Azərbaycan gəncləri daim Sizdən nümunə götürəcək - İlham Əliyevə yazırlar
Bizi izləyin

Nida Xəbər

Azərbaycan gəncləri daim Sizdən nümunə götürəcək - İlham Əliyevə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməyə davam edir.

Publika.az həmin məktublardan bəzilərini təqdim edir:

Möhtərəm cənab Prezident,

Mən Bolqarıstan Respublikasının Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan tələbəsiyəm.

Dünyanı cənginə almış Koronavirusun (Covid - 19) yayılması, sərhədlərin bağlanması səbəbindən və hal-hazırda yaşadığım şəhərdə yeganə azərbaycanlı olduğumdan bəzi maddi-mənəvi problemlərlə üzləşmək məcburiyyətində qaldım. Ancaq, hörmətli cənab Prezident, Sizin bu çətin zamanda bizimlə bağlı verdiyiniz göstəriş və tapşırıqlar həyatda öz əksini tapdı. Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi məni və mənim kimi tələbələri yalnız qoymayıb, dəstəklərini bizlərdən əsirgəmədilər.

Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz.

Sizə bir daha dərin təşəkkürümüi və minnətdarlığımı bildirirəm. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzu edirəm.

Hörmətlə,

Elvin Cəmill

Bolqarıstan Respublikası, Sviştov şəhəri

Hörmətli cənab Prezident,

Mən Bolqarıstan Respublikasının Dobriç şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Bu məktubu yazmaqda məqsədim, Sizə öz minnətdarlığımı bildirməkdir.

Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm!

Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır.

Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!

Elvin Babayev

Bolqarıstan Respublikası, Dobriç şəhəri

Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva!

Mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkədaxili və xaricdə gördüyünüz işləri sosial şəbəkədə, hər gün səhər informasiya portallarında izləməyimi xüsusi qeyd etmək istəyirəm.

Covid-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər.

Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz, göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta, həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi.

Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkələrini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalımızın artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir.

Bir daha Sizə öz adımdan dərin təşəkkür edirəm.

Ümid edirəm ki, yaxın gələcəkdə bir gənc azərbaycanlı kimi mənim uğurlu addımlarımdan Siz də fərəhlənəcəksiz.

Dərin hörmətlə,

Aygül Məmmədova

Polşa Respublikası, Krakov şəhəri

Cənab Prezident, koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin liderinin yanındadır.

Cənab Prezident,

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Biz həmişə Sizinləyik!

Möhtərəm cənab Prezident, mən bir tələbə kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Hikmət Zahid oğlu Həbibzadə

Polşa Respublikası, Krakov şəhəri

Cənab Prezident, Pandemiya zamanı bizə göstərilmiş diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bu diqqəti görmək qürurvericidir.

Hörmətlə, Vasif Qurbanov

Polşa Respublikası

Hörmətli cənab Prezident.

Ailəm üçün etdiklərinizə görə Sizə sonsuz ehtiramımı və minnətdarlığımı bildirirəm.

Həyatımın ən çətin anında - ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşımla bağlı ümidlərimin tükəndiyi bir vaxtda Siz kömək əlinizi uzatdınız, müraciətimə həssaslıqla yanaşaraq lazımi göstəriş verdiniz. Heydər Əliyev Fondunun xətti ilə həyat yoldaşımın Türkiyədə müalicəsi üçün bütün işlər görüldü, ailəmizə böyük sevinc bəxş edildi.

Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident. Siz və ailəniz həmişə sağlam və xoşbəxt olasınız. Mən bu qayğınızı heç zaman unutmayacağam. Mən həmişə Sizin əsgəriniz olmuşam, bu gün də hər bir əmrinizin icrasına hazıram. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Hörmətli cənab Prezident.

Sizin məsuliyyətli vəzifənizdə gərgin iş qrafikinizi izlədikcə qürur hissi keçirir, fəaliyyətinizlə bağlı heyranlığımı bildirmək istəyirəm.

Bütün ömrümü Rusiyada yaşasam da, hər gün mətbuatda Azərbaycanla bağlı məlumatları izləyir, dövlətimizi və cəmiyyətimizi maraqlandıran məsələlərlə tanış oluram.

Sizin xarici siyasətinizi dəstəkləyirəm və Sizi bu sahədə kamil siyasi xadim kimi tanıyıram. Son vaxtlar ölkə daxilindəki həyata keçirilən islahatlar, qətiyyətli mövqeyiniz isə məni valeh edir. Gördüyünüz işlər Azərbaycanın inkişafına xidmət edir. Bütün bunlar əminlik yaradır ki, doğma Vətənim bütün çətinliklərin öhdəsindən gələcək, Azərbaycan gəncləri daim Sizdən nümunə götürəcək, ölkənin maraqlarını hər şeydən üstün tutacaqlar.

Mən də sosial şəbəkələrdə Azərbaycanla bağlı düzgün təsəvvürü olmayan insanlara obyektiv məlumat çatdırmaqla ölkəmə xidmət etməyə çalışıram.

Cənab Prezident, Tanrı Sizi və ailənizi qorusun. Sizə səmimi hisslərimi və ən xoş arzularımı çatdırıram.

Dərin hörmətlə,

Mehdizadə Zöhrab Cəlal oğlu.

Rusiya Federasiyası, Nijni Novqorod şəhəri.

Möhtərəm cənab Prezident.

Sizin tövsiyyələrinizə uyğun olaraq, Azərbaycan İES-də əsaslı yenidənqurma işləri aparılır. Eyni zamanda, onun ətrafında abadlıq-quruculuq işləri həyata keçirilir. Bütün bunlar gündən-günə inkişaf edən respublikamızın çiçəklənməsinə verilən töhfədir. Görülən bu işlər biz ağsaqqalları da sevindirir.

Cənab Prezident, Mingəçevir şəhərinin ağsaqqalları adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Əhmədov Ramis Bayram oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

Cənab Prezident.

Həmişə olduğu kimi, Sizin iyunun 3-də Ağcabədiyə səfəriniz də biz sakinlərə böyük sevinc və fərəh hissi bəxş etdi. Biz - qarabağlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq.

Rayonumuzun davamlı sosial iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu baxımdan kəndarası yolların çəkilişi və Sarıcalı kəndində müasir məktəb binasının inşası məqsədilə ayırdığınız vəsait minlərlə insanın böyük sevincinə səbəb oldu.

Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Bədəlov Əli Mehdi oğlu, təqaüddə olan müəllim.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.

Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı və gənc dindar kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram.

Cənab Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinlikərin öhdəsindən uğurla gələcəyik. Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz dindarlar həmişə Sizin dinimizə və dindarlara qayğınızı, dəstəyinizi çox görmüşük. Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik. Allah Sizi qorusun, bütün işlərinizə Sizə yardımçı olsun.

Dərin hörmətlə,

Fərəczadə Seyran Akif oğlu.

Azərbaycan Respublikası, Quba şəhəri.

Hörmətli cənab Prezident.

Xaricdən maliyyələşən bəzi insanlar son zamanlar sosial şəbəkələrdə və bəzi saytlarda dövlətimizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Qeyd edim ki, bir vətəndaş olaraq bu, bizi narahat edir və bu məktub vasitəsilə Sizə dəstəyimizi bildiririk. Sizin fəaliyyətinizi çox böyük maraqla və qürurla izləyirik. Sizin düzgün siyasətiniz nəticəsində biz pandemiya dövründə bir çox ölkələr kimi, tənəzzülə uğramadıq. Siz işsizlərə, pensiyaçılara, əlillərə, veteranlara və sahibkarlara kömək göstərdiniz. Sizin göstərişlərinizə uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində möhlət verdi. Bunların hamısı ölkə əhalisinin rifahı, yaxşı yaşaması üçündür və biz bunları yüksək qiymətləndiririk.

Möhtərəm Prezident, ataların bir məsəli var: “Balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək”. Xalqımız Sizin işlərinizin dəyərini çox gözəl bilir və hər zaman Sizi dəstəkləyir.

Hörmətlə,

Quliyev Vüqar Səmədxan oğlu

Əfəndiyev Cavanşir Zəbis oğlu.

Azərbaycan Respublikası, Siyəzən şəhəri.

Hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər sırasında uşaqlara və məktəblilərə göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Dövlət səviyyəsində görülən belə tədbirlərin nəticəsidir ki, məktəblər əsaslı şəkildə yenidən qurulur, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilir. Sizin tapşırığınıza əsasən Salyan rayon A.Əliyev adına Aşağı Kürkəndi kəndində 360 şagird yerlik üçmərtəbəli tam orta məktəb üçün yeni möhtəşəm bina tikilməkdədir. Müasir səviyyədə inşa olunan məktəbdə sinif otaqları ilə yanaşı, laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalları, yeməkxana da nəzərdə tutulub.

Təhsillə bağlı strategiyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Fondun təhsil sahəsində ən böyük və irimiqyaslı təşəbbüsü olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın şagirdlərə qayğısı və diqqəti bütün kollektivlər və məktəb şagirdləri tərəfindən sevinclə qarşılanır.

Eyni zamanda, qeyd etmək istəyirik ki, hazırda Aşağı Kürkəndi kəndində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər gedir. Kəndləri birləşdirən avtomobil yolları asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Kənddə köhnə qaz xətləri yeniləri ilə əvəz edilib.

Cənab Prezident, biz kənd sakinləri olaraq Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Dadaşov Məhəbbət Vahub oğlu

Kərimov Ramil Adıgözəl oğlu

İsmayılova Tamara Nurəddin qızı

Hüseynova Elmira Zabil qızı və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürkəndi kəndi.

Hörmətli cənab Prezident.

Mən Qazaxıstan Respublikasının Atırau bölgəsinin Tengiz vilayətində “TCO-Tengizchevroil” şirkətinə məxsus fırmalarda işləyən azərbaycanlılar adından müraciət edərək, bizə göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Sizin diqqət və qayğınız daim xalqımızın üzərində olub. Koronavirus pandemiyasının dünyanın əksər ölkələrinə geniş yayıldığı bir vaxtda Qazaxıstanda yaşayan və ya işləyən azərbaycanlılar hər an dövlətimizin qayğısını hiss etdilər. Diaspor təşkilatları vasitəsilə mütəmadi olaraq hamı barədə məlumat toplanır, lazım olan yardımlar edilirdi.

Tengiz vilayətindən ölkəmizə təxliyə edildiyimizə, karantin dövründə Atletlər kəndində yaradılan şəraitə, yüksək xidmət səviyyəsinə görə Qazaxıstanda olan bütün azərbaycanlı əməkdaşlarımız adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz - gənc mühəndislər Sizin siyasətinizi dəstəkləyir və çiçəklənən Azərbaycanın gələcəyini yalnız Sizinlə görürük.

Sizə cansağlığı, daim xalqımızın yanında olmağı arzu edirik.

Hörmətlə,

Əsgərov Röya Güldadaş oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri, Boladi kəndi.

Hörmətli cənab Prezident.

Ağcabədi rayonunun Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun, eləcə də Sarıcalı kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə əlaqədar tədbirlər haqqında imzaladığınız sərəncamlar biz - ağcabədililərin ürəyincədir və bizi çox sevindirir. Qədirbilən Azərbaycan xalqı Sizin ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirir. Sizin apardığınız müdrik daxili və xarici siyasət nəticəsində üçrəngli bayrağımız hər zaman yüksəklərdə əzmlə dalğalanır. Azərbaycanımızı istəməyən qüvvələr isə həmişə müdrik Heydər Əliyev siyasi kursu qarşısında çıxılmaz, gücsüz vəziyyətə düşürlər.

Azərbaycan xalqı üçün gördüyünüz bu müdrik işlərinizi ürəkdən bəyənir, alqışlayır və bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edir və qürur duyuruq. Uca Tanrı həmişə köməyiniz olsun və Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Qənbərov Eldəniz Surxay oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

Möhtərəm cənab Prezident.

Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərdiyiniz qayğı nəticəsində güzəranımız ildən-ilə yaxşılaşır.

Yaşadığımız Alar kəndinin sakinləri digər sahələrlə yanaşı, kartofçuluqla da məşğuldurlar. İstehsal etdiyimiz məhsulu əsasən Rusiyaya ixrac edirik. Bu il pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həm sahələrin suvarılmasında, həm də məhsulun satılmasında heç bir problemlə üzləşməmişik. Buna səbəb Sizin diqqət və qayğınızdır. Vaxtında bol suyun verilməsi sayəsində bol faraş məhsul yetişdirdik və Rusiya maşınlarının ölkəmizə buraxılması ilə məhsulumuzu xarici bazara çıxarıb sata bildik. Həm məhsulumuz itkiyə getmədi, həm də güzəranımız yaxşılaşır.

Həmçinin qeyd etmək istəyirik ki, koronavirus pandemiyası dövründə sahibkarlara göstərdiyiniz dəstək sayəsində əziyyətimiz hədər getmədi.

Bütün bunlara görə kəndimizin bütün əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi xalqımıza çox görməsin.

Hörmətlə,

Əliyev Dövlət Millət oğlu, şəhid atası

Əskərov Vasif Xanverdi oğlu

Hüseynov Hüseynağa Tavar oğlu

Əliyev Cəlal İslam oğlu

Əsgərov Vaqif İzzət oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi.

Hörmətli cənab Prezident.

Bütün dünyanın virusla mübarizə apardığı və əksər ölkələrin ağır vəziyyətlə üzləşdiyi bir vaxtda Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən sosial layihələr, xəstəliklə mübarizədə vəziyyətə uyğun addımların atılması və bu kimi digər işlər alqışalayiqdir. Vətəni, dövləti, xalqı, dövlətçiliyi üstün tutan hər bir Azərbaycan vətəndaşı kimi, mən də bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Qeyd etdiyiniz kimi, hər gün Sizə yüzlərlə təşəkkür məktubu gəlir, Ermənistan rəhbərliyi isə lənətlə dolu çağırışlar eşidir. Yol göstərənə “Sağ ol!”, yol azdırana da “Lənət olsun!” deyərlər. Bədnam ölkənin rəhbərliyi lənətə layiqdir. Sizə isə bu sözlər yaraşır: “Təşəkkür edirəm, cənab Prezident!”.

Hörmətlə,

Qasımzadə Natiq Arif oğlu .

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xırdapay kəndi.

Hörmətli cənab Prezident.

Astara rayonunun Ərçivan qəsəbəsinin küçələrinin asfaltlanması ilə əlaqədar olaraq Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Sizin respublikamıza rəhbərliyiniz dövründə Azərbaycanın hər bir guşəsində abadlıq işləri görülüb, kənd və qəsəbələrdə infrastruktur yaxşılaşdırılıb, insanlar firavan həyata qədəm qoyublar. Bizim qəsəbənin sakinləri də əvvəllər bir sıra məsələlərdə əziyyət çəkirdilər. İndi isə rahat yollara, etibarlı və dayanıqlı kommunal xidmətlərə malikik. Bu işləri yüksək qiymətləndirmək, göstərilən qayğıya və köməyə görə Sizə “Çox sağ olun!” demək bizim vətəndaşlıq borcumuzdur.

Əziz Prezidentimiz, Sizin ölkə vətəndaşlarına qayğıkeş münasibətiniz, doğma yurda məhəbbətiniz sayəsində Azərbaycanın daha da inkişaf edəcəyinə, insanların daha yaxşı yaşayacağına inanırıq. Qoy, bizi xoşbəxt gələcəyə bağlayan bu inam heç vaxt sarsılmasın!

Hörmətlə,

Əsədullayev Əli

Yusifov Hüseynağa.

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.

Hörmətli cənab Prezident.

Bu məktubu Sizə yazmağı özümə borc bilirəm. Pandemiya dövründə xalqımızı qorumaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərə, göstərilən maddi və mənəvi köməyə, xəstə insanlara edilən yardımlara görə Sizə minnətdaram.

Karantin rejimini pozan insanlara qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər bir neçə gündür mətbuatın əsas mövzularından birinə çevrilib və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bəzi insanlar qanunlara, tələblərə əməl etmək əvəzinə, xəstəliyə inanıb-inanmamağı müzakirə edirlər. Belə görünür ki, o şəxslər sevdiklərini itirmədən xəstəliyin ciddiliyini başa düşməyəcəklər. Şəxsən mən bir vətəndaş olaraq qoyulan tələblərə əməl etməyən vətəndaşlara qarşı görülən adekvat tədbirləri dəstəkləyirəm. Ümumi mənzərə onu deməyə əsas verir ki, böyük əksəriyyət dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir və onlara əməl edir.

Əziz Prezidentimiz, etiraf etməliyəm ki, Sizin dəyərinizi pandemiya dövründə daha yaxşı anladım. Allah ömrünüzü uzun etsin.

Hörmətlə,

Lətifov Sərxan Məzahir oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.

Hörmətli cənab Prezident.

İnsanlığa təhlükə olan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən dövlətlərdən biridir.

Mən məktəbliyəm. Operativ Qərargahın tələblərinə riayət edir, bütün qaydaları dəstəkləyirəm.

Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görülür, xalqın rifahı naminə mühüm addımlar atılır.

Görülən işlərə görə bir daha Sizə təşəkkür edir, münasibətimin hüdudsuz olduğunu bildirirəm.

Hörmətlə,

Mustafayev Sənan Bəhruz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.

Çox hörmətli cənab Prezident.

Prezident seçildiyiniz vaxtdan bu günədək Azərbaycan bütün sahələrdə, uğurlarla zəngin yolla irəliləyir. Bu gün ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi Sizin nəhəng dövlətlər arasında böyük nüfuza sahib olmağınızdan xəbər verir. Dövlətimizi beynəlxalq arenada tanıtmaq, söz sahibi etmək olduqca böyük zəhmət tələb edir. Bütün xalqımız kimi, gəncəlilər də Sizin bu böyük zəhmətinizi hər zaman yüksək qiymətləndirir, Sizinlə qürur duyur.

Cənab Prezident, biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Bunun səbəbi Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşamasına xidmət edir.

Sizin xalqa xidmətiniz həm indiki, həm də gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyuruq. Əminik ki, xalqımız Sizin bu əziyyətinizi heç zaman unutmayacaq. Şəxsən öz adımdan, ailəmizin və bütün gəncəlilərin adından Sizə təşəkkür edirəm. Bütün xalqımız, bütün gəncəlilər Sizi sevir, Sizi dəstəkləyir. Biz Sizinləyik. Sizin zərgər dəqiqliyi ilə apardığınız daxili və xarici siyasətinizin daha böyük uğurlar gətirəcəyinə inanırıq, bu yolda Ulu Tanrıdan Sizə kömək diləyirik. Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Cavadov Elçin Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

Möhtərəm cənab Prezident.

Son zamanlar sosial şəbəkələrdə dövlətimizə qarşı aparılan qərəzli kampaniyalar, bəzi nadanlar tərəfindən edilən ədalətsiz çıxışlar bizi vətəndaş kimi çox narahat edir. Hesab edirik ki, insanların sağlamlığı naminə həyata keçirilən tədbirlərə qarşı çıxan hər bir kəsə, ilk növbədə, elə biz vətəndaşlar özümüz tutarlı cavab verməliyik və veririk.

Sizin koronavirusun geniş yayılmasının qarşısının alınması üçün tutduğunuz mövqe və gördüyünüz qabaqlayıcı tədbirlər çox tədqirəlayiqdir. Dost və qardaş dövlətlərə etdiyiniz yardımlar, Ümumdünya Səhiyyə Təşkilatına köçürülən vəsait Sizin nə qədər dürüst və alicənab olmağınızdan xəbər verir.

Ağdaş şəhərinin, rayonun Ərəb və Qaradağlı kəndlərinin dindarları adından bildiririk ki, Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Sizə və Mehriban xanıma görülən işlərə görə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Ədilov Faris Zahid oğlu

Məmmədov İsmayıl Rafiq oğlu

Quliyev Əvəz Sabir oğlu.

Azərbaycan Respublikası, Ağdaş rayonu.

Möhtərəm cənab Prezident.

Mənfur düşmənlərimizin bədnam əməlləri üzündən neçə illərdir ki, Tərtər rayonunun suvarma suyu ilə təminatında çətinliklər mövcuddur. Sərsəng su anbarından gələn suyun qarşısı kəsildiyindən o vaxtdan suvarma suyu çatışmazlığı yaranmışdır. Sizin qayğınızla biz bu problemi tədricən aradan qaldırmaqdayıq. Son illər ərzində Sizin Sərəncamlarınıza və tapşırıqlarınıza uyğun olaraq rayonumuzun kəndlərində çoxlu sayda subartezian quyularının qazılması işimizə yarayır. Bir neçə gün bundan əvvəl bununla əlaqədar yeni Sərəncam imzaladınız. Bu Sərəncama əsasən Tərtərin 18 kəndində 21 yeni subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu xoş xəbər bizi çox sevindirdi. Çünki, yeni subartezian quyularının siyahısında bizim kəndlərin də adları qeyd olunmuşdur. Su bol olarsa məhsulumuz da bol olar, kəndlilərin güzəranı daha da yaxşılaşar.

Əziz Prezidentimiz, biz fermerlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, işlərinizdə yeni uğurlar diləyirik. Allah Sizi qorusun.

Bəyimsarov və Evoğlu kəndlərinin sakinləri adından hörmətlə,

Əhədov Çingiz, Bayramov Eldəniz, Xamoyev Əli, Ələsgərov Cuvar, Abbasov Teymur, Paşayev Zabil və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.

Çox hörmətli möhtərəm Prezident.

Sizin tərəfinizdən vaxtında həyata keçirilən uzaqgörən, qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda yeni növ koronavirus COVID-19 pandemiyası digər ölkələrlə müqayisədə daha az fəsadlarla keçməkdədir. Xalqımızın bu bəladan xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirdi. Virusun daha çox yaşlı nəsli öz cənginə aldığını nəzərə alaraq, bu qrup əhalinin xüsusi qayğı ilə əhatə olunması, bütün təhsil müəssisələrinin, uşaq bağçalarının vaxtında bağlanması, aztəminatlı ailələrin müavinətlə, ərzaq yardımı ilə təmin edilmələri, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi, işləyən əhalinin ödənişli məzuniyyətə çıxarılması və gördüyünüz digər operativ, ardıcıl, vacib tədbirlər bizim ölkəmizi dünyada bu virusla mübarizədə fərqləndirdi. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası da kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Dünyada yaşayan azərbaycanlılar Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında birləşdi. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır. Bizim bugünkü qüdrətli, əzəmətli Azərbaycanımız da Lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Mən bir azərbaycanlı, müəllim olaraq öz adımdan, ailəmin adından gördüyünüz işlər, yürütdüyünüz daxili və xarici siyasət üçün Sizə minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Sizin kimi xalqını, millətini sevən, xalqının sağlamlığı üçün bütün gücünü səfərbər edən Prezidentimiz var. Biz dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.

Cənab Prezident, Sizin qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhvəsini verməkdədir. Gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğuna hesablanır. Bunlar xalq-Prezident həmrəyliyini artırır, Sizə olan inamı da gücləndirir. Müstəqil, güclü Azərbaycan naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Musayeva Kəmalə Hüseyn qızı

Şuşa şəhərindən məcburi köçkün, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri.

Hörmətli cənab Prezident.

Hər keçən gün dünyada pandemiya ilə bağlı vəziyyət dəyişir. Sizin proseslərə çevik reaksiya verərək böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə qəbul etdiyiniz operativ qərarlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması baxımdan misilsiz əhəmiyyət daşıyır.

Möhtərəm Prezidentimiz, bu günlərdə Sizin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı tibbi maskadan istifadə etməniz hər birimiz üçün nümunə oldu. Bununla da bildirdiniz ki, hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, özünün və yaxınlarının sağlamlığını fikirləşərək tətbiq olunan qaydalara riayət etməlidir. Biz vətəndaşların vəzifəsi Sizin qərarlarınıza əməl etməkdir. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir.

Möhtərəm Prezident, biz şirvanlılar Sizin “Biz birlikdə güclüyük!” şüarınıza qoşularaq həmişə Sizinləyik və hər zaman Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq. Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin.

Hörmətlə,

Əzizov Xeyrulla Digaran oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.

Möhtərəm cənab Prezident.

Dünyada tüğyan edən pandemiya ilə əlaqədar Azərbaycanda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bu xəstəlikdən əziyyət çəkən bəzi ölkələrə yardım göstərilməsi, qısa müddət ərzində ölkəmizdə modul tipli xəstəxanalar, dezinfeksiya məhsulları və maska istehsal edən fabriklərin inşa edilməsi, karantin dövründə 600 min insana birdəfəlik maddi yardımın verilməsi, sahibkarlara maddi dəstəyin göstərilməsi və görülən digər işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bütün bunlara baxmayaraq, “beşinci kolon”un nümayəndələri bu uğurlu addımlara kölgə salmağa çalışırlar. Sabirabadlılar belə insanları qətiyyətlə qınayır və Sizin arxanızda olduqlarını bildirir, həyata keçirdiyiniz daxili və xarici siyasətinizi dəstəkləyirlər.

Möhtərəm cənab Prezident, sadaladığım bunları xalqımızın sağlamlığı, sosial rifah halının yaxşılaşması və onun pandemiya dövründə əziyyət çəkməməsi üçün atılan addımlar kimi qiymətləndiririk. Siz bu addımları atmaqla dünyaya Azərbaycan modeli təqdim etdiniz. Hətta beynəlxalq təşkilatların nümayəndələri də Sizinlə keçirdikləri videogörüşlərdə bu haqda qeyd ediblər.

Mən bir vətəndaş olaraq bütün bunlara görə Sizə və Sizinlə çiyin-çiyinə çalışan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü bildirir, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram. Allahdan Sizə cansağlığı və xoş günlər diləyirəm.

Hörmətlə,

Quliyev Nadir Tahir oğlu.

Azərbaycan Respublikası, Sabirabad şəhəri.

Hörmətli cənab Prezident.

Bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə qoşulub. Bu mübarizə tədbirlərini izlədikcə Azərbaycanın daha uğurlu yollardan istifadə etdiyini görürük. Bu isə Sizin uzaqgörənliyiniz, qətiyyətiniz sayənizdə baş verir.

Xüsusi karantin rejiminin tətbiqi və qəbul olunan qərarlar xalqın ürəyincədir. Biz bu qərarları dəstəkləyir, bizi qoruduğunuz üçün Sizə “çox sağ olun” deyirik.

Karantin dövründə işsiz şəxslərin birdəfəlik ödəmə ilə təmin olunması Sizin xalqın hər bir üzvünə olan qayğınızın bariz göstəricisi idi.

Mən də işsiz kimi “Dost-İş” mərkəzinə müraciət etdim. Artıq işlə təmin olunmuşam, işimdən də razıyam.

Bu şəraitə, bizlərə göstərilən diqqət və qayğıya görə öz adımdan və ailəmin adından minnətdarlığımı bildirir, güclü Azərbaycan naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Allah Sizə yar olsun.

Hörmətlə,

Kazımov Sərəstun Hacıəli oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Zürüz kəndi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm