Koronavirusun episentrində yaşayan azərbaycanlıların taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Koronavirusun episentrində yaşayan azərbaycanlıların taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Vuhan şəhərində yayılan epidemiyadan sonra karantinə alınan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşının təxliyəsi üçün müvafiq tapşırıq vermişdi.

Publika.az xəbər verir ki, Prezidentin əmrinə əsasən, Vuhandakı türk və azərbaycanlı vətəndaşlar “Koca Yusuf” əməliyyatı ilə Türkiyəyə gətiriləcək. Hazırda həmin təyyarə müəyyən edilmiş istiqamət üzrə hərəkət etməkdədir.

Epidemiyanın iflic vəziyyətinə saldığı Vuhan şəhərindəki soydaşlarımızın taleyi ilə maraqlanmaq üçün Xarici İşlər və Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva saytımıza açıqlamasında bildirdi ki, Türkiyə Prezidentinin müvafiq tapşırığından xəbəri var: “Azərbaycanın Çindəki səfirliyi tərəfindən müvafiq işlər görülməkdədir. Səfirimiz 2 gün əvvəl məsələ ilə bağlı dövlət televiziyasına açıqlama vermişdi”.

Karantin bölgəsindən çıxarılan vətəndaşlar 14 gün xüsusi təcrid olunmuş şəraitdə saxlanacaq. Onların daha sonra hara göndəriləcəyi məlum deyil. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Publika.az-a açıqlamasında qeyd etdi ki, nazirlikdə məsələ ilə bağlı hər hansı iş getmir. Xarici İşlər Nazirliyi hərəkətə keçdikdən sonra tədbir görülməsi müzakirə mövzusu ola bilər.

Qeyd edək ki, Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Dövlət Televiziyasına açıqlamasında Vuhan şəhərində 7 azərbaycanlının yaşadığını, onlardan 4-nün tələbə olduğunuu açıqlamışdı: “Vuhan şəhərindəki tələbələrimizin, vətəndaşlarımızın vəziyyəti digər bölgələrdəkilərlə müqayisədə daha ağırdır. Çünki onlar yaşadıqları mənzillərdə, təhsil aldıqları ali məktəblərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər. Vətəndaşlarımız lazımi ərzaq ehtiyatı ilə təmin olunurlar. Səfirlik olaraq 23 yanvar tarixindən etibarən oradakı soydaşlarımızla daim əlaqə saxlayırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Çünki qaldıqları binalardan çıxa bilmirlər. Küçəyə çıxmaq qadağandır. Yataqxanalarda qalan tələbələr təhsil ocaqları tərəfindən yeməklə təmin olunurlar. Digərlərinə şəhər bələdiyyəsi tərəfindən yemək çatdırılır. Evdə yaşayan tələbələr isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə Xarici İşlər Nazirliyinin həmin əyalət, şəhərdəki şöbələri vasitəsilə vətəndaşlarımıza yardım göstəririk”.

Səfir qeyd etmişdi ki, vətəndaşlarımızın sözügedən şəhərdən çıxarılması üçün Çin hökuməti ilə danışıqlar aparılır: “Hökumət karantin bölgəsindən vətəndaşların çıxarılmasını təhlükəli hesab edir. Amma biz vətəndaşlarımızı oradan çıxarmaq haqqında ciddi danışıqlar aparırıq. Ümid edirəm ki, yaxın vaxtlarda nəticə əldə edəcəyik”.

Ə.Zeynallı Çin Xalq Respublikası Səhiyyə Komitəsinin virusla bağlı son statistikasını da açıqlayıb: “Son məlumata görə, Çində 4599 nəfər virusa yoluxub. 6973 nəfər karantindədir. Bu rəqəmlər onu deməyə əsas verir ki, virus çox sürətlə yayılır. Buna baxmayaraq, Çin hökuməti tərəfindən preventiv tədbirlər görülür ki, yayılmanın qarşısı alınsın”.

Xatırladaq ki, koronavirus 15-dən çox ölkəyə yayılıb. Çində 170 nəfər məhz bu virusdan dünyasını dəyişib. 7 mindən çox insana koronavirus diaqnozu qoyulub. 60 milyon insan nəzarətə götürülüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm