• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Spiker Dikə Dağlıq Qarabağdan danışdı - FOTO

Spiker Dikə Dağlıq Qarabağdan danışdı - FOTO

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasında olan münasibətlərin hazırkı səviyyəsi, Dağlıq Qarabağ problemi müzakirə edilib.

Sentyabrın 27-dən bu yana parlament diplomatiyasını son dərəcə fəallaşdıran spiker Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İsrail dövlətinə təşəkkür edib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə səfirə məlumat verən Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib: “Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib”.

Milli Məclisin sədri səfirin diqqətinə çatdırıb ki, Ermənistan son günlər cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızı, mülki əhalini hədəfə alır: “Bunun nəticəsində dinc insanlar arasında ölənlər və yaralananlar var. Həmçinin enerji infrastrukturuna və yaşayış binalarına ciddi ziyan dəyib, dağıntılar var. Bu, bir daha Ermənistandakı hərbi-siyasi rejimin cinayətkar mahiyyətini əks etdirir”.

Spiker qeyd edib ki, Ermənistan informasiya cəbhəsində də təxribat xarakterli məlumatlar yayaraq beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır.

Sahibə Qafarova deyib ki, Azərbaycanın bu münaqişəni həll etməyə qadir Silahlı Qüvvələri var və heç bir başqa qüvvələri cəlb etmir.

Parlamentlərarası münasibətlərin inkişafı barədə danışan Sahibə Qafarova iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu baxımdan hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları mühüm rola malikdir.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Corc Dik Sahibə Qafarovanı Milli Məclisin sədri kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Azərbaycanda qadınların ictimai-siyasi həyatdakı rolundan danışan səfir qeyd edib ki, Azərbaycan Şərqdə qadına seçki hüququ verən ilk ölkə kimi bu gün də qadınların həyatın müxtəlif sahələrində fəal təmsil olunmasına şərait yaradır.

Diplomat vurğulayıb ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və bu baxımdan digər ölkələrə nümunə ola bilər: “Burada müxtəlif xalqlar, o cümlədən yəhudilər bərabərhüquqlu vətəndaşlar kimi yaşayırlar”.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırıb. İkitərəfli əməkdaşlığın inkişafından danışan diplomat bildirib ki, iki ölkənin pandemiyaya qarşı mübarizədə səhiyyə sahəsində də yaxından əməkdaşlıq etməsi təqdirəlayiqdir.

Görüşdə iki ölkə arasında müasir texnologiyalar, energetika və diğər sahələr üzrə əməkdaşlığı barədə də fikir mübadiləsi aparılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR