Məcburi köçkün Nadejda Quliyeva: "Şuşaya piyada qayıtmağa hazıram" - VİDEO
Bizi izləyin

Nida Xəbər

Məcburi köçkün Nadejda Quliyeva: "Şuşaya piyada qayıtmağa hazıram" - VİDEO

"İşğal olunmuş Dağlıq Qarabağın azad olunmasını, vətənimə geri dönməyi arzulayıram. Bunun üçün hətta bütün yolu piyada getməyə hazıram"

Publika.az xəbər verir ki, bu sözləri, Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş Şuşa şəhərinin sakini, məcburi köçkün Nadejda Alekseyevna Quliyeva deyib.

“Anamla bərabər Permdən Urala bacımgilə qonaq gəlmişdik. Burada həyat yoldaşımla tanış olduq və tezliklə, 1969-cu ildə evləndik. Bundan sonra yaşamaq üçün Şuşaya köçdük. Burada toxuculuq fabrikində işləyirdim. Uşaqlarım da bu şəhərdə anadan oldu. Şuşa dərhal məni özünə aşiq etmişdi: Gözəl təbiət, məscidlər, zirvəsi qarlı dağlar... Yaxşı yaşayırdıq, amma sonra müharibə başladı”, - deyə Nadejda Quliyeva Şuşa haqqında xatirələrini danışarkən bildirib.

Qadının dediyinə görə, böyük oğlu Bəxtiyar 1988-ci ildə hərbi xidmətdən sonra Şuşaya qayıdıb və doğma şəhərini erməni təcavüzkarlarından qorumaq üçün həmyerliləri ilə birlikdə mübarizə aparıb. N.Quliyeva qeyd edib ki, hərbi əməliyyatlar 1992-ci ilə qədər davam edib:

“Uşaqlarımı qucağıma aldım, başmaqlarımı geyindim və evimizdən ayrıldım. Ərim bizi avtobusa kimi ötürdü. Düşünürdüm ki, geri dönəcəyik. Şuşada böyük bağımız və dörd otaqlı evimiz qaldı. Ərim isə bir müddət əvvəl – noyabrda rəhmətə getdi. Hələ heç bir il tamam olmayıb. O, ölməmişdən qabaq məndən xahiş etdi ki, birlikdə Şuşaya gedək. Ona deyəndə ki, Şuşa işğal altındadır, inanmadı. Oğlum Bəxtiyar isə mayın 3-də şəhid oldu. Mayın 10-da isə müharibə bitdi. Bircə həftə gözləyə bilmədi”.

Nadejda Quliyeva sonda bütün insanlara sülh və əmin-amanlıq diləyib. O, bütün məcburi köçkünlərin öz doğma yurdlarına dönmələrini arzulayıb. Bir daha vurğulayıb ki, azad olunacağı təqdirdə Şuşaya piyada qayıtmağa hazırdır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm