Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı
Bizi izləyin

Nida Xəbər

Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İspaniyanın “Tu Voz en Pinares” qəzetində və qəzetin eyniadlı Tuvozenpinares.com saytında “Pandemiyaya qarşı qlobal mübarizə: nümunəvi Azərbaycan modeli” sərlövhəli məqalə ilə çıxış edib.

Publika.az
xəbər verir ki, məqalədə Azərbaycanın dünyaya nümunə ola biləcək COVID-19 pandemiyasına qarşı mübarizəsindən söhbət açılır.

Məqaləni olduğu kimi təqdim edirik:

Dünya gözlənilmədən peyda olmuş təhlükə – COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu xəstəlik inkişaf etmiş ölkələrə belə, ciddi itkilər bahasına başa gəlir. Bununla yanaşı, koronavirusla effektiv mübarizə aparan ölkələr də var. Onların ön sıralarında yer alan dövlətlərdən biri də Azərbaycandır.

Aparılan mübarizəyə baxmayaraq, bir çox ölkədə yoluxma və ölüm halları həddindən artıq çoxdur. Azərbaycanda isə cəmi 3274 yoluxma halı var. Onlardan da 2015 nəfəri sağalıb. Son məlumata görə, ölkədə 1220 aktiv xəstə var və cəmi 39 nəfər bu xəstəlikdən dünyasını dəyişib (statistika hər gün dəyişir). Səbəb əlbəttə ki, Azərbaycanın pandemiya təhlükəsinə verdiyi çevik reaksiyadır. Xəstəliyin yayılmağa başladığı ilk günlərdə qonşu ölkələrlə sərhədlərini bağlayan Azərbaycan bütün dövlət və özəl xəstəxanaları hazır vəziyyətə gətirib, dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçib.

Bundan dərhal sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əhaliyə çağırışlar ediblər. Bundan başqa, pandemiya nəticəsində zərər görmüş sahibkarlara, həmçinin sıravi vətəndaşlara dövlət yardımı ayrılıb. ÜST-ün tövsiyələrinə ciddi əməl edən Azərbaycan ən müasir standartlara cavab verən tibbi laboratoriyalar alıb, digər təxirəsalınmaz tədbirlər görüb.

Bundan başqa, prezident İlham Əliyev qlobal həmrəyliyə hesablanmış və həqiqətən də müsbət nəticələr verən addımlar da atıb. Bununla, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurub, körpü yaradıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan prezidentinin təşəbbüsü ilə aprelin 10-da qurumun videokonfrans rejimində Zirvə görüşü təşkil olunub. Yeri gəlmişkən, Türk Şurası dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirmiş ilk beynəlxalq qurumdur.

Zirvə görüşü

Qoşulmama Hərəkatına da sədrlik edən prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də bu qurumun da Zirvə görüşü olub. Hərəkatın Təmas Qrupu formatında təşkil edilmiş toplantı “COVID-19-a qarşı birlikdəyik” adı altında baş tutub. Azərbaycan prezidentinin Zirvə görüşünün keçirilməsilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr yer alır. Topantıya Avropa İttifaqının rəsmisi də qatılıb.

Bir sözlə, əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi fonunda məhz Azərbaycan bir araya gətirə bilib.

Bu bir reallıqdır ki, qlobal əməkdaşlığa güclü ehtiyacın duyulduğu şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar vəziyyətə adekvat reaksiya verə, beynəlxalq həmrəylik istiqamətində zəruri addımlar ata bilməyib. Qlobal liderliyə ehtiyacın yarandığı bu vəziyyətdə belə təşəbbüslərlə çıxış edən prezident İlham Əliyev “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, ayrı-ayrı qitələrdən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olub. O, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya göstərib.

Əməkdaşlıq

Beləliklə, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların artmasına, qlobal pandemiya ilə mübarizədə səfərbərliyə ciddi töhfələr verib.

Bundan başqa, Azərbaycan koronavirusla qlobal mübarizəyə dəstək olaraq, ÜST-ə 5 milyon dollar könüllü maliyyə yardımı da ayırıb. O, bunu pandemiya ilə mübarizədə yardıma ən çox ehtiyacı olan Qoşulmama Hərəkatı üzvlərinin dəstəklənməsi məqsədilə edib.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus prezident İlham Əliyevə martın 23-də ünvanladığı məktubda Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işləri yüksək qiymətləndirib, bu mənada Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Həqiqətən də prezident İlham Əliyevin rəhbərliyilə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu gün koronavirusla ən effektiv mübarizə aparan ölkələrin sırasında Azərbaycanın adı birincilər cərgəsində çəkilir, onun bu fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Konkret olaraq, sosial-iqtisadi sahədə atılmış addımlar dünyanın aparıcı maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.

Koronavirus pandemiyasının yaratdığı vəziyyət göstərir ki, dövlətlərarası münasibətlər sistemi daha ədalətli olmalı, münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalı, burada təcavüzkarlığa yer olmamalı, qarşılıqlı yardım, bəşəri dəyərlər prioritet təşkil etməlidir. Dünyanı yalnız ədalət xilas edə bilər!

Məqaləyə bu linkdən daxil olmaq mümkündür.

https://www.tuvozenpinares.com/articulo/economia/lucha-mundial-pandemia-azerbayano/20200526201912025390.html

Oxumağa davam et
Reklam
Reklam

Gündəm