Nazirlik beynəlxalq tərəfdaşlarına çağırış etdi
Bizi izləyin

Nida Xəbər

Nazirlik beynəlxalq tərəfdaşlarına çağırış etdi

Kənd Təsərrüfatı Nazirliyi Ermənistanın Azərbaycana qarşı həyata keçirməkdə olduğu hərbi əməliyyatları qətiyyətlə qınayır.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Dağlıq Qarabağ bölgəsi və ətrafındakı şəhər və rayonlardakı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində 3-ü uşaq olmaqla, 31 mülki şəxs həyatını itirib, 168 nəfər mülki şəxs yaralanıb.

"Dağlıq Qarabağ bölgəsi və ətrafındakı rayonlarının təqribən 30 il ərzində işğalı və Ermənistan Respublikası silahlı qüvvələrinin hazırkı hərbi təxribatı BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və bir milyondan çox qaçqın və məcburi köçkünün evlərinə qayıtmasını tələb edən 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə ziddiyyət təşkil edir.

Məşğulluğun əsas hissəsini təşkil edən kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biridir. Ermənistanın təcavüzü Azərbaycanın əkin sahələrinin 30%-dən çoxuna, iş yerləri yaradan və kənd yerlərinin inkişafını təmin edən qida istehsalına və iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərmişdir. Bu cür qanunsuz hərəkətlər fermerlərin ailələrini dolandırması, layiqli və təhlükəsiz həyat sürmə qabiliyyətini məhdudlaşdırır və “COVID-19” pandemiyası şəraitində əsas vəzifə kimi davamlı qida təhlükəsizliyi sisteminin qurulmasına dair dünya miqyasındakı çağırışları nəzərə alaraq regional ərzaq təhlükəsizliyi üçün ciddi bir təhlükə mənbəyidir.

Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü intensiv məhsul yığımı dövrünə təsadüf edir. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olmuş, təmas xəttində yerləşən kəndlərdə 500 başdan çox iri və xırdabuynuzlu heyvan tələf edilmiş, fermerlərin yem ehtiyatları yandırılmış, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşmış, kənd təsərrüfatı texnikası məhv edilmiş və suvarma sistemləri sıradan çıxarılmışdır. Yüz mindən çox fermerin həyatına təsir edən bu münaqişə Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük itkilərə səbəb olur.

Ermənistan tərəfindən törədilən bütün hərbi cinayətlər insan hüquqları, habelə beynəlxalq hüquq normalarına söykənən BMT-nin Davamlı İnkişaf Məqsədləri, FAO və Aİ-nin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair strategiyaları kimi qlobal sənədlərin əsaslandığı beynəlxalq norma və öhdəliklərin pozulmasının bariz sübutudur.

Kənd Təsərrüfatı Nazirliyi özünün beynəlxalq tərəfdaşlarına müraciət edərək Ermənistan tərəfindən törədilən və ciddi humanitar fəlakətə səbəb olan, kənd təsərrüfatı fəaliyyəti üçün görünməmiş bir təhlükə yaradan, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan hərbi eskalasiyaları qətiyyətlə pisləməyə çağırır", - deyə nazirlik bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm