Qanunu bilən siyasətçi “boykot” sözünü dilə gətirməz
Bizi izləyin

Nida Xəbər

Qanunu bilən siyasətçi “boykot” sözünü dilə gətirməz

Radikal müxalifətin növbədənkənar parlament seçkisi ilə bağlı “boykot” çağırışları etməsi absurddur.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Real TV-nin “Real intervyu” verilişində deyib. O vurğulayıb ki, bu çağırışların heç bir əsası yoxdur:

“Bəziləri deyir ki, hər şey çox gözlənilməz oldu. Hesab edirəm ki, bu bəhanədir. Çünki bu ilin əvvəlindən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı istər mediada, istərsə də sosial şəbəkələrdə mülahizələr səslənmişdi və müzakirələr gedirdi. Yəni bu, gözlənilməz bir şey deyildi.

İkincisi, bütün dünyada seçkilərin keçirildiyi günün səhərisi növbəti seçkiyə hazırlıq başlayır: uduzan partiyalar seçkiləri təhlil edir, səhvlərini saf-çürük edir, islahatlar aparır və s. 4 ildən çoxdur parlament seçkisi keçirilib. Radikal müxalifət bu müddət ərzində hansı hazırlığı görüb?

Üçüncüsü, ümumiyyətlə, Azərbaycanda seçkiləri boykot etmək mexanizmi yoxdur. Yəni 90-cı ilin əvvəllərində bizim seçki ilə bağlı müvafiq qanunvericiliyimizdə kvorum vardı. Səhv etmirəmsə, seçicilərin ən az 25 faizinin seçkilərdə iştirak etməsi vacib şərt idi. Bunun əksi olanda isə seçki baş tutmamış sayılırdı. O zaman boykot taktikası seçmək mümkün idi. Amma hələ 90-cı illərdə qanunvericiliyimizdə əlavə və dəyişikliklər olundu. Seçki ilə bağlı kvorum da götürüldü. Artıq bir seçki dairəsində seçicilərin hansı sayda, hansı aktivliklə iştirak etməsinin önəmi yoxdur. Boykotla bağlı çağırış edənlərin ya bizim qanunlarımızdan xəbəri yoxdur, ya da bunlar sözün əsl mənasında xaricdən idarə olunurlar və əlaltısı olduqları antiazərbaycan mərkəzlərinin diktəsi ilə məntiqsiz hərəkət edirlər”.

A.Camalqızı qeyd edib ki, siyasi partiya seçkiyə qatılmaq, seçkidə təşkilatlanmış formada iştirak etmək üçün insanların yaratdığı qurumdur:

“Bir siyasi partiya, özünü siyasətçi, siyasi xadim hesab edən şəxsin özünü realizə etmək üçün seçkidən daha gözəl meydan ola bilməz. Hətta qalib gəlməsə belə, şəxsi və ya partiyanın hansı istiqamətdə axsadığı, niyə səs ala bilməməsi seçki mühitində ortaya çıxır. Partiya da bu boşluqları aradan qaldırır və növbəti seçkiyə hazırlaşır. Eyni zamanda seçki mühitində onlar tribuna qazanmış olurlar ki, insanlarla, öz elektoratları ilə, sosial bazaları ilə işləyə, mesajlarını cəmiyyətə çatdıra bilsinlər. Yəni belə bir mühitdən könüllü şəkildə imtina etmək sadəcə özünəqəsddir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın radikal müxalifəti xalqın taleyi ilə bağlı məsuliyyəti bölüşmək gücündə deyil. Çünki bütün dünyada, o cümlədən Azərbaycanda hakimiyyət bu məsələlərdə nə qədər məsuliyyət daşıyırsa, müxalifət də o qədər məsuliyyət daşıyır. Amma bizdə çox təəssüf ki, bu məsuliyyəti dərk etməyən qüvvələr var.

Dəfələrlə demişəm ki, Azərbaycanda radikal müxalifət siyasi fəaliyyətlə məşğul olmur. Onlar daha çox blogerliklə məşğuldurlar. Noyabrın 28-dən məsələ müzakirə edilir və qərarın hər an verilməsi gündəmdə idi. Bu müddət ərzində indi boykot qərarı verdiklərini deyən qurum toplandımı? Məsələni müzakirə etdilərmi? Yox. Onlar məsuliyyətsiz şəkildə sosial şəbəkələrdə statuslar yazmaqla, bir-birilərini hər hansı məsələdə ittiham etməklə məşğuldurlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm