İlham Əliyev icra başçılarının qarşısında ŞƏRT QOYDU: “Xalqın gözü tərəzidir”, əgər...
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev icra başçılarının qarşısında ŞƏRT QOYDU: “Xalqın gözü tərəzidir”, əgər...

Əgər vətəndaşlar sizdən razı olsalar, - “Xalqın gözü tərəzidir”, - mən də razı olacağam.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib: "İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun.

Hacıqabul rayonunun potensialının inkişafı üçün mənim göstərişimlə Hacıqabul sənaye zonası yaradılır. Bu zonanın böyük potensialı olacaqdır və orada xüsusi güzəştlər rejimi tətbiq ediləcəkdir. Bilirəm ki, bu, sahibkarlar tərəfindən də yüksək qiymətləndirilir. Belə təcrübə artıq var, həm Sumqayıtda, həm Neftçalada, Masallıda, digər şəhər və rayonlarımızda. Mingəçevirdə sənaye zonaları yaradılıbdır və yaradılır. Ona görə sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir. Digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir. Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu il biz rekord göstəriciyə nail olmuşuq. Taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner olubdur. Bu, son illər ərzində ən yüksək nəticədir və daha da artacaq. Pambıqçılıqda hələ ki, yığım başa çatmayıb, az qalıb, amma artıq hektardan 29 sentner pambıq götürmüşük. Pambıqçılar yaxşı bilirlər ki, Azərbaycan tarixində cəmi üç, ya dörd il məhsuldarlıq 30 sentnerə yaxın, yaxud da ondan çox olmuşdur. Onlardan biri də 2019-cu ildir. Ona görə kənd təsərrüfatı, xüsusilə indi, - əlbəttə, bu, Hacıqabul rayonuna aiddir, - inkişaf etməlidir.

Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur. Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı, çünki gördüm, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad. Sovet vaxtında tikilmiş sanatoriyalar dağılmış və şəhərdə minlərlə köçkün məskunlaşmışdı, onların da vəziyyəti çox ağır idi. Ona görə göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə, biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu, yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası, beşulduzlu üç otel – “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hazırda dördulduzlu və üçulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il müalicə üçün 70 min adam gəlmişdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq təqribən 30-40 min insan gəlir dincəlməyə və müalicə almağa. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca vəzifəmizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir. Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir.

Bir sözlə, sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, “Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm