Çavuşoğlu: "Azərbaycan öz qanuni haqqı uğrunda mübarizə aparır"
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu: "Azərbaycan öz qanuni haqqı uğrunda mübarizə aparır"

Azərbaycan öz qanuni haqqı uğrunda mübarizə aparır. Beynəlxalq ictimaiyyətin də haqlının yanında olması lazımdır. Biz bu məsələdə mövqeyimizi açıq şəkildə ifadə edirik. Daha əvvəl söylədiyim kimi, Azərbaycan indiyə qədər Türkiyədən bir dəstək istəməyib. Lakin lazım gələrsə, çəkinmədən dəstək verəcəyimizi hörmətli Prezidentimiz başda olmaqla hər birimiz söyləmişik.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında ifadə edib.

Ermənistanın mülki Azərbaycan əhalisinə hücumlar etməsinin yeni olmadığını vurğulayan nazir Mövlud Çavuşoğlu xatırladıb ki, Ermənistanın silahlı birləşmələri tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində uşaq və qadınlar da daxil olmaqla 613 nəfərdən çox dinc sakin qətlə yetirilib. Bu ilin iyulunda Ermənistan yenə mülki əhaliyə hücum etdi. Bu dəfə də həm azərbaycanlı hərbçilər, həm də dinc əhali arasında ölənlər oldu. İndi Bakı ətrafına və Gəncəyə raket atıblar. Əslində bu hərəkətlər müharibə cinayətidir. Azərbaycan isə işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır.

Azərbaycanın hüquqi və mənəvi baxımdan haqlı mübarizə içində olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu deyib: “Ermənistan əvvəlcə cəbhə xəttində Azərbaycanın həm hərbi mövqelərinə, həm də mülki əhaliyə hücumlar etdi, uşaqlar da daxil olmaqla dinc insanlar şəhid oldular. Digər tərəfdən, son günlərdə sıxışdırılan Ermənistan Gəncəyə və hətta Bakıya yaxın yerlərə də raket atmağa başladı. Əslində bütün bunlar müharibə cinayətləridir”.

Azərbaycanın öz torpaqlarını terrorçulardan və işğalçılardan geri almaq üçün mübarizəyə qalxdığını diqqətə çatdıran Türkiyə xarici siyasət qurumunun rəhbəri vurğulayıb ki, Ukrayna və Gürcüstanın ərazi bütövlüyü müzakirə mövzusu olduqda hər kəs haqlı olaraq bu ölkələrin ərazi bütövlüyünü dəstəkləyir: “Yaxşı, Ermənistan-Azərbaycan mövzusu gündəmə gəldikdə nədən “Ermənistana Azərbaycan torpaqlarından çəkil deyilmir?” Hər iki ölkə də NATO-nun tərəfdarıdır. Beləliklə, NATO-nun da tarazlaşdırıcı bir şəkildə atəşkəs, eyni şəkildə sülh yolu ilə həll variantı çağırışı etməsi normaldır. Amma bu problemin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapması üçün Ermənistanın dərhal işğal etdiyi ərazilərdən çəkilməsi barədə NATO başda olmaqla hər kəsin çağırış etməsi lazımdır. Bu məsələnin başqa həlli yoxdur. Otuz ildir ki, Azərbaycan ərazisi işğal altındadır”.

Ermənistanın təcavüzü həyata keçirmək üçün güclü bir dəstək aldığını və işğal nəticəsində bir milyondan yuxarı azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını vurğulayan nazir Mövlud Çavuşoğlu deyib: “Beynəlxalq təşkilatlar münaqişə tərəfləri arasında ya çox balanslı şəkildə olmağa çalışır, ya da Ermənistanı dəstəkləyən açıqlamalar verirlər. Məsələn, Minsk qrupunda təmsil olunan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Bu problemi həll etmək üçün Minsk qrupu daha fəal olmalı, məsələni yoluna qoymaq üçün qəti addımlar atmalıdır”

Mətbuat konfransında məlumat verilib ki, görüşdə, həmçinin Türkiyə-NATO münasibətləri, problemlərin təşkilat daxilində həllinə dair görülən işlər, Şərqi Aralıq dənizi, Liviya və Suriya məsələləri müzakirə olunub.

Türkiyənin müdafiə məsələləri və bu sahəyə aid olan sənayesini inkişaf etdirdiyini, eləcə də terrorizmlə qərarlı bir şəkildə mübarizə apardığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, onun ölkəsi maraq və mənafelərini bundan sonra da əzmlə müdafiə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm