Özbəkistanın səfiri: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır"
Bizi izləyin

Nida Xəbər

Özbəkistanın səfiri: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Publika.az xəbər verir ki, bu sözləri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun şəkildə həyata keçməlidir.

Diplomat “Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mövqeyi nədir?” sualını cavablandırarkən belə söyləyib.

“Qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan münasibətlərindəki gərginliyin artması Özbəkistanda narahatlığa səbəb olub. Qarşıdurma zamanı hərbi gücün tətbiqi hər iki tərəfdə çoxsaylı itkilərə səbəb ola bilər”, deyə Bəhram Əşrəfxanov əlavə edib.

Səfirin sözlərinə görə, Özbəkistan tərəfi dostluq, mehriban qonşuluq və münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsini, MDB məkanındakı mübahisəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha vurğulamağı vacib bilir.

B. Əşrəfxanov Özbəkistanla Azərbaycan arasında beynəlxalq təşkilatlardakı sıx əməkdaşlığın az əhəmiyyət daşımadığına da toxunub.

“Biz müxtəlif məsələlərdə və problemlərdə bir-birimizin mövqelərini birmənalı və qətiyyətlə dəstəkləyirik”, - deyə diplomat fikrini tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm