtisadi tərəfdaşı adlandırıblar və ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə ediblər. Azərbaycanın regionda sabitləşdirici faktor olması, Avropa ölkələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasına yönələn xarici siyasət yürütməsi, xüsusilə Almaniya ilə münasibətlərin dərinləşməsinə mühüm önəm verməsi, Almaniyanın müxtəlif bölgələri ilə əlaqələrin qurulmasına və cəmiyyətin müxtəlif sahələrində birbaşa təmasların və tərəfdaşlıqların meydana gəlməsinə maraq göstərməsi, ölkəmizdə alman irsinin dövlət səviyyəsində qorunması və alman dilinin tədrisinin geniş vüsət alması Almaniya tərəfdən məmnunluqla qarşılanıb. Alman parlamentariləri eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

Bundesratda keçirilmiş görüşdə, həmçinin Bakı və Berlin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə edilib, paytaxt şəhərləri arasında turizm, təhsil, vətəndaş cəmiyyəti əlaqələrinin möhkəmləndirilməsinə hər iki tərəfin marağı ifadə olunub. Mixael Müller Berlin şəhərinin meri bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib.

Milli Məclisin sədri səfər çərçivəsində Bundestaqın plenar iclaslarının keçirildiyi tarixi Reyxstaq binası ilə də tanış olub. O, eləcə də Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayevi qəbul edib.

Oqtay Əsədovu Milli Məclisin deputatları – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, eləcə də Milli Məclis Aparatının vəzifəli şəxslərindən ibarət böyük nümayəndə heyəti müşayiət edib. Görüşlərdə, həmçinin Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm