BŞBPİ-dən Milli Şuraya XƏBƏRDARLIQ: Buna imkan verilməyəcək
Bizi izləyin

Nida Xəbər

BŞBPİ-dən Milli Şuraya XƏBƏRDARLIQ: Buna imkan verilməyəcək

Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində mitinqin keçirilməsi üçün münasib yer ayrılıb. Bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub və şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib.

Publika.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

Nurullah Məmmədxanlı qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir. Bu, qanunla qadağandır. Yenə də həmin ərazilərdə qanunsuz aksiyanın keçirilməsi üçün insanlara müraciət edirlər. Polis digər hüquq-mühafizə orqanları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək: “Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət həmin təşkilatçıların üzərində qalacaq və qanunun icazə verdiyi ən sərt tədbirlər o insanlara qarşı görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara, gənclərə müraciət etmək istəyirəm ki, aldanmasınlar. Metronun 28 May stansiyasının qarşısındakı meydan aksiya keçirmək üçün münasib bir yer deyil. İsrarla əgər metronun 28 May stansiyasının qarşısındakı meydanda, qadağan olunmuş yerdə qanunsuz aksiyanı keçirmək istəyirlərsə, deməli, onların məqsədi mitinq keçirmək deyil, təxribat törətmək, şəhərdə ictimai asayişi pozmaq, qarşıdurma yaratmaqdır. Əgər belə olmasaydı, onlar müəyyən olunmuş yeri qəbul edərdilər”.

Daha əvvəl Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə məlumatında bildirilib ki, Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılmışdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilmişdir. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşmışlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm