“Hər rəngində mən varam” filmi təqdim olundu
Bizi izləyin

Nida Xəbər

“Hər rəngində mən varam” filmi təqdim olundu

Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın Gənclər Birliyinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş “Hər rəngində mən varam” adlı filmin təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə dövlət bayrağına həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə YAP gənclərini təbrik edib: “Mən əvvəlcə noyabrın 9-da qeyd olunacaq bu şərəfli gün münasibətilə sizi təbrik edirəm. Bayraq bir dövlətin qürur mənbəyi, simvoludur. Biz hər hansı səfərə getdiyimiz zaman Azərbaycanı özümüzlə apara bilmirik, yalnız bayrağımızı aparırıq. Hər hansı bir dövlətdə olanda biz bayrağımızı görəndə ürəyimiz dağa dönür. Bununla fəxr edirik. Bayrağımız bizim qürurumuzdur. Dövlətimiz də bayrağa hər zaman hörmət və sevgi ilə yanaşıb. Dövlət başçımız andiçmə mərasimində bayrağımız qarşısında diz çökərək, bayrağı öpərək ona sevgisini, rəğbətini ifadə edir. Əsgərlərimizi son mənzilə də uğrunda şəhid olduqları Azərbaycan bayrağı ilə birgə yola salırıq”.

Seymur Orucov qeyd edib ki, gənclərdə bayrağımıza bundan sonra da sevgi olmalıdır: “Mən tədbirdən öncə izlədiyimiz videorolikdən duyğulandım. Belə halda çıxış etmək çətin olur. Bir insanda bayrağa sevgi başlayırsa deməli dövlətə, dövlətə sevgi başlayırsa deməli xalqa, prezidentə sevgi yaranacaq. Bu gün dünyanın 150-yə yaxın dövlətində bayrağımız dalğalanır. Anım günləri, hansısa etiraz aksiyaları olanda azərbaycanlılar Avropa Parlamentində, BMT-nin, Ağ evin qarşısında Azərbaycan bayrağını əllərinə alaraq ölkəmizi müdafiə edirlər. Bayrağımızla, onun simvolları ilə hər birimiz fəxr etməliyik və edirik”.

YAP Gənclər Birliyinin fəalları Balacaxanım Hüseynova şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”, Toğrul İsmayılzadə isə xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndirib. Sonda “Hər rəngində mən varam” adlı filmin təqdimatı keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm