Rusiya istəsəydi münaqişəyə qoşulmaq üçün bəhanə tapacaqdı... - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Rusiya istəsəydi münaqişəyə qoşulmaq üçün bəhanə tapacaqdı... - Millət vəkili

“2009-cu ildə Minsk qrupu həmsədrləri münaqişənin həllinə dair tərəflərə Madriddə yeni prinsiplər təqdim edəndən bir çox insanlarımızın ürəyindən sanki daş asılmışdı. Hətta ilk dəfə bu prinsiplər elan olunanda bəyan etmişdim ki, nə yaxşı Ermənistan bunu qəbul etmədi”.

Publika.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a Azərbaycan Respublikası Prezidentinin Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə “Dağlıq Qarabağda heç bir referendium olmayacq” deməsinə və Rusiya Federasiyasının Prezidenti V. Putinin Qarabağ münaqişəsinə dair Valday diskussiya klubunda verdiyi cavaba münasibətini ifadə edərkən deyib.

Onun sözlərinə görə, ordumuzun möhtəşəm qələbələrinə, Prezidentin köhnə status-kvonun artıq qalmadığını bəyan etməsinə baxmayaraq, Azərbaycanın problemin həllinə dair baza prinsiplərinə sadiq qalmasını açıqlaması insanların nigarançılığını tam aradan qaldırmırdı: “Amma Prezident hər zaman bəyan edib ki, o nəyi nə zaman və necə etməyi dəqiq bilir. Prezident xalqımızın bir hissəsinin narahatçılığına birdəfəlik son qoymaq üçün və xarici işlər nazirinin ABŞ səfəri öncəsi bunu açıq elan etməyi zəruri sayıb. Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək, beynəlxalq birliyi və regionda marağı olan ölkələri nəhayət ki, bununla barışmağa məcbur edəcəkdir. Bütün bunlar isə qələbəmizi asanlaşdıracaq”.

“Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil, münaqişənin ilk günlərində bəyan etdiyi birmənalı mövqeyə sadiqdir və o dəyişməyib. Rusiya Prezidentinin bəzi komanda üzvləri və ermənipərəst dairələr tərəfindən böyük təzyiqlərlə məruz qalmasına baxmayaraq, öz ölkəsinin milli maraqlarından çıxış edərək neytrallığını saxlaması çox təqdirəlayiqdir. Əminəm ki, Rusiyadakı ayrı-ayrı dairələr tərəfindən Ermənistana silah-sursat göndərilməsinə baxmayaraq, əgər bu gün sorğu keçirilsəydi, həm Putinin, həm Rusiyanın insanlarımız arasında nüfuzunun xeyli qalxdığını görərdik. Putin xarakter etibarilə sözübütöv, münasibətlərdə səmimi olan siyasətçilərə və ölkələrə rəğbət bəsləyir. Onun Türkiyə Prezidenti haqqında bu nöqteyi nəzərdən dediyi xoş sözlər də bunun təsdiqidir”, -millət vəkili əlavə edib.

Q.Həsənquliyevin fikrincə, Putin əmindir ki, Azərbaycan Respublikasının Prezidentinin artıq aforizm kimi qəbul olunan “sözümüz imzamız qədər mötəbərdir”, “biz etibarlı tərəfdaşıq” deyimi həm Prezident İlham Əliyev, həm Azərbaycan üçün hamılıqla qəbul olunmuş ali dəyərdir: “Bütün ağıllı insanlar başa düşür ki, bizim haqlı olmamıza baxmayaraq, Rusiya istəsəydi münaqişəyə Ermənistan tərəfdən qoşulmaq üçün ya bəhanə tapacaqdı, yaxud belə bəhanəni yaradacaqdı. Amma Rusiya Prezidenti mərhum Prezident Heydər Əliyev, onun ardınca Prezident İlham Əliyev tərəfindən Rusiya ilə aparılan dostluq və strateji tərəfdaşlıq siyasətinin üstündən xətt çəkmədi və neytrallığını qorudu. Mənim Rusiya ilə bağlı münaqişədən öncəki proqnozlarım hələ ki, özünü doğruldur”.

Q.Həsənquliyev onu da vurğulayıb ki, xəyanətkar Ermənistana görə, Rusiya Türkiyə və Azərbaycanla münasibətləri pozmaqdan uzaq görsənir: “Azərbaycan işğala son qoyandan sonra bizim münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır. Bölgənin xoşbəxt gələcəyi Türkiyə, Rusiya, İran və Azərbaycanın dostluğundan və əməkdaşlığından keçir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm