Moskva-Bakı-Ankara arasında yeni danışıqlar formatı... - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

Moskva-Bakı-Ankara arasında yeni danışıqlar formatı... - POLİTOLOQ

“30 ildir Ermənistan Azərbaycana qarşı hərbi təcavüz aparır. Bu müddətdə ATƏT-in Minsk Qrupunun danışıqlar formatında hər hansı bir irəliləyişin olmaması və həmin formatın üzvlərinin birtərəfli şəkildə Ermənistanı dəstəkləməsi prosesin dalana dirənməsinə gətirib çıxartdı”.

Publika.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə “Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək” fikirlərinə münasibətini ifadə edərkən qeyd edib.

Onun sözlərinə görə, sentyabrın 27-dən sonra başlanan əks-həmlə əməliyyatı və vasitəçi kimi qarşılanan Türkiyənin rolunun qabardılması Cənubi Qafqazda geosiyasi nizamın, sülhün inkişaf tempi ilə birbaşa əlaqəli ola bilər: “Ona görə Azərbaycan Minsk formatını müəyyən dərəcədə neytrallaşdırmaq və beynəlxalq ədaləti təmin etmək üçün Türkiyəyə həmsədr ölkə kimi statusun verilməsini təklif edir və bu istiqamətdə ciddi danışıqlar gedir. Rusiya müəyyən qədər Türkiyə faktoru ilə barışıb”.

M.Əsədullazadənin fikrincə, Fransa, Ermənistan rəsmi şəkildə buna narazı olsa da, Türkiyənin rolu vazkeçilməzdir: “Çünki Rusiya, Fransa, Amerika birtərəfli şəkildə Azərbaycanın Ermənistana kompromisə getməsini tələb edirlər və demək olar ki, Azərbaycanı masada tək qoyurlar. Ona görə də diplomatik müstəvidə Azərbaycanın əlini gücləndirmək, hərbi qabiliyyəti diplomatik masaya gətirmək üçün Türkiyənin rolu bizim üçün əvəzedilməzdir. Hesab edirəm ki, Türkiyə burada sırf beynəlxalq hüquq normasından irəli gələn addımlar ataraq, münaqişənin artıq bundan sonrakı prosesinə töhfə verə bilər. Düzdür, artıq Azərbaycan işğal olunmuş əraziləri azad edir və status-kvonu dəyişib. Amma buna baxmayaraq, beynəlxalq güclər - Fransa, Amerika, Rusiya müəyyən bir mərhələdə Azərbaycana müəyyən tələblər edə bilər. Ona görə də Türkiyənin artıq danışıqlar masasında olması Prezidentin qeyd etdiyi kimi, vazkeçilməzdir və bu olacaq”.

M.Əsədullazadə hesab edir ki, əgər danışıqlar mərhələsi başlasa, Azərbaycanın diplomatik müstəvidə öz mövqelərini qorumaq, şərtləri irəli sürmək üçün Türkiyənin vasitəsindən vaz keçməyəcək və bunu danışıqlar masasına gətirəcək: “Düşünürəm ki, Moskva bununla barışıb və bir müddətdən sonra Moskva-Bakı-Ankara arasında ciddi danışıqlar formatı yaradıla bilər”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm