Nazir Türkiyənin tanınmış rəssamı ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Nazir Türkiyənin tanınmış rəssamı ilə görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssam və heykəltəraşı Əhməd Günəştəkin ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Ə.Qarayev Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində açılan "Yaddaşın əlifbası" adlı fərdi sərgisi münasibətilə rəssamı təbrik edib, sərgi haqqında fikirlərini bölüşüb.

Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər xoş əks-səda doğurub. Ölkəmizdə belə sərgilərin keçirilməsini yüksək qiymətləndirən nazir rəssamın gələcəkdə də bu kimi layihələrdə iştirakına dəstək göstəriləcəyini bildirib.

Əhməd Günəştəkin qəbula görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib, Azərbaycanda olmağından böyük məmnunluq duyduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin tanınmış simalarından olan Əhməd Günəştəkin 1966-cı ildə Batmanda anadan olub. 1997-ci ildə ilk emalatxana-studiyasını İstanbulda açıb. 2003-cü ildə ilk dəfə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində fərdi sərgisi təşkil edilib. 2010-cu ildə İstanbulda "Günəştəkin" Sənət Mərkəzi yaradılıb.

Sənətkarın Ankara, İzmir, Venesiya, Nyu York və s. şəhərlərdə sərgiləri təşkil olunub, maraqlı instalyasiyaları təqdim edilib.

Xatırladaq ki, Əhməd Günəştəkinin Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm