Qazaxıstanlı politoloqlardan Azərbaycana DƏSTƏK - FOTO
Bizi izləyin

Nida Xəbər

Qazaxıstanlı politoloqlardan Azərbaycana DƏSTƏK - FOTO

Qazaxıstanın Almatı şəhərində Siyasi Tədqiqatlar Assosiasiyasının üzvləri ilə Azərbaycanın Qazaxıstandakı səfirinin debatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Qazaxıstanda nüfuzlu politoloqları, ölkədə ictimai fikrin formalaşmasında önəmli rol oynayan ekspertlər iştirak edib.

Debata moderatorluq edən tanınmış politoloq Aydos Sarım bildirib ki, Azərbaycan bu ölkədəki səfirinin iştirakı ilə müzakirələri təşkil etməkdə əsas məqsəd, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq və etibarlı mənbədən məlumat əldə etmək, münaqişədə maraqlı olan üçüncü ölkə KİV-lərinin Qazaxıstan ictimaiyyətini təhrif olunmuş informasiyalarla yanlış yönləndirməsinin qarşısını almaqdır.

Səfir Rəşad Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri barədə məlumat verib. Səfir bildirib ki, hazırda Azərbaycan ərazilərini işğaldan azad etmək üçün müharibə aparmaqla yanaşı, düşmənin və münaqişədə maraqlı olan qüvvələrin dezinformasiya siyasətinə qarşı da informasiya cəbhəsində mübarizəsini davam etdirir.

Siyasi Tədqiqatlar Assosiasiyasının Prezidenti Esenjol Aliyarov, Avrasiya Tədqiqatları İnstitutunun direktoru Vakur Sümer, Kazbek Beysbayev, İslam Kurayev, Rasul Jumalı, Asxat Kesenqaliyev, Dauren Aben, Erkin Baydarov, Kuanış Bilal, Nurgeldi Usbonov, Çingiz Aynabekov, Serik Malaev, Ruslan Axmaqanbetov, Aydar Amrebaev, digər politoloqlar, jurnalistlər və sosial media fəalları münaqişə bölgəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Debat çərçivəsində ekspertlər onları maraqlandıran suallara cavab axtarmağa çalışıb və Ermənistanın qeyri-insani addımlarını qınadıqlarını bildiriblər.

Çıxış edənlər bildiriblər ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlarına ən sərt şəkildə reaksiya verməlidir. Günahsız uşaqların, yaşlı insanların, qadınların öldürülməsinə susanlar barbar davranışı qəbul etməklə bu cinayətin bir hissəsinə çevrilirlər.

Qeyd edək ki, anoloji debatlar yaxın günlərdə Qazaxıstan paytaxtı Nur-Sultanda da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm