Seçkilərin nəticələri ilə bağlı QƏRAR VERİLDİ - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Seçkilərin nəticələri ilə bağlı QƏRAR VERİLDİ - FOTO/VİDEO

Konstitusiya Məhkəməsi parlament seçkilərininn nəticələri ilə bağlı qərar qəbul edib.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını oxuyub.

Qərar əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib. MSK-nın təqdim etdiyi 121 seçki dairəsində səsvermənin nəticələrinin baş tutmasına dair protokolları təsdiq olunub.

***

M.Pənahov seçkilər elan olunan gündən yekun protokolların tərtib olunduğu günədək görülən işlərlə bağlı məlumatları çatdırıb.

O qeyd edib ki, seçki günü hər hansı problemin olmasına dair MSK-ya məlumat daxil olmayıb: “Seçkilər ölkə üzrə 1000 seçki məntəqəsində qurulan veb-kameralar vasitəsilə canlı olaraq yayımlanb. Eyni zamanda, biz bu seçkidə sosial şəbəkə fenomenini gördük. Həm aşağı, həm də yuxarı seçki komissiyalarının fəaliyyətinin araşdırılması zamanı sosial şəbəkələrdən istifadə özünü aydın surətdə göstərdi. Biz bu görüntülərin MSK-ya təqdim edilməsi üçün namizədlərə maksimum şərait yaratdıq. Hesab edirəm ki, səsvermə normal şəkildə həyata keçirilib”.

MSK sədri deyib ki, bu və ya digər xoşagəlməz hadisələrdən sığortalanmaq mümkün deyil: “Biz də bu cür hadisələrdən sığortalanmamışıq. Seçkiqabağı dövrdə MSK-ya 54 müraciət daxil olub, onlardan 47-i eyni məzmunlu olub. Seçkidən sonra 300-ə yaxın müraciət daxil olub. Bunların hamısı ilə bağlı müvafiq qərarlar qəbul olunub. Biz araşdırma zamanı 4 seçki dairəsində səsvermənin nəticəsinin etibarsız hesab edilməsi qənaətinə gəldik. 382 məntəqədə seçkinin nəticəsi etibarsız sayıldı. Bura buraxılan dairələrin məntəqə seçki komissiyaları da daxildir. Həmçinin, fəaliyyətindən narazı qaldığımız 87 seçki məntəqəsini buraxdıq”.

Sonra MSK sədri Konstitusiya Məhkəməsi sədrinin ünvanladığı sualları cavablandırıb.

Məzahir Pənahov bildirib ki, namizəd olmuş şəxslər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən şikayətlərin çoxu sosial şəbəkələrdəki görüntülərə əsaslanaraq təqdim edilib: “Qanun pozuntularının baş verdiyi hallar olub, ancaq bu pozuntular həmin məntəqələrdə səsvermənin nəticəsini etibarsız hesab etməyə əsas vermirdi. Ümumilikdə məntəqələrin 4-5 faizində pozuntular olub. Həmin 4-5 faiz məntəqələr bütün ölkə ərzisisini əhatə edib. 94-95 faiz məntəqələrdə belə hallar baş verməyib”.

Hazırda iclasda prosesə ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxış edir.

N.Şükürov çıxışında bildirib ki, iş üzrə araşdırma seçkinin nəticələrinin təsdiq edilməsinə əsas verir. O bildirib ki, Seçki Məcəlləsinə əsasən səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə, birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Daha sonra Dövlət Statistika Komitəsinin aparıcı məsləhətçisi Ulduzə Həmidova çıxış edib. O, seçicilərlə bağlı bir sıra statistik məlumatları çatdırıb. Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun qərarın elan edilməsi üçün iclasda fasilə elan edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra yekun qərar elan olunacaq.

***

Konstitusiya Məhkəməsi Plenumunun fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

Publika.az xəbər verir ki, iclas saat 10:00-da başlayıb.

İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və MSK-nın bütün üzvləri, MSK katibliyinin əməkdaşları, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edir.

İclasda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, plenum işə baxmağa tam səlahiyyətlidir: “İş üzrə maraqlı tərəf qismində MSK sədri və üzvləri dəvət olunublar. Sizə çıxış üçün tam şərait yaradılacaq. Hakimlərin sizə suaları olduqda xahiş edirəm cavablandırasınız. İş üzrə ekspertlər dəvət olunub. İlk olaraq çıxış üçün söz məruzəçi hakim Rövşən İsmayilova verilib”.

R.İsmayılov bildirib ki, Konstitusiya Mərhkəməsi qanunvericiliyə uyğun olaraq MSK-dan daxil olmuş sənədləri 10 gün ərzində yoxlayıb.

Daha sonra digər məruzəçi hakim Rafael Qvaladze çıxış edib.

O bildirib ki, Konstitusiya Məhkəməsi bunun üçün Bakı, Şəki, Gəncə və Şirvan Apelyasiya məhkəmələrindən və Naxçıvan Ali Məhkəməsindən hakimləri işə cəlb edib: “Konstitusiya Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsindən daxil olan məlumata görə, bu məhkəmə instansiyasına Mərkəzi Seçki Komissiyasının qərarından daxil olmuş 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan 15 iş üzrə iddia təmin edilməyib. Şirvan Apelyasiya Məhkəməsinə 20 ərizə daxil olub. Şəki Apelyasiya Məhkəməsinin məlumatına görə, bu məhkəmə instansiyasına 3 iş üzrə ərizə daxil olub ki, onların baxılması mümkün sayılmayıb”.

Rafael Qvaladze qeyd edib ki, Ali Məhkəmə seçkinin nəticələri ilə bağlı ümumilikdə 78 işə baxıb: “3 iş üzrə məhkəmə qərarları ləğv edilib. 9 iş üzrə kassasiya şikayətinin təmin edilməsi mümkün sayılmayıb. Ümumi qəbul edilmiş qərarlar protokolların nəticələrinə təsir göstərən hallar deyil”.

Daha sonra çıxış üçün söz Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova verilib.

***

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək.

Publika.az xəbər verir ki, iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 26-da Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm