Firəngiz Rüstəmova 2 kitabını oxucularının görüşünə gətirdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Firəngiz Rüstəmova 2 kitabını oxucularının görüşünə gətirdi - FOTO

Avropa Təbiət Elmləri Akademiyası və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ginekoloq Firəngiz Rüstəmova “AL MAdan Al ANAya” və “Ginekoloqun gündəliyindən” adlı kitablarını oxucularının görüşünə gətirib.

Publika.az xəbər verir ki, təqdimat mərasimində həvəskar yazıçının dostları, aktiv ictimai, sosial fəaliyyətlə məşğul olan qadınlar və media nümayəndələri iştirak edib.

Tibbi, ezoterik və araşdırma tipli elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış edən F.Rüstəmova almanın mifoloji semantikasına yer verdiyi “AL MAdan Al ANAya” adlı kitabını qələmə almasının səbəblərindən danışıb: “Qədim türklər almanı meyvələrin həm anası, həm də atası hesab edib. Araşdırmalarım nəticəsində belə qənaətə gəldim ki, bütün xalqların mifoloji dünyagörüşündə alma qadın simvoludur və müqəddəs mənaya malikdir. Orta əsrlərdə almanı qadağan olunmuş, haram meyvə kimi təqdim etməyə başlayıblar. Lakin tarix boyunca heç bir dini kitabda alma kəlməsi yazılmayıb. Sadəcə tərcümədə ümumiləşdirilərək nəzərdə tutulan meyvə alma kimi verilib. Alma Günəşin və qadının qədim dillərdəki adlarının hecalarından əmələ gəlmiş sözdür. Mifik simvol olaraq da elə bu iki əbədi nəsnəni simvolizə edir. Körpə uşaq ana südündən ayrılıb təbii yeməyə keçəndə ağlımıza gələn ilk meyvə alma olur. Çünki həm vitaminlərlə boldur, həm də anti-allergik və ziyansızdır. Eləcə də, ağır xəstələrə verilən ən yaxşı meyvələrdən biri alma hesab olunur. Onun həm tarixi, həm də faydalarından beş bu boyda kitab yazmaq olar”.

F.Rüstəmovanın dərin və gərgin tədqiqat işlərinin nəticəsi olaraq və illərin təcrübəsi əsasında ərsəyə gələn kitablar haqqında yüksək fikirlər söyləyən AMEA-nın professoru, kimya elmləri doktoru Vidadi Hüseynov yazıçının ezoterik mənalar vermək bacarığına diqqət çəkib: “Mifologiya çox çətin sahədir. Biz dədiq elmlərlə məşğul olan insanlarıq. Əvvəlcə analizlər edirik, daxili və xarici araşdırmalar aparırıq və nəticəyə gələndən sonra öz fikrimizi bildiririk. Mifologiya sahəsi isə predmetin daxilini görməyi tələb edir. Burada əşyanın görünməz tərəflərini izah etmək bacarığı vacibdir. Bu isə hər tədqiqatçının nəsibi olacaq nailiyyət deyil. Firəngiz xanıma ona görə qibtə edirəm ki, illərdir həkim kimi fəaliyyət göstərməsinə baxmayaraq, bu kitablarda təsviri bacarıqlarını, fəlsəfi və mifoloji elmini ustalıqla sərgiləyə bilib. O məhz bu nailiyyətlərinə görə Təbiət Elmləri Akademiyasının mükafatına layiq görülüb”.

Tanınmış həkim, onurğa mərkəzinin baş həkim müavini Rəfiqə Səfərli isə F.Rüstəmovanın elmi fəaliyyətini xüsusi qiymətləndirib: “Azərbaycan qadını dünyada Şərq qadını obrazında tanınıb. Şərqdə isə qadınların savadsızlaşdırılması ənənəsi mövcud idi. Onları dini xurafatla çərçivələyib təhsil almalarına mane olmağa çalışırdılar. Messenat Hacı Zeynalabdin Tağıyevin bu məsələ ilə bağlı söylədiyi dəyərli fikri var: anası savadsız olan millət kordur. Bu, doğrudan da belədir. Elə həmin dövrün məşhur ziyalıları – Tağıyev, Şəmsi Əsədullayev və onlarla belə dəyərli insanların arxasında təhsilli, savadlı, güclü qadınlar dayanmışdı. Bu gün isə Firəngiz xanım tədqiqatları, əməyi ilə nəinki öz ailəsinin, xitab etdiyi, həyatlarına toxunduğu insanlara işıq saçan qadınların simasından biri olub. Düşünürəm ki, nəşrlər hər bir azərbaycanlı qadının stolüstü kitabına çevrilməlidir”.

Firəngiz Rüstəmova qohum evliliyi əsasında yazılan “Ginekoloqun gündəliyindən” adlı digər kitabında qohumları ilə ailə həyatı quran pasientləri ilə dialoqlarına yer verib. Bu kitabda qohum evliliyinin tibbi problemlərlə yanaşı, məişət bəlalarına çevrilməsi bariz şəkildə ortaya qoyulub.

“Ginekoloqun gündəliyindən” bir parça:

“- Qızım, ərinizlə qohumsunuzmu?

- Bəli.

- Necə qohumsunuz?

- Xalamoğludur.

- Nəsildə genetik xəstəlik varmı?

- Qayınım anadangəlmə yerimir, həm də bir az şüur çatışmazlığı var...

Həkim istəyirdi ki, əlavə sual versin, bu zaman hamilənin anası söhbətə qarışır:

- Doktor, mən, əslində, bacım oğluna verməmişdim qızı. Bacıoğlu başqa qızı sevirdi. Nişanlandı və toyu oldu. Toy təzə başlamışdı. Birdən xəbər çıxdı ki, gəlin başqasına qoşularaq qaçıb. Biz də dəli olduq. Bacım dedi ki, həm bacıyıq, həm də qonşuyuq. Bütün kənddə biabır olacağıq. Gəl sənin qızını alım oğluma... Beləcə, mənim qızıma gəlinlik geyindirib toyu yola verdik... Çox şükür, indi xoşbəxtdir. Xalası məndən də yaxşı baxır qızıma...”

Qeyd edək ki, Firəngiz Rüstəmova 1979-1985-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1993-cü ildən dövlət xəstəxanasında ginekoloq işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm