Azərbaycan tarixində ilk: Parlamentdə də yaşanacaq?
Bizi izləyin

Nida Xəbər

Azərbaycan tarixində ilk: Parlamentdə də yaşanacaq?

Bələdiyyə seçkilərində 5882 nəfərin, yəni qalib gələn şəxslərin 38,8 faizinin qadın olması çox sevindirici haldır və bunu alqışlayıram. Bu, bizim illərdən bəri arzuladığımız bir nəticədir. Azərbaycanda demokratik ənənələrdən irəli gələrək qadınların seçkili orqanlarda və siyasi idarəetmədə təmsilçiliyi çox vacib məsələdir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı builki bələdiyyə seçkisində qalib gələn qadınların ölkə tarixində ilk dəfə olaraq seçilən şəxslərin 38,81%-ni təşkil etməsi haqqında danışarkən deyib.

O, qlobal reytinqlərdə Azərbaycan qadınlarının siyasi sferada təmsilçiliyinə görə sonuncu yerlərdə olmasına diqqət çəkib:

“Bu yaxınlarda “Qlobal gender bərabərsizliyi indeksi” reytinqində ölkəmiz qadınların siyasi həyatda təmsilçiliyinə görə 153 ölkə arasında 140-cı yerdə qərarlaşmışdı. Həmçinin xanımların qanunverici orqanda təmsilçiliyi baxımından Azərbaycan 107-ci sırada göstərilmişdi. Bu da təbii ki, Azərbaycanın potensialına və imkanlarına görə heç də ürəkaçan nəticə deyil. Təqdirəlayiq haldır ki, bu reytinq açıqlanandan sonra keçirilən bələdiyyə seçkilərində qadınlarımız çox müsbət bir nəticə ortaya qoydular və bu, ölkəmizin tarixində ilkdir.

Ümumiyyətlə, qadınların siyasi idarəetmədə, seçkili orqanlarda təmsilçiliyi çox böyük önəm daşıyır. Çünki qadınlar sosial məsələlərə, sosial sahəyə daha həssas yanaşırlar. Məsələn, qonşu Türkiyədə bələdiyyə seçkilərində qadınlar həm seçici olaraq, həm də namizəd olaraq çox aktiv iştirak edirlər. Hətta onlarda çox bəyəndiyim bir seçki şüarı da var: “Yuvanı dişi quş yapar”. Yəni onlar hesab edirlər ki, mütləq bələdiyyələrdə qadınların təmsilçiliyi daha üstün olmalıdır.

Açığı, həmişə düşünürdüm ki, Azərbaycan da Türkiyədəki nəticələrə gəlib çatacaq. Təbii ki, bizdə bələdiyyə seçkiləri parlament seçkiləri ilə müqayisədə o qədər də böyük maraq doğurmur. Amma bütün hallarda qadınlarımızın artıq bələdiyyələrdəki aktivliyi və əhalinin də bələdiyyələrdə xanımlara üstünlük verməsi yüksək qiymətləndirilməlidir”.

A.Camalqızının sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı nümunə seçən qadınların siyasi həyatda rolunun artması bütövlükdə cəmiyyətdəki ab-havaya çox müsbət təsir göstərəcək:

“Çünki qadınların siyasi proseslərdə iştirakı adətən cəmiyyəti aqressivlikdən uzaqlaşdırır, ictimai-siyasi həyata pozitiv ab-hava gətirir. Bütün dünyada qəbul olunub ki, qadınların məsələlərə daha həssas yanaşması qərarların qəbuluna da müsbət təsirini göstərir. Bu baxımdan parlament seçkiləri ərəfəsində bu nəticəyə görə Azərbaycan qadınlarını alqışlayıram. Ümid edirəm ki, qadınlarımız parlament seçkilərində bu nəticəni təkrarlayacaqlar. Səhv etmirəmsə, ötən parlamentdə 18 qadın millət vəkilimiz vardı. Düşünürəm ki, Azərbaycanın potensialını qadınlarımızın imkanları ilə müqayisə edəndə, bu, çox aşağı göstəricidir.

İnanıram ki, siyasi partiyalar, xüsusən də ölkədə favorit siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz siyahısını açıqlayanda biz orada qadınların sayında çox ciddi artım müşahidə edəcəyik və seçicilər də seçimlərində bələdiyyə seçkilərindəki münasibəti təkrarlayacaq”.

A.Camalqızı həmçinin vurğulayıb ki, bu fakt Azərbaycanda təfəkkür baxımından çox ciddi dəyişikliklər olduğu qənaətinə gəlməyə əsas verir:

“İllər öncə bir çox ailələrdə qadınların nəinki siyasi proseslərdə iştirakına, hətta ali təhsil almasına belə müsbət yanaşılmırdı. Valideynlər daha çox qızları erkən yaşda ərə verməyə üstünlük verirdilər. Düşünürəm ki, artıq bu neqativ təfəkkür dəyişməkdədir. Əlbəttə ki, bu xoş təəssüratın yaranmasında və qadına dəyərin güclənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin müstəsna təsiri mövcuddur. Çünki Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri və Birinci vitse-prezident kimi Azərbaycanın ictimai-siyasi həyatında oynadığı əvəzsiz rol göz qabağındadır və cəmiyyətdə çox müsbət qiymətləndirilir”.

Politoloq dünyanın bir sıra inkişaf etmiş ölkələrində qadınların siyasi həyatdakı rolunu da nəzərə çatdırıb:

“Qadınların ictimai-siyasi həyatda rolunu artırmaq üçün dövlətlər tarixən müəyyən addımlar atıblar. Məsələn, Avropa, xüsusən Skandinaviya ölkələrində qadınların seçkili orqanlarda və siyasi idarəetmədə təmsilçiliyini artırmaq üçün kvota müəyyən edildi. Bundan sonra istər parlamentdə, istərsə də siyasi idaəetmədə qadınların sayı çoxaldı və səhv etmirəmsə, hazırda həmin ölkələrdə qadınların parlamentdə təmsilçiliyi 70 faiz civarındadır. Hesab edirəm ki, Azərbaycan da bu gözəl nümunələrdən istifadə edə bilər. Məsələn, parlament seçkilərində də qadınlar üçün qeyri-rəsmi şəkildə də olsa, kvota müəyyənləşdirilə bilər. Növbəti parlamentdə qadınların sayını 35-40 nəfərə çatdırmaq çox müsbət bir hal olardı.

Fikrimcə, Azərbaycanda çox gözəl proseslər gedir və o proseslər qadınların həyatına da təsirsiz ötüşməyəcək”.

A.Camalqızı qadınların siyasi həyatdakı aktivliyinin tarixinin bir çox böyük dövlətlərdən qədim olduğunu bildirib:

“1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti ilk dəfə olaraq Şərqdə qadına səsvermə hüququ tanıyıb. Təsəvvür edin ki, bizdən bir il sonra - 1919-cu ildə ABŞ-da qadına səsvermə hüququ verilib. Yəni bizdə qadınların siyasi proseslərdə iştirakının bu cür müsbət ənənələri mövcuddur. Düşünürəm ki, Azərbaycan bu ənənələrin daha da inkişaf etdirilməsi və oturuşması üçün bütün mümkün üsullardan istifadə etməlidir”.

Politoloqun fikrincə, qadınların siyasi fəallığını artırmaq üçün bu yöndə maarifləndirmə işləri aparmağa da ehtiyac var:

“Hesab edirəm ki, böyük uğurlar qazanan qadınlarımızın həyatı mediada daha geniş işıqlandırmalıdır və bu nümunələr vaxtaşırı təbliğ olunmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm