Bakıda Türkdilli dövlətlərin zirvə görüşü keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Bakıda Türkdilli dövlətlərin zirvə görüşü keçiriləcək

Bu gün Bakıda “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi” mövzusunda konfrans işə başlayıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar iştirak edir.

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 15 oktyabrda Türkdilli dövlətlərin zirvə görüşü keçiriləcək:

“Bu gün türkdilli dövlətlərin düşüncə mərkəzlərinin konfransını keçiririk. Konfransın məqsədi 10 ildə keçirilən yol və problemlərin müzakirə olunmasıdır. Türkdilli dövlətlərin institutlaşması prosesindəki problem və perspektivlər də müzakirə olunacaq. Qeyd edim ki, bu bizim mərkəzin ilk beynəlxalq konfransıdır.

Bu ay zirvə görüşündən başqa, həm də Qoşulmama Hərəkatının zirvə görüşü keçiriləcək. Bu iki böyük beynəlxalq tədbir bizim diplomatiyamızın uğurudur”.

Şəfiyev həmçinin qeyd edib ki, Türk Şurasının əsas məqsədi inteqrasiyadır.

Daha sonra tədbir Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlovun çıxışı ilə davam edib:

“Bu gün hamımız üçün əlamətdar gündür. 10 il öncə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə prezidentləri iradə nümayiş etdirərək, qardaşlıq müqaviləsi imzaladılar. Bu gün həm də ona görə sevinirik ki, 10 il sonra Özbəkistan təşkilata qoşulmaq istəyir. Oktyabrın 15-də Bakıda keçiriləcək zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi iştirak edəcək”.

Qismət Gözəlovdan sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov qonaqları salamlayıb:

“Naxçıvan müqaviləsi regionda sülhün bərqərar olmasına, qarşılıqlı etimadın güclənməsinə səbəb olub. Bu, həmçinin ticarət və investisiyalar üçün uğurlu platforma rolunu oynamaqdadır. Türk Şurası türkdilli dövlətlərin mədəniyyət, tarixi irs, ortaq ənənənələrinin qorunmasında xüsusi rol oynayır”.

Bundan sonra Türk Şurasına üzv dövlətlərin beyin mərkəzləri arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi baş tutub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyə Xarici İşlər Nazirliyi, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu və Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.

Tədbir “Türk Şurasının institutlaşmasının qarşısındakı problemlər və perspektivlər” və “Üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri” mövzularında panel iclaslarla davam edib.

Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Bildirib ki, Fond qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini əhatə edən müxtəlif layihələrə imza atıb.

Konfrans müzakirələrlə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm