Mərhum şairimizin “Son vəsiyyət”i üzə çıxdı
Bizi izləyin

Nida Xəbər

Mərhum şairimizin “Son vəsiyyət”i üzə çıxdı

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda mərhum rəssam, şair, tərcüməçi və esseist Adil Mirseyidin “Son vəsiyyət” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Kənan Hacı, Zahid Sarıtorpaq, Rafael Tağızadə, Nazir Rüstəmov, Kamran Yunis, Varis Yolçuyev, Mübariz Mənsimoğlu, Ədalət Həsən, Nəvai Mətin, Xanım İsmayılqızı və başqa ədəbiyyat nümayəndələri, eləcə də şairin qızı Aysel Mirseyid iştirak edib.

Tədbirdə çıxış edən Kənan Hacı A.Mirseyidin özünəməxsus üslubu olduğunu söyləyib:

“A.Mirseyid Azərbaycan dilinin ifadə imkanlarından geniş istifadə edən, novator bir şair idi. O, Əli Kərimdən gələn modern poeziyanı inkişaf etdirən biri idi”.

Vaqif Yusifli də A.Mirseyidi öz üslubunu yardan şair adlandırıb:

“A.Mirseyidin şeirlərində dünya və Azərbaycan rəssamlarının demək olar ki, hamısının adı çəkilirdi. O, Mir Cavad, Səttar Bəhlulzadə, eləcə də dünyaca məşhur rəssamlar haqqında məqalələr, esselər yazırdı. A.Mirseyid şairliyində rəssam, rəssamlığında şair idi. Poeziyanın tarixini yazan mütəxəssislər təəssüf ki, A.Mirseyidi unudublar”.

Daha sonra V.Yolçuyev, X. İsmayılqızı, Nazir Rüstəmov da çıxış edərək, şairin şeirlərindən səsləndiriblər.

Sonda şairin qızı Aysel Mirseyid də çıxış edərək, kitabın ərsəyə gəlməsindən danışıb:

“Bu kitab şairin vəfatından sonra çıxan ilk kitabdır. O, fərqli adları sevirdi. Misrasına əsasən adı belə seçdik. Bu şeirləri kompüterə köçürdüyüm müddətdə vəziyyəti ağırlaşdı. Sonra isə onu itirdik. Kitabın işıq üzü görməsində dəstəyi görə omillət vəkili Aydın Hüseynova təşəkkürümü bildirirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm