Azərbaycan dünyanı bu qaçaqmalçılıq yolundan xilas etdi - TARİXÇİ ALİM
Bizi izləyin

Nida Xəbər

Azərbaycan dünyanı bu qaçaqmalçılıq yolundan xilas etdi - TARİXÇİ ALİM

“Mən Azərbaycanın sıravi əsgərindən Ali Baş Komandanına qədər dərin təşəkkürümü bildirirəm. Biz bu hərbi əməliyyatlar gedişində təkcə torpaqlarımızı azad etmirik, həm də birinci Qarabağ müharibəsində tapdanmış heysiyyatımızın, qürurumuzun, namusumuzun qisası alırıq. Bu, çox böyük uğurdur və bütün Azərbaycan xalqının, xüsusən qarabağlıların çoxdan arzuladığı, gözlədiyi anlardır ki, bu sevincli anları biz yaşayırıq”.

Bu fikirləri Publika.az-a açıqlamasında tarix elmləri doktoru, professor Qabil Əliyev deyib.

Q.Əliyev bildirib ki, bu müharibənin gedişində Azərbaycan ordusu yüksək peşəkarlıq göstərərək, düşmənə gözləmədiyi yerdən zərbələr vuraraq Qarabağ bölgəsində, onun cənub hissəsində çox böyük uğura imza atıb: “Artıq 20 gündən çoxdur ki, hərbi əməliyyatlar gedir. Horadizdən tutmuş Ağbəndə qədər, təxminən 140 kilometr Azərbaycan ordusunun nəzarətinə keçib və orada da bizim sərhəd xidmətimiz Azərbaycan sərhədçilərinin yerləşdirilməsi ilə məşğuldur. Bu, çox böyük uğurdur. Birincisi, ona görə ki, Azərbaycan özünün dövlət sərhədlərini tam şəkildə bərpa edir. Hər bir dövlət üçün sərhədlərinin qorunması çox vacib şərtlərdən biridir ki, Azərbaycan 27 il əvvəl itirdiyi mövqelərini bu sahədə bərpa edir. İkincisi, heç kəsə sirr deyil ki, “Dağlıq Qarabağ qurumu” işğal etdiyi cənub ərazilərimizdən, İranla olan məntəqələrdən qaçaqmalçılıq yolu ilə müxtəlif silah-sursat, yanacaq və bütün dünya üçün çox önəmli olan narkotik maddələrin qeyri-qanuni dövriyyəsini təşkil edirdi ki, indi bunlara birmənalı şəkildə son qoyulur. Yəni Azərbaycan ordusu həm də dünyanı bu qaçaqmalçılıq yolundan xilas etdi. Bu da çox böyük uğurdur”.

Q.Əliyev nəzərə çatdırıb ki, cənuba doğru Ermənistan tərəfi bir neçə yol, körpü də inşa edib: “Bunlardan ən önəmlisi İranla razılıq əsasında Xudafərin yaxınlığında su elektrik stansiyası üçün bəndin tikilməsidir. O bəndin də üzəri magistral yol kimi çox əhəmiyyətlidir. İndi onların hamısı Azərbaycanın nəzarətinə keçəndə artıq Ermənistanın qeyri-qanini yolla qaçaqmal təchizatının qarşısı alınır. Digər tərəfdən, həmin o su anbarı, elektrik stansiyası ilə bağlı işlər gedir. Onun da bütövlükdə işə salınmasınin həm Azərbaycan, həm də elə cənub qonşumuz İran üçün böyük faydası olacaq. Bu, minlərlə hektar əkinə yararlı torpağın suvarılması deməkdir. Elektrik enerjisi hasilatı həm Azərbaycanın Arazdan şimaldakı bölgələrin, həm də İran İslam Respublikasının tərkibində olan cənub ərazilərin iqtisadi inkişafına böyük yardım edəcək. Bu da hər iki tərəf üçün çox faydalıdır”.

Artıq Qarabağ ərazisində bərpa, quruculuq işlərinə başladığımızı diqqətə çatdıran tarixçi alim sevinclə qeyd edib ki, artıq orada elektrik enerjisi verilməsi qaydaya salınır: “Artıq Suqovuşan, Talış kəndlərinə doğru yolların inşasına başlanılıb. Kadrlardan da görürük ki, indi biz azad etdiyimiz yerlərdə ermənilər bütün yaşayış binalarını, infrastrukturu məhv edib və onlar hamısı böyük tikinti işlərinin görülməsini zəruri edir. Hesab edirəm ki, bu ərazilərimizin azad edilməsi, həmin körpülər cənubdan bu bölgəyə tikinti materialları və digər bərpa üçün lazım olan materialların çatdırılmasında da yardımçı olacaq. Bu da ki, qonşumuz İrana əlavə gəlir gətirəcək və Azərbaycanın həmin bölgələrinin bərpası üçün də daha sürətli və əlverişli kommunikasiya xəttləri işlək vəziyyətdə olacaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm