Əli Nağıyev Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinin rəisini qəbul etdi
Bizi izləyin

Nida Xəbər

Əli Nağıyev Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinin rəisini qəbul etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Türkiyəli qonaqlar Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk şəhidliyini də ziyarət etmişlər.
Sonra keçirilmiş ikitərəfli görüşdə general-leytenant Əli Nağıyev qonaqları səmimi salamlayaraq, cənab Mehmet Aktaşın Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi kimi ilk xarici səfərini Azərbaycana etməsinin ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin yüksəlməsinə və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir.

Xidmət rəisi Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Türkiyə ilə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırmış, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırlatmışdır.
General-leytenant Əli Nağıyev respublikamızın hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, eləcə də antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın dönməz və ardıcıl mövqeyini qeyd etmişdir. Eyni zamanda, mövcud əməliyyat şəraiti, ona təsir göstərən amillər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, ekstremizm, qanunsuz miqrasiya, narkotrafik və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş məlumat vermişdir. Xidmət rəisi Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında informasiya və təcrübə mübadiləsinin, ümumən təhlükəsizlik sahəsində əməkdaşlığın yüksələn xətlə inkişafının ölkələrimizin milli mənafelərinin etibarlı qorunmasında mühüm amil olduğunu vurğulamışdır.
Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran qonaq, qardaş Azərbaycana səfərindən xoş təəs­sürat aldığını qeyd etmişdir. Cənab Mehmet Aktaş bu cür görüşlərin transmilli cinayətkarlıqla mübarizə işində və hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləmişdir. Türkiyəli qonaq öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə üzrə görülən işlərə dair məlumat vermişdir. O, ölkələrimizin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirmiş, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət etdiyini vurğulamışdır.

Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm