Parlament televiziyası yaradılsın - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

Parlament televiziyası yaradılsın - Qüdrət Həsənquliyev

Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər.

Publika.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib.

Deputat əmindir ki, bu belə davam edəcəksə insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar: “Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemlərdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər. Ötən dəfə burada danışırdıq ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır və haqlı olaraq qeyd edildi ki, yox, aparılır. Amma çox təəssüf ki, o televiziyalara çox az sayda insanlar baxır. İnsanlar televiziyaları açanda orada nəyi görürlər? Onu görürlər ki, əgər kimsə yəni bir tok şoudursa, yaxud siyasi əhəmiyyətli söhbət gedirsə, bilirlər ki, yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də o tipli verilişləri izləmək çox da maraqlı olmur. Ona görə də ya şou proqramlara baxırlar, ya da kanalı dərhal dəyişirlər. Buna görə də hesab edirəm ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi öz televiziyası olmalıdır. Qapalı iclaslar istisna olmaqla, canlı yayımla verilməldir və təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi.

Mən bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Bu onunla bağlıdır ki, “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçuları işə qəbul olunanda Dövlət İmtahan Mərkəzində müsabiqə mərhələsini keçirlər, yəni imtahan verirlər, sonra isə müsahibə mərhələsi olur. Bu başa düşüləndir, normal qarşılanır. Amma sonradan ayrı-ayrı nazirliklərdə, mərkəzi icra orqanlarında vakansiyalar yarandıqda da eyni qayda təkrar olunur. Buna heç bir ehtiyac yoxdur. Ümumiyyətlə Dövlət İmtahan Mərkəzinin o sayda işçisi yoxdur ki, bizdə nə qədər nazirlik, komitə xidmətləri var ki, onlarda kimlərsə təqaüdə gedir, kimsə işdən çxarılır, kimsə işini dəyişir və s. Yəni hər dəfə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, müstəqil ekspert olmalıdır, həmin icra orqanında bir nümayəndə ilə yenə də eyni qaydada bu davam edir. Ona görə də hesab edirəm ki, bu süründürməçilikdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm