YAP siyasi partiyaları bir araya topladı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

YAP siyasi partiyaları bir araya topladı - VİDEO - (YENİLƏNDİ)

Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda dəyirmi masa keçirilir

Axar.az xəbər verir ki, "Park İnn" otelində təşkil edilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, STM sədri Zahid Oruc, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "Teleqraf" Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı və digər şəxslər, eləcə də media nümayəndələri iştirak edir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov çıxışında bildirib ki, ölkə daxilindəki siyasi proseslərə qarşı müdaxilələrin qarşısının alınması üçün ayrı-ayrı siyasi qüvvələrin, ictimai təşkilatların birgə mübarizə aparmaq qərarına gəlməsi ideyasını dəstəkləmək lazımdır. Ümumiyyətlə, ayrı-ayrı ölkələrin təcrübəsində bu və ya digər ölkələrə mütləq şəkildə təsir göstərmək, onların daxili işlərinə qarışmaq praktikası həmişə tətbiq olunub.

“1993-cü ilin fevral ayında Yeni Azərbaycan Partiyasının fəalları ilə görüşərkən tədbir iştirakçılarının bəziləri Prezident Əbülfəz Elçibəy, onun şəxsiyyəti ilə əlaqədar bir sıra fikirlər səsləndirdi. Heydər Əliyev bu çıxışları kəsərək “Əbülfəz Elçibəy Azərbaycanın prezidentidir, onun şəxsiyyəti ilə bağlı hər hansı uyğunsuz fikirlərin səsləndirilməsi yolverilməzdir. Biz onun apardığı siyasəti tənqid edirik, lakin o, Azərbaycanın, hər birimizin prezidentidir və ona qarşı bu cür ifadələrin səsləndirilməsi yolverilməzdir”, - Əhmədov bildirib.

Ə.Əhmədov daha bir nümunəni xatırladıb:

“Reyqan ABŞ-ın prezidenti olarkən ona qarşı ən kəskin mövqedə dayanan demokrat konqresmenlərdən biri Moskvaya gəlir. Bundan istifadə etməyə çalışan Valentin Zorge adlı şəxs ona Reyqan əleyhinə sual verir. Lakin konqresmen bu suala çox sərt şəkildə reaksiya verir: “Reyqan ABŞ-ın, mənim prezidentimdir. Biz ona qarşı ölkəmizin daxilində fəaliyyət göstəririk, Moskvada isə o, mənim prezidentimdir. Ona qarşı hər hansı bir fikir səsləndirməyimi istəyirsinizsə, bunu eşitməyəcəksiniz”.

Bu sözləri ona görə deyirəm ki, istənilən siyasi partiya, siyasi qüvvə ölkənin daxili maraqlarını rəhbər tutaraq, buna uyğun fəaliyyət göstərməlidir:

Ölkədə siyasi partiyaların yaradılması hüququ bu ölkənin vətəndaşlarına məxsusdur. Yəni bu siyasi təşkilat ölkənin daxilində fəaliyyət göstərməlidir və yalnız ölkə vətəndaşlarının, fiziki və hüquqi şəxslərin ayırdığı vəsait hesabına maliyyələşə bilər. Bu ona görə belə müəyyən edilib ki, ölkədə cərəyan edən siyasi proseslər yalnız ölkə vətəndaşlarının iştirakı ilə, ölkənin maraqlarının qorunması ilə , ölkə maraqlarına hər hansı bir xarici təhlükənin daxil olmasına imkan verilməməsi şərti ilə reallaşdırıla bilər. Bütün dünyada bu normalar mövcuddur və bu normalara riayət edilir.

Təəssüflər olsun ki, Azərbaycanda son müddət ərzində xaricdə fəaliyyət göstərərək mühacir qismində sığınacaq almış bir qrup insan qismində Azərbaycanın siyasi proseslərində yaxından iştirak etmək cəhdində olan və bu sahədə geniş fəaliyyət göstərmək istəyən şəxslər peyda olub”.

Əhmədovun sözlərinə görə, bu cür insanların təbliğat maşını qurmaq, təbliğat aparmaq üçün kifayət qədər vəsaitə sahib olması imkansızdır. Elə bu məqamın özü də istər-istəməz onları xarici qüvvələrin maraq dairəsinə daxil edir və onların fəaliyyətləri də ən azı xarici qüvvələrin müdaxilə cəhdləri qədər təhlükəli və yolverilməzdir.

Ölkədəki siyasi proseslərə xarici müdaxilədən danışan Ə.Əhmədov bir hadisəni yada salıb:

"İllər əvvəl Azərbaycanda fəaliyyət göstərən Demokratiya İnstitutunun bir şöbəsi layihə həyata keçirməyə başlamışdı. Guya ki, ölkədəki siyasi qüvvələrin, partiyaların gəncləri üçün demokratiya təlimləri keçirdi. O zaman bu təlimə YAP-dan başladılar.

Bu şöbə həmçinin, müxalifət üçün də təlimlər keçməyi nəzərdə tutmuşdu. Mən YAP-ın gənclərinə dedim ki, siz gedin, müxalifət üçün keçirilən təlimlərdə də iştirak edin. Amma təkid edin, çünki sizi oraya buraxmayacaqlar. Həqiqətən də buraxmadılar. YAP-ın gəncləri dedi ki, niyə buraxmırsınız, axı siz demokratiya dərsi keçməyə çalışırsınız!

Həmin gün müxalifətin təlim keçmək istəyi baş tutmadı. Səhəri gün qurumun əcnəbi rəhbəri gəlib dedi ki, niyə bizim müxalifətin təliminə icazə vermədiniz? Dedim, başa düşmədim, müxalifət məgər sizindir? Azərbaycanın müxalifətidir. Onlar çaşdılar. Mən onlara dedim ki, YAP-ın gəncləri demokratiyanı daha dərindən mənimsəmək istədilər, amma müxalifətin təliminə bizim gəncləri buraxmadılar.

Bundan sonra qərara gəldim ki, hansısa xarici qurum, təlimçilər ölkədə təlim keçmək istəyirlərsə, siyasi mənsubiyyətə diqqət edib, ayrı-seçkilik etməsinlər”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, son illər Azərbaycana xarici təhdidlər artıb:

“Azərbaycanın nüfuzu qalxdıqca antiazərbaycan qüvvələri fəallaşıb. Ermənilər düşünürlər ki, necə edib Azərbaycan zəiflədək? Onlar Azərbaycandan Qərbə gedən iradəsi zəiflərin bir çoxunu ələ alaraq onlardan Azərbaycana qarşı istifadə edirlər, azərbaycanlıların əli ilə ölkəni daxildən sarsıtmaq istəyirlər”.

O qeyd edib ki, “söyüş müxalifəti”nin arxasında erməni diasporu, erməni xüsusi xidmət orqanları və Ermənistanın yanında olan dövlətin maraqlı qüvvələri dayanır.

Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseyn partiyaları, ayrı-ayrı qüvvələri Azərbaycan uğrunda birləşməyə çağırıb:

“Azərbaycanda iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq, bütün milli qüvvələrin bir araya gəlməsini, ölkəni irəliyə aparmasını mümkün sayıram və buna dəstək verməyə hazır olduğumu bildirmək istəyirəm”.

O qeyd edib ki, iqtidarın müxaliflərə qarşı aqressiyası aradan qalxmalıdır. P.Hüseyn həmçinin islahatların dərinləşəcəyi təqdirdə islahatı həyata keçirən hökuməti dəstəkləyəcəyini də bildirib.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bəzi azərbaycanlıların milli davamızda belə ölkəmizin yanında olmadığını deyib:

“Mən Avropada bir çox tədbirlərdə iştirak etmişəm. Bir dəfə Brüsseldə tədbirdə idik – Qarabağ konfransında. Orada Serj Sərkisyanın əleyhdarları var idi. Onlar iki məsələdə - Qarabağ və “qondarma soyqırım” məsələsində Sərkisyanın ətrafında birləşdilər, Azərbaycanın əleyhinə çıxışlar etdilər. Amma orda bir azərbaycanlı qadın var idi ki, Qarabağın müzakirəsində çıxıb Azərbaycan iqtidarının əleyhinə danışdı. Bir cümlə belə Qarabağdan danışmadı. Hansı ki, orada Qarabağ müzakirə olunurdu”.

Millət vəkili Fazil Mustafa Azərbaycanın ən zəif nöqtəsinin dini müxalifət olduğunu açıqlayıb:

“Ölkənin əsas problemi təhlükəsizlik problemidir. Bu gün biz çalışmalıyıq ki, Azərbaycan gözlənilmədən, qəflətən Suriyanın, Liviyanın vəziyyətinə düşməsin. Azərbaycanın ən zəif nöqtəsi dini müxalifətdir. Ona görə də siyasi qüvvələr bu xaosun yaranmasına rəvac verməməlidir”.

O əlavə edib ki, bəyanat layihəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair abzasla bağlı fikir ayrılığı ola bilməz: "Hesab edirəm ki, bu məsələdə iqtidar və müxalifətin fərqli mövqeyi yoxdur.

Bəyanatın seçkilərlə bağlı hissəsinə gəldikdə, hesab edirəm ki, bura müəyyən əlavələr edilməlidir".

F.Mustafa qeyd edib ki, iqtidar-müxalifət arasında dialoq sistemli şəkildə həyata keçirilməlidir: "Fikrimcə, YAP rəhbərliyi bu təşəbbüsü dəstəkləməli və vaxtaşırı problemlər müzakirə olunmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm