Bakıda Şərq Tərəfdaşlığının gələcəyinə dair strukturlu məsləhətləşmələr aparıldı - - FOTO
Bizi izləyin

Nida Xəbər

Bakıda Şərq Tərəfdaşlığının gələcəyinə dair strukturlu məsləhətləşmələr aparıldı - - FOTO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Avropa İttifaqının Azərbaycan Nümayəndəliyin birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr keçirilib. Tədbirdə çıxış edən Avropa İtifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan arasında indiyə kimi energetika sahəsində strateji tərəfdaşlıq əlaqələri mövcud olub. Onun sözlərinə görə, hazırda əlaqələr sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf edir: "Aİ ilə Azərbaycan arasında indiyə kimi 21 layihə həyata keçirilib. Bu layihələr 34 institutla əməkdaşlıq şəklində icra olunub. Azərbaycan Aİ üçün güclü tərəfdaşdır".

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib ki, tədbirin məqsədi Şərq Tərəfdaşlığı çərçivəsində aparılan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini, yaranmış problemləri, layihələri və onların Azərbaycan üçün faydalarını müzakirə etməkdir. Onun sözlərinə görə, tədbirdə Aİ ilə Azərbaycan arasında əlaqələrin hazırki vəziyyəti də müzakirə olunacaq: "Aİ Azərbaycan üçün önəmli istiqamətdir".

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqos çıxışı zamanı deyib ki, 2004-2005-ci illərdə Avropa İttifaqının son genişlənməsindən sonra qurum Şərq qonşuluğundakı ölkələrin inkişafı və təhlükəsizliyi üçün yeni investisiyalar ayırıb. Onun sözlərinı görə, Aİ ilə Azərbaycan tərəfdaşlıq prioritetlərini razılaşdırıblar və hazırda daha geniş və böyük tələbləri gündəmə gətirən tərəfdaşlıq sazişi üzərində iş gedir. "Bu saziş əlaqlərimizi yeni müstəviyə çıxaracaq"- deyə Aİ rəsmisi bildirib.

Vasilis Maraqos əlavə edib ki, Avropa İttifaqı 6 Şərq Tərəfdaşı ölkəsi ilə bənzərsiz və özünəməxsus əməkdaşlıq əlaqələri qurub. Onun sözlərinı görə, Aİ-nin indiyə kimi Azərbaycanda həyata keçirdiyi layihələr nəticəsində 3 min iş yeri yaradılıb. "Aİ Azərbaycanın ən böyük investisiya və ticarət tərəfdaşıdır"-deyə V.Maraqos vurğulayıb.

Daha sonra tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan dövlət rəsmiləri, parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, düşüncə mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm