“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir” - Deputatdan TƏKLİF
Bizi izləyin

Nida Xəbər

“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir” - Deputatdan TƏKLİF

“Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir”

Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Milli Məclis qarşısında Nazirlər Kabinetinin hesabatı zamanı büdcə layihəsi hazırlanarkən tikintiyə ayrılan xərclərin iki dəfə azaldılmasının elm və təhsilə ayrılan xərclərin isə iki dəfə artırılmasını təklif etmisiniz. Bu təklifinizin nəzərə alınması ehtimalı varmı?

- Hər halda düşündürmə ehtimalı var. Büdcə vəsaitləri hesabına tikintidə çalışanların iş yerlərini qoruyub saxlamaq siyasəti özünü doğrultmayacaq. Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır. Tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcəkdir. Bakıdakı Alatava, Papanin, Xutor və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə 5 mərtəbəli binalar sökülüb və yerlərində müasir yaşayış kompleksləri tikilməlidir. Mövcud problemləri aradan qaldırıb tikinti sektorunu canlandırmaq üçün artıq Azərbaycan İnşaat Korporasiyası yaradılıb. Ümid edirəm, Prezident məmurların müqavimətini qıracaq və islahatların yolunu açacaqdır.

Təhsilin inkişafı üçün isə məktəb müəllimlərinin minimal əmək haqqı 1000 manat olmalı və infilyasiyaya qarşı indeksləşdirilməlidir. Gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repititoluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir. Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin tikintisi torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Ali təhsil müəssiələrinin böyük əksəriyyəti, o cümlədən Elmlər Akademiyası özəlləşdirilməlidir. Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir. Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 (min) nəfər dövlət hesabına, eyni zayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla biz bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm