Azərbaycanın dünyada artan nüfuzunun daha bir təsdiqi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın dünyada artan nüfuzunun daha bir təsdiqi

“Fransa Respublikasının Lion İnzibati Məhkəməsinin bu ölkənin Desin-Şarpyö şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarı alqışa layiqdir. Bu, Azərbaycanın dünyada artan nüfuzunun daha bir təsdiqidir”. Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

"Bu günə qədər Fransa məhkəmələrinin bu ölkənin şəhərləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 9 belə sazişi ləğv etdiyini vurğulayan Ç.Qənizadə dedi: – Bu sazişlər Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, "Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd idi".
Deputat qeyd edib ki, Ermənistan müxtəlif ölkələrin ermənipərəst deputatlarını Azərbaycanın işğal altında olan ərazilərinə aparmaqla, guya, bu ərazilərin işğalçı ölkəyə məxsus olduğu barədə rəy formalaşdırmaq istəyirdi: “Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin işğalçı siyasətinin tərkib hissəsidir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bütün cəhdlərin, imzalanmış sazişlərin heç bir hüquqi əsası yoxdur. Buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar belə sazişlərin imzalanmasını qəbul etmir, o cümlədən separatçı rejimin keçirdiyi seçkiləri tanımır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər pislənilir. Fransa məhkəməsinin qərarı bunu növbəti dəfə təsdiq etdi. Bu, həm də Fransanın timsalında ermənilərə endirilən növbəti zərbədir.
Ç.Qənizadənin fikrincə, məhkəmə hesab edib ki, qeyd olunan şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan “dostluq xartiyaları” tərəflər arasında sadəcə əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından həmin “sazişlər” imzalana bilməz.
Deputat qeyd etdi ki, bu sazişlərin ləğv edilməsi barədə qərar qəbul ediləndə Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq barədə götürdüyü öhdəlik də nəzərə alınıb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Fransanın ayrı-ayrı şəhərlərinin merlərinin imzaladıqları “sazişlər” bu ölkənin beynəlxalq öhdəliklərinə də hörmətsizlikdir.
Ç.Qənizadə bu sazişlərin ləğvini ­Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın dünya birliyində getdikcə yüksələn reytinqi və mövqeyinin möhkəmləndirilməsi ilə əlaqələndirdi. Bildirdi ki, son 16 ildə həyata keçirilən düşünülmüş siyasi kurs ölkəmizin nüfuzunu daha da artırıb: “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Fransaya səfəri zamanı keçirdiyi rəsmi görüşlər, ölkəmiz haqqında həqiqətlərin olduğu kimi çatdırılmasındakı səyləri, o cümlədən Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi, tez-tez atəşkəs rejimini pozması, cəbhəboyu ərazilərdə təxribatlar törətməsi barədə təkzibolunmaz faktlar da bu sazişlərin ləğvində böyük rol oynayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm