Təcili qanun qəbul edilməlidir - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

Təcili qanun qəbul edilməlidir - Qüdrət Həsənquliyev

Mən çıxış etmək istəmirdim. Amma burada səsləndi ki, birdən internet kəsilsə, onlayn qaydada necə səsvermə keçirəcəyik. Qeyd edim ki, biz elə burada da bəzən iclası davam etdirə bilmərik. Fövqəladə hallarda hər şey ola bilər. Ona görə, ciddi narahat olmaq lazım deyil.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Həsənquliyev xatırladıb ki, martın 26-da Avropa Parlamenti 37 milyard avroluq kiçik və orta sahibkarlıq üçün yardım paketi təsdiqləyib: “Həmin iclasda sədr zalda tək əyləşmişdi, 688 nəfər isə onlayn qaydada səsvermə keçirdi. Bizim mütəxəssislər Avropa Parlamenti ilə əlaqə saxlaya və bu təcrübəni öyrənə bilərlər”.

Deputat daha sonra deyib ki, Azərbaycanda karantin rejimi elan edilib, amma hüquqi baxımdan anlayışı verilməyən bir termindir: “Bunun özündə nəyi ehtiva etdiyini heç kəs bilmir. İcra hakimiyyət orqanı beynəlxalq təcrübəyə istinad edərək Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırıb. Anlayıram ki, bu, xalqımızın xeyrinədir və zəruri tədbir kimi bu addımlar atılıb. Amma mütləq karantin rejimi haqqında qanun qəbul etməliyik. Fövqəladə vəziyyət şəraitində prezidentin fərmanını parlamentdə təsdiq edirik. Ali qanunverici orqan bunu ona görə edir ki, vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırılır. Karantin rejimində də eyni qaydada. Biz karantin rejimini təsdiq etmirik, çünki qanunvericilik bazamız yoxdur. Burada söhbət ciddi şəkildə hüquq və azadlıqların məhdudlaşdırılmasından gedir. Biz görürük ki, yüzlərlə gənc tələbimizi, bəlkədə gələcəkdə onlar parlament spikeri, prezident olacaqlar, yerin altındakı yerə yığırlar. Yüz metrliyində otel olduğu təqdirdə. Yəni bu halda biz vətəndaşlarımızın hüquqlarını qorumalıyıq, parlament də məsuliyyətin altına girməlidir. Ona görə də, hesab edirım ki, biz təcili sürətdə karantin rejimi haqqında qanun qəbul etməliyik. Və sənəddə bu rejimin parlament tərəfindən təsdiq edilməsi öz əksini tapmalıdır. İcra hakimiyyəti orqanlarına o qədər geniş səlahiyyət verə bilmərik ki, istənilən qərarı qəbul etsinlər. Məsələn, restoranları, əksər iş yerlərini bağlayıblar. Sabah nəzəri olaraq absurd qərar da qəbul edə bilərlər. Ümid etmirəm ki, belə qərar qəbul ediləcək, sadəcə nəzəri olaraq qeyd edirəm. Ona görə də, biz o çərçivəni dəqiq müəyyən etməliyik. Hesab edirəm ki, təcili olaraq bu qanun qəbul edilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm