Mədəniyyət naziri “Crafting Futures” proqramının nümayəndələri ilə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Mədəniyyət naziri “Crafting Futures” proqramının nümayəndələri ilə görüşdü - FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 28-də “Crafting Futures” proqramının (Böyük Britaniya) nümayəndələri Matiyas Şortkuk və Kim Baqli ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə qonaqlar layihə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, “British Council”un (Britaniya Şurası) dəstəyi ilə həyata keçirilən “Crafting Futures” proqramı Britaniya ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini dəstəkləyir. Beynəlxalq əməkdaşlıq sayəsində Britaniya ilə xarici ölkələr arasında ortaq öyrənmə üçün yeni şəbəkələr və imkanlar formalaşdırır. Proqram həmçinin sənətkarlıq sahəsində tədqiqat və təhsilin təmin olunmasını, layihələrin aktuallığını, habelə yaradıcı təcrübənin keyfiyyətinin qorunub saxlanılmasını və inkişafını davam etdirir.

“Crafting Futures” dizaynerlərə və sənətkarlara bilik və təcrübə, yeni bazarlar və yeni auditoriya əldə etmək şəraiti yaradır, sənətkarlığın dəyərinin daha geniş qiymətləndirilməsini və biliklərin sektor daxilində bölüşdürülməsini təmin edir.

Nazir Əbülfəs Qarayev layihənin ölkəmizdə həyata keçirilməsində maraqlı olduqlarını bildirərək bu sahədə həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə sənətkarlığın müxtəlif sahələri geniş inkişaf edib və bu istiqamətdə mütəmadi sərgilər və festivallar keçirilir.

“Crafting Futures” proqramının ölkəmizdə tətbiqinin bu sahədə həyata keçirilən layihələrə öz töhfəsini verəcəyini qeyd edən nazir bu istiqamətdə baş verən yeniliklər, texnoloji proseslərlə bağlı təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahənin yaradıcı mədəniyyət sənayeləri ilə birbaşa bağlılığı var və bu da birgə əməkdaşlığa öz töhfəsini verə bilər.

Nazir əlavə edib ki, təbliğat və brendləşmənin düzgün aparılmasına dəstək olacaq bu proqramın Azərbaycanın sənətkarlıq məhsullarının dünya bazarlarına çıxarılması üçün də bir platforma rolunu oynayacaq.

Görüşdə “Crafting Futures” proqramının paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sənətkarlara da tətbiq olunması barədə razılıq əldə olunub.

Sonda görüşdə iştirak edən “British Council”un Azərbaycan üzrə direktoru Samr Şah bu layihələrin iki ölkənin mədəniyyət və incəsənət müəssisələri arasında səmərəli əməkdaşlığın qurulmasına və mövcud əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm