Özünüzün, cəmiyyətin sağlamlığını təhlükə altına atmayın - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Özünüzün, cəmiyyətin sağlamlığını təhlükə altına atmayın - ŞƏRH

“Birdəfəlik başa düşmək lazımdır ki, hökumət hər binanın giriş qapısına, avtobusa, metro vaqonuna, çayxanaya polis işçisi qoya bilməz”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat karantin və sosial izolyasiya qaydalarının mahiyyətindən söz açaraq, vətəndaşları məsuliyyətli olmağa dəvət edib:

“Hamıya bəllidir ki, bu virus bizdə yaranmayıb, ancaq ölkəmiz dünyanın bir hissəsi olduğundan ziyanı bizə də dəyir. O da məlumdur ki, vətəndaşın sağlamlığını əsas götürən cənab Prezidentimiz İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində bu bəladan indiyədək az itki ilə çıxan ölkələrdən biri Azərbaycandır. Dövlətimiz vətəndaşın sağlamlığının qorunması, sosial təminatı və s. ilə bağlı olaraq özündən asılı olan hər şeyi edib, edir və yük onun çiyinlərindədir. Ancaq çox şey vətəndaşların özündən asılıdır.

Bir çoxları “əşi, mənə nə” deyəcək qədər laqeyddir və hər şeyi dövlət hakimiyyətindən gözləyir. Eyni zamanda hakimiyyətin də tövsiyələrinə riayət etmirlər. Sonra da deyirlər ki, toyumuz qalıb, yas məclislərinə normal gedə bilmirik. Gəlin özümüzə sual verək: bunun səbəbi nədir? Günahı kimdədir?

Səbəbini və günahkarı bilməkdən ötrü ilk növbədə özümüzə, küçələrə, avtobuslara, metroya, çayxana və restoranlara baxmaq gərəkdir. Görünən odur ki, insanların bir qismi tibbi maska taxmır, sosial məsafəni gözləmir, çay masası arxasında bir-birinə az qala yapışmış halda otururlar. Bu qədər məsuliyyətsizlik olarmı? Nə üçün belə edirlər? Soruşanda deyirlər ki, virus mənə bir şey etməz. Özünüzün, ailənizin, qohumlarınızın, qonşularınızın və cəmiyyətin sağlamlığını təhlükə altına atmayın, çalışın evdə qalın, evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın, sosial məsafəni gözləyin, gigiyena qaydalarına ciddi riayət edin”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm