Zirvə Görüşü dünya mediasında
Bizi izləyin

Nida Xəbər

Zirvə Görüşü dünya mediasında

Dünya mətbuatında Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə aktual beynəlxalq məsələlərin müzakirə edildiyi ön plana çıxarılıb. Tədbirdə iştirak edən ölkələrin KİV-ləri dövlət və hökumət başçılarının çıxışlarında qlobal və regional problemlərin həlli ilə bağlı mühüm fikirlərə və təşəbbüslərə geniş yer ayırıblar.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Malayziyanın “Bernama” xəbər agentliyi ölkənin Baş Naziri Mahathir Bin Mohamadın Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevlə görüşündə tədbirin əhəmiyyəti barədə mülahizələrinə geniş yer ayırıb. Agentliyin xəbərində, həmçinin nüfuzlu “The Himalayan Times” qəzetinin məqaləsində Baş Nazirin “Petronas” şirkətinin Azərbaycan paytaxtındakı ofisini ziyarət etməsindən, Zirvə Görüşündə çıxışından ətraflı bəhs edilir. Mahathir Bin Mohamad qeyd edib ki, 16 il əvvəl Qoşulmama Hərəkatının Zirvə Görüşü Kuala-Lumpurda keçirilib, Bakı isə bu əhəmiyyətli siyasi platformanı davam etdirərək təşkilata sədrlik edəcək.

Pakistanın “Daily Pakistan”, “The Nation”, “Daily Times” qəzetlərində bu ölkənin Prezidenti Arif Alvinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü, həmçinin onun Zirvə Görüşündəki çıxışına geniş yer verilib. Qeyd olunub ki, Pakistanın dövlət başçısının çıxışında Kəşmir məsələsi, Əfqanıstanda sülhün və sabitliyin bərqərar olması, habelə Yaxın Şərq problemi öz əksini tapıb, həmçinin regional münaqişələrin nizamlanmasında və qlobal məsələlərin həllində Qoşulmama Hərəkatının rolunun artırılmasının zəruriliyi vurğulanıb.

Kubanın ACN agentliyi ölkə Prezidenti Migel Diaz-Kanelin Zirvə Görüşündə iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, həmçinin onun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarəti, UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda gəzintisi barədə geniş reportaj yayıb. “Radio Habana” radiosunun saytında isə Bakıda keçirilən tədbirin əhəmiyyətindən bəhs olunur və Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçildiyi vurğulanır.

Nepalın “DD News” və “The Rising Nepal” saytlarında da Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü barədə videomateriallar yerləşdirilib. Bu ölkənin KİV-ləri Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, tədbirdə çıxışı haqqında dərc etdikləri materiallarda Azərtac-ın xəbərlərinə də istinad ediblər. Qeyd olunub ki, Azərbaycan paytaxtında dünyanın 60-a yaxın ölkəsinin dövlət və hökumət başçılarının apardıqları müzakirələr qlobal və regional problemlərin həlli yollarının axtarılması baxımından böyük əhəmiyyət kəsb edir.

Əlcəzairin APS (Algeria Press Service) agentliyi bu ölkənin Prezidenti Abdelkader Bensalahın Azərbaycanın dövlət başçısı ilə görüşü haqqında ayrıca xəbər yayıb. Əlcəzairin dövlət başçısının Zirvə Görüşündə çıxışı barədə materialda isə bildirilir ki, Prezident regional münaqişələrin dialoq və sülh yolu ilə, BMT-nin fundamental prinsipləri və beynəlxalq hüquq normalarına uyğun şəkildə həlinin vacibliyini vurğulayıb. O, həmçinin Qoşulmama Hərəkatının yeni dünya nizamının yaradılmasında daha səmərəli rol oynayacağına əminliyini ifadə edib.

Hindistanın “The Times of India” nəşri, PTI agentliyi bu ölkənin vitse-prezidenti Muppavarapu Venkaiah Naidunun başçılıq etdiyi nümayəndə heyətinin Zirvə Görüşündə iştirakını geniş şəkildə işıqlandırıb. Qeyd olunub ki, rəsmi Dehli Qoşulmama Hərəkatına böyük əhəmiyyət verir və onun fəaliyyətində yaxından iştirak edir. “Rajya Sabha” və NDTV telekanallarında isə tədbirlə bağlı reportajlar yayımlanıb.

Əfqanıstanın “Tolo News” telekanalı və eyniadlı informasiya agentliyi bu ölkənin Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycanın dövlət başçısı ilə görüşü və onun Zirvə Görüşündə iştirakı barədə reportajlar yayıb. Qeyd olunub ki, əfqan liderin çıxışında dünyada siyasi və hərbi alyansların planları fonunda Qoşulmama Hərəkatının neytral və ədalətli mövqeyinin xalqların və ölkələrin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması kontekstində xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Banqladeşin BSS agentliyi Qoşulmama Hərəkatının Zirvə Görüşü çərçivəsində ölkənin Baş Naziri Şeyx Hasinanın tədbir çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü, tədbirdə çıxışı haqqında xəbər yayıb.

Küveytin KUNA, Namibiyanın NAMPA, Liviyanın LANA, Misirin MENA, Mərakeşin “African-bulletin”, Eritreyanın “Tesfa”, İndoneziyanın “Antara”, Banqladeşin UNB, Şri-Lankanın “Lanka Page” agentlikləri və bir çox nəşrlər və internet portalları öz ölkələrinin nümayəndə heyətlərinin Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirakı barədə geniş xəbərlər yayıblar. Bundan başqa, tədbirdə iştirak edən dövlət və hökumət başçılarının, habelə yüksəkvəzifəli nümayəndələrin sosial şəbəkələrdəki səhifələrində də Zirvə Görüşü haqqında məlumatlar və fotoşəkillər yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm