• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

İrəvan növbəti xaosun astanasında - ŞƏRH

İrəvan növbəti xaosun astanasında - ŞƏRH

Paşinyanla bağlı bu gün Ermənistanda bir neçə aspektdən siyasi qalmaqallar baş verir. Belə ki, Robert Koçaryanın həbsi, Sərkisyanın qardaşı oğlunun Çexiyadan ekstradisiya olunması və Sərkisyanla bağlı istintaqın aparılması Paşinyanla Qarabağ mafioz qruplaşması arasındakı çatları dərinləşdirir. Nəticədə separatçıların “lideri” Bako Saakyanla da baş nazirin əlaqələri gərginləşib.

Axar.az xəbər verir ki, bunu gənc siyasi şərhçi Tural İsmayılov qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda aparılan son rəy sorğuları da göstərir ki, Paşinyanın nüfuzu kəskin şəkildə aşağı düşüb:

“Küçədən heç vaxt təmsil olunmadığı hakimiyyət kuluarlarına gətirilən Paşinyanın daxili və xarici siyasətdə uğursuzluqları da erməni cəmiyyətində növbəti sosial və siyasi güvənsizliyə səbəb olur. Ordudakı hərc-mərclik və özbaşınalıqları Vigen Sərkisyanın üstünə atan Paşinyan və Müdafiə naziri David Tonoyanın bacarıqsızları da erməni əsgər analarının gündəlik küçə aksiyalarıyla müşahidə olunmağa davam edir”.

T.İsmayılov qeyd edib ki, ən ali hüquqi orqan olan Konstitusiya Məhkəməsi sədri Tovmasyanın açıq siyasi bəyanatları həm də ölkədəki siyasi dağınıqlığın göstəricisidir:

“Tovmasyan vurğulayıb ki, Konstitusiya Məhkəməsinin bir vəzifəsi var - ölkədə Konstitusiyadan irəli gələn məsələləri təmin etmək: “Mənə deyirlər ki, döyüş, amma bu mübarizəni başa düşmürəm. Mən işə gedirəm, vəzifəmi yerinə yetirib, evimə qayıdıram. Əgər bunu mübarizə adlandırırıqsa, onda bu, sövdələşməyə getməmək, müstəqil məhkəmə sistemi və layiqli həyat uğrunda mübarizədir”.

Beləliklə, hadisələrin sonrakı gedişatının proqnozu da göstərir ki, daha ciddi hərc-mərcliklər və erməni siyasi isbeblişmenti arasındakı çaxnaşmalar 2020-ci ildə daha da kəskinləşəcək.

Hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Köçəryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sərkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir. Eyni formada, Tovmasyan da Paşinyanın davranışlarını ölkədəki hüquq sisteminə çirkin hücum hesab edir”.

Şərhçi bildirib ki, parlamentdə Paşinyanın tərəfdarlarından ibarət “Mənim addımım” blokunun təşəbbüsü ilə iqtidarın mübahisəli və qanunsuz qərarlarına etiraz edən Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın istefası barədə qərar qəbul edilib:

“Ermənistan parlamentinin 98 deputatının lehinə səs verdiyi bu təşəbbüs təsdiq edilib və müvafiq qərar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Onun səlahiyyətlərinə xitam verilməsi üçün məhkəmənin 9 üzvündən 6-nın parlamentin qərarını təsdiq etməsi tələb olunur. Əslində, bu prosedurdan sonra Hrayr Tovmasyanın etirazı başladı, bacısına məxsus media layihəsinə hücumlar edildi və indi Tovmasyanı müdafiə edən anti-Paşinyan koalisiyasının üzvləri olaydan öz dividentlərini güdmək istəyirlər”.

T.İsmayılov vurğulayıb ki, ölkənin Ədliyyə naziri Rustam Badasyan da Tovmasyana qarşı çıxaraq, Konstitusiya Məhkəməsi sədrinin bir sıra ciddi səhvlərə yol verdiyini söyləyib:

“Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da Konstitusiya Məhkəməsinin sədrinin öncəki hakimiyyətin əsas müdafiəçilərindən biri olduğunu bildirib. Bu, bir daha göstərir ki, demokratik hökumət qurduqlarını bağıran erməni siyasətçilər növbəti dəfə siyasi riyakarlıq nümayiş etdirirlər. Paşinyanın əsas istəyi Hrayr Tovmasyanı Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırıb, bura öz adamını gətirməkdir. Yuxarıda qeyd olunduğu kimi, bu xüsusda müvafiq qərar parlament tərəfindən qəbul edilib və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Ermənistan növbəti xaosun astanasındadır, bu dəfə isə vəziyyəti terror və digər üsullarla ələ almaq cəhdləri puç olacaq”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR