Aprel döyüşlərinin iştirakçısına toy mərasimində BÖYÜK SÜRPRİZ - FOTO
Bizi izləyin

Nida Xəbər

Aprel döyüşlərinin iştirakçısına toy mərasimində BÖYÜK SÜRPRİZ - FOTO

Oktyabrın 27-də Ağstafa rayonunun Qırılı kəndində Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovun toy mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış sakinlər, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də müharibə veteranları, qazilər, hərbi qulluqçular əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, ailə üzvlərinə gözaydınlığı veriblər. Vətənpərvərlik mövzusunda mahnı və şeirlər səslənib, hərbi qulluqçularla kənd cavanları qara zurnanın sədaları altında qol-qola verərək yallı halayına qoşulublar. Bu toy ordu ilə xalqın mənəvi birliyinin əsl nümayişinə çevrilib.

Toyun ən yaddaqalan hadisəsi isə bəyə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalının təqdim edilməsi olub.

Müdafiə Nazirliyi rəhbərliyinin bəylə gəlinə təbrikini çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan Ordusunun nümunəvi əsgərlərindən olan, bu gün bəy kürsüsündə əyləşən Abuzər Bəhrəmov İkinci Dünya müharibəsindən qayıtmayan babasının adını daşıyır. Abuzər də babası kimi könüllü əsgər gedib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Talış zirvəsinə zəfər bayrağımızın sancılmasında onun da xidmətləri var. O, hərbi xidməti başa vurduqdan sonra mərhum anası Qəribə müəllimənin xeyir-duası ilə yenidən Azərbaycan Ordusuna qayıdıb və bundan sonrakı həyatını da Vətənə xidmət peşəsinə həsr edib. Xüsusi kurslar keçib, təlimlərdə peşəkarlığını artırıb və təcrübəli tankçı kimi yetişib.

Diqqətə çatdırılıb ki, bir neçə ay əvvəl əsgər A.Bəhrəmov həyatını təhlükəyə ataraq tank mərmisinin atımının partlayışı nəticəsində baş vermiş yanğının daha da güclənməsinin qarşısının alınmasında fəal iştirak edib və ağır dərəcəli yanıq xəsarətləri almasına baxmayaraq, sonadək yoldaşlarına yardımçı olub. Ağır vəziyyətdə olan əsgər hərbi tibb helikopteri ilə dərhal Bakıya çatdırılıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının peşəkar və təcrübəli tibb mütəxəssislərinin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib.

Sonra A.Qurbani Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu A.Bəhrəmovun Azərbaycan Respublikasının Prezidenti adından təltif olunduğu medalı alqış sədaları altında bəyə təqdim edib.

Saz musiqisinin sədaları ilə görkəmli şair Davud Nəsibin “Torpaq” şeiri səsləndirilib.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal “Yarama torpaq tökün” şeirini bəylə-gəlinə ərməğan edib.

Hərbi qulluqçular adından çıxış edən zabitlər Rasim Manafov, Elsevər Əhmədov və başqaları yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıblar.

Bəyin atası İltifat Bəhrəmov və nənəsi Həqiqət xanım göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm