Adam var ki, adına beş min hektar torpaq sahəsi var - Deputatdan SƏRT AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Adam var ki, adına beş min hektar torpaq sahəsi var - Deputatdan SƏRT AÇIQLAMA

Təmsil etdiyim İmişli rayonunda örüş yerləri ilə bağlı problem var. Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım və məsələnin nə qədər acınacaqlı olduğu bir daha görünür. Bir tərəfdə döyülənlər, söyülənlər, digər tərəfdə pis vəziyyətdə qalan polis zabitləri və qan içində olan vətəndaş.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev bildirib.

O, ritorik sual da səsləndirib: “Örüş sahəsi olmasa, o kəndli necə yaşaya bilər? Kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var. Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq?”

R.Nurullayev bildirib ki, İmişli böyük torpaq sahələri olan rayondur: “Amma əhali örüş yeri tapmır ki, heyvan saxlasın. Bəs nə ilə dolansın? Adına 10-15 sot torpaq var, yaxud bir “dırıngilet” maşın var, yardım ala bilməz, heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi isə yoxdur. Niyə yoxdur? Çünki, uğursuz torpaq islahatı nəticəsində bütün torpaqlar pay-püşt edilib. Adam var ki, adına beş min hektar torpaq sahəsi var. Məsələ burasındadır ki, elə icarədarlar var ki, onlar həqiqətən də əkin-biçinlə məşğuldurlar. Amma, elə sahələr var ki, sadəcə çəpərlənib, nə istifadə edilir, nə də əkilib-becərilir. Özünün beş-on heyvanını saxlayır. O böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Böyük əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara. Bəs kasıb nə etsin? Bu şəkildə torpaq islahatı hazırlayanlar məsuliyyət hiss etməlidirlər. Uzun müddət uğurlu torpaq islahatından danışıldı. Bu, sadəcə gözə kül üfürmək idi. Kolxozların dağıdılmasına və torpaqların paylaşdırlmasına rəvac verənlər, Prezidentə bunu təqdim edib tez-tələsik imzaya nail olanlar məsuliyyət hiss etsinlər. Biz torpaqlarla bağlı yeni qanunun hazırlanmasına başlamalıyıq ki, qalan əraziləri xilas edək. Çıxış yollarından biri torpaq sahiblərinin və icarədarlarının qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib sahib olduqları torpaqlarının heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edərək xalqa qaytarmasıdır. İmişlinin yeni icra başçısı cənab Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni başçılar təkbaşına işləyə bilməzlər. Onlar Prezidentin tapşırıqlarını yerinə yetirməkdə böyük çətinliklə üzləşəcəklər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə onlara da kömək etmiş olarıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm