GUAM Parlament Assambleyası Ermənistanın təxribatına qarşı
Bizi izləyin

Nida Xəbər

GUAM Parlament Assambleyası Ermənistanın təxribatına qarşı

GUAM PA-dakı üzv ölkələr Ermənistanın Azərbaycana növbəti təcavüzünün yolverilməz olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu gün Milli Məclisdə GUAM Parlament Assambleyasının videokonfrans formatında 14-cü növbədənkənar Büro iclası keçirilib.

Növbədənkənar Büro iclasının 8 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Parlament Assambleyasının üzvlərinə iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədində, Tovuz rayonu ərazisində törətdiyi təxribat barədə ətraflı məlumat verib. Ermənistanın yeni ərazilər işğal etmək niyyəti ilə törətdiyi təxribatın bölgədə vəziyyəti çox gərginləşdirdiyini bildirən Elnur Allahverdiyev əlavə edib ki, ermənilərin hərbi əməliyyatları nəticəsində Azərbaycanın şəhidlər verib. Bu təxribatın dünya ölkələrinə və beynəlxalq qurumlara doğru-dürüst çatdırılması üçün GUAM PA-nın fəallaşmasına ehtiyac olduğu vurğulanıb.

Videokonfransda iştirak edən GUAM PA-dakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yuraş Svyatoslav, Gürcüstan nümayəndə heyətinin rəhbəri Kuçava Kaxaber, Moldova nümayəndə heyətinin rəhbəri Jizdan Aleksandru GUAM ərazisində baş vermiş bütün təcavüz aksiyalarını pisləyib, Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi təxribatdan narahat olduqlarını bildiriblər, Ermənistanın növbəti təcavüzünün yolverilməz olduğu bəyan edilib.

BÜRO üzvləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normativ-hüquqi aktlarda əks olunan sərhədləri çərçivəsində həll edilməsinin vacibliyini vurğuladılar. Videokonfransda Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Kərimli, Fatma Yıldırım işğalçı Ermənistanın riyakar siyasəti, Tovuz bölgəsinə hücumun təfərrüatları barədə həmkarlarına dolğun məlumat verib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Ukrayna, Moldova və Gürcüstan parlamentarilərinin birgə fəaliyyətinin vacibliyini vurğulanıb.

Büro iclasında GUAM PA-nın üzvləri COVID-19 pandemiyası ilə əlaqədar öz ölkələrindəki vəziyyət və mübarizə tədbirləri barədə ətraflı fikir mübadiləsi aparıb. GUAM PA-nın Baş katibi Altay Əfəndiyev və nümayəndə heyətlərinin rəhbərləri əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair rəy və təkliflərini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm