Dünyanın aparıcı xəbər agentliklərinə müraciət
Bizi izləyin

Nida Xəbər

Dünyanın aparıcı xəbər agentliklərinə müraciət

AZƏRTAC Ermənistanın müharibə cinayətləri, xüsusən cəbhə zonasından xeyli uzaqda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə terror hücumları ilə bağlı beynəlxalq və regional xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) üzv olan agentliklərin rəhbərlərinə ünvanlanan müraciətdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü və regionda cərəyan edən hadisələri doğru-düzgün işıqlandırmağa çağırış edilir.

Müraciətdən əsas məqsəd beynəlxalq KİV-lərin diqqətini Ermənistan tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı davam etməkdə olan, daha geniş miqyas alan terror aktlarına yönəltməkdir. Bu kontekstdə xəbər agentliklərinin rəhbərləri xüsusən Gəncə faciəsinin ağır nəticələri, Mingəçevirin raketlərlə atəşə tutulması barədə məlumatlandırılır. Eyni zamanda, Ermənistan rəhbərliyinin və erməni lobbisinin uydurduğu feyk xəbərlərin bəzi KİV-lərə yol tapmasından narahatlıq ifadə olunur.

Qeyd edilir ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır. Aralarında uşaqlar, qadınlar və qocalar olmaqla, 60-dan çox mülki şəxs bu barbar hücumların qurbanı olub, 300-ə yaxın insan yaralanıb, minlərlə ev, yaşayış binası və infrastruktur obyekti dağılıb. Gəncəyə edilən son hücum öz amansızlığına görə xüsusilə fərqlənir. Gecə saatlarında insanlar yuxuda olarkən yaşayış məhəlləsinə atılan “Skad” tipli ballistik raket böyük dağıntılara səbəb olub, 13 insanın ölümü, 54 nəfərin yaralanması ilə nəticələnib. Ölənlərdən 4-ü qadın, 3-ü azyaşlıdır. Qətlə yetirilən uşaqlar arasında məktəblilər, hətta dünyaya yeni göz açmış körpə var. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində həyata keçirilən terror aktları və müharibə cinayətləridir, bəşəriyyətə qarşı cinayətdir.

Diqqətə çatdırılır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki erməni əhaliyə münasibətdə humanist yanaşma nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Ölkəmizin ərazi bütövlüyü bərpa olunan kimi Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan Respublikası vətəndaşlarının malik olduğu bütün hüquq və imtiyazları əldə edəcək.

Müraciətdə daha sonra deyilir: “Təəssüf ki, bəzi beynəlxalq KİV-lərdə ermənilərin Azərbaycana qarşı genişmiqyaslı təcavüzünün işıqlandırılmasında qərəzlilik halları davam etməkdədir və bu, bizdə ciddi narahatlıq doğurur. Bəzi xarici KİV-lər informasiyanı yoxlamadan Ermənistan tərəfinin feyk məlumatları əsasında xəbərlər yayır, eləcə də dinc azərbaycanlı əhaliyə və mülki obyektlərə məqsədli hücumlarla bağlı mövqe bildirməkdən yayınırlar. Biz, sadəcə, sizin haqq və ədalətin tərəfində olmağınızı, ölkənizin ictimaiyyətinə yalnız və yalnız həqiqətləri çatdırmağınızı istəyirik və bundan kənar heç bir istəyimiz yoxdur. Rəhbəri olduğunuz agentliyin xəbərçilik prinsiplərinə sadiqliyini şübhə altına almadan sizi Ermənistanın mülki əhaliyə qarşı yuxarıda qeyd etdiyimiz qanlı terror aktlarına biganə qalmamağa çağırırıq. AZƏRTAC bununla bağlı hər bir sorğunuza cavab verməyə, istənilən məlumatı təqdim etməyə, Azərbaycanın rəsmi mənbələri ilə media əlaqələri yaradılmasında sizə kömək göstərməyə hazırdır”.

Xatırladaq ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) və İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Şurasının (UNA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm