İranla viza rejimi aradan qaldırılmalıdır - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

İranla viza rejimi aradan qaldırılmalıdır - Qüdrət Həsənquliyev

Qanun layihəsi müzakirə olunanda biz onu da müzakirə etmişik ki, şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəliş olsun. Qonşu ölkələr artıq pasportsuz gediş-gəliş tətbiq edir.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyev xatırladıb ki, Gürcüstan və Ukrayna vətəndaşları şəxsiyyət vəsiqələrini təqdim etməklə Türkiyəyə gedib-gələ bilirlər:

“Biz isə qardaş ölkəyik, hesab edirəm ki, bizdə də pasport məsələsi aradan qaldırılmalıdır. İkincisi, bu saziş layihəsindən bəlli olmur ki, vətəndaşlar hər dəfə Türkiyə ərazisinə daxil olanda 90 gün qala bilər, yoxsa il ərzində. Biz bilirik ki, başqa ölkələrə girişdə çoxgirişli vizalar verilir. Amma tələb qoyulur ki, 5 il ərzində sən, tutaq ki, 180 gün müddətində hansısa ölkədə qala bilərsən. Bununla bağlı Saziş layihəsində heç bir müddəa yoxdur. İstərdim, bu məsələyə də aydınlıq gətirilsin.

Daha sonra, İranda bizim 30 milyondan çox soydaşımız yaşayır. Həmçinin, İran bizim qonşumuzdur. Biz dəfələrlə burada məsələ qaldırmışıq, bunun bir izahı verilsin ki, niyə İranla viza rejimini aradan qaldırmırıq? Yəni Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır. Onlarla mənəvi yaxınlığımız, birliyimiz üçün viza rejimi aradan qaldırılmalıdır. İrandan gəlib burada oxuyan, bizim soydaşımız olan tələbələr bəzi hallarda 2 dəfədən artıq təhsil haqqı verirlər. Niyə? Məsələn, dünyanın təhsildən milyardlarla vəsait qazanan bir çox ölkəsində yerli tələbələr nə qədər təhsil haqqı ödəyirsə, xarici tələbələr də o qədər təhsil haqqı verir. Onlar gəlib onsuz da kirayədə qalırlar, burada pul xərcləyirlər. Yəni bu məsələləri mən parlamentdə ona görə qaldırıram ki, bizim müvafiq dövlət, hakimiyyət orqanları bunun üzərində ciddi şəkildə düşünsünlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm