• USD 1,7000 0,00% EUR 2,0630 -0,36%
    • GBP 2,3223 -0,33% RUB 0,0226 0,00%

Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri ABŞ-ın “The National Interest” jurnalında

Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri ABŞ-ın “The National Interest” jurnalında

Amerikada çıxan “The National Interest” onlayn jurnalında İsveçin Malmö Universitetinin beynəlxalq hüquq və insan haqları ixtisası üzrə dosenti Kamal Makili-Əliyevin “Dağlıq Qarabağ münaqişəsinin səbəbi olan problemlərin həqiqi mənbəyi” sərlövhəli məqaləsi dərc edilib.

Bu materialda Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərindən və Ermənistanın Azərbaycana ərazi iddialarının əsassız olmasından bəhs edilir. Müəllif yazır ki, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi hazırda 1994-cü ildən bəri ən aktiv mərhələdədir. Ona görə də regionun hüquqi statusu məsələləri dünya KİV-lərində get-gedə daha çox müzakirə olunur. Belə müzakirələrin təəssüf doğuran cəhəti ondan ibarətdir ki, münaqişənin hüquqi aspektləri çox vaxt beynəlxalq hüquq üzrə ekspertlər tərəfindən deyil, başqa sahələrin mütəxəssisləri tərəfindən müzakirə olunur. Nəticədə real hüquq elminə aidiyyəti olmayan kvazi-hüquqi və ya əsassız arqumentlər yaranır.

Yaxın vaxtlarda KİV-lərdə yer almış belə arqumentlərdən biri ondan ibarətdir ki, bəzi mütəxəssislər Dağlıq Qarabağda yaranmış vəziyyəti Kosovodakı vəziyyətə bərabər hesab edirlər. Onlar səhvən iddia edirlər ki, Kosovo Dağlıq Qarabağın Azərbaycandan “islahedici ayrılması” (“xilas olmaq naminə ayrılma” termini də işlədilir) üçün presedent ola bilər. Məsələ burasındadır ki, Kosovonun Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Müəllif Dağlıq Qarabağın Azərbaycandan ayrılmalı olması barədə ermənilərin iddialarının hüquqi aspektlərini təhlil edir.

Əvvələn, bu ərazi Azərbaycanın ərazisi kimi tanınıb. Beynəlxalq birlik bu faktı müvafiq qətnamələr və BMT-nin əsas sənədləri vasitəsilə dəfələrlə təsdiq edib. Buna ən parlaq nümunə BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 62/243 nömrəli qətnamədir. Üstəlik, bu fakt 2015-ci ildə “Çıraqov və başqaları Ermənistana qarşı” adlı işdə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiqlənib. Məhkəmə Dağlıq Qarabağın və Azərbaycanın ona bitişik yeddi rayonunun Ermənistan tərəfindən işğal olunduğunu təsdiq edib.

İkincisi, Kosovodan fərqli olaraq, Dağlıq Qarabağın muxtariyyəti ayrıca suveren dövlətə - Azərbaycan Sovet Sosialist Respublikasına (AzSSR) bağlı idi. Sovet İttifaqının 1977-ci il Konstitusiyasına (Maddə 76) müvafiq olaraq, AzSSR İttifaqın üzvləri olan suveren dövlətlərdən biri idi. Digər tərəfdən, Dağlıq Qarabağın suveren statusu olmayıb. Sovet İttifaqı dağılanda onun daxili inzibati sərhədləri Azərbaycan və Ermənistan da daxil olmaqla İttifaqın keçmiş üzvlərinin beynəlxalq sərhədləri oldu. Bundan əlavə, SSRİ-nin üzvü olan dövlətlərin və başqa qurumların heç birinin ayrılmanı nizamlayan, 1990-cı ildə qəbul edilmiş SSRİ qanunundan istifadə etməklə Sovet İttifaqından ayrılmaq imkanı yox idi. Belə qurumlardan hər hansı biri həmin qanunun şərtlərini yerinə yetirə bilənə qədər Sovet İttifaqı dağıldı.

Üçüncüsü, beynəlxalq hüquq sahəsində səriştəli mütəxəssislər tərəfindən sübut edilib ki, Dağlıq Qarabağın erməni əhalisi tərəfindən geniş (amma yalandan) bəyan edilən xalqların öz müqəddəratını təyin etmək hüququ onların ayrılması hüququ deyil və azlıqlara tətbiq edilə bilməyən hüquqdur. Dağlıq Qarabağda erməni azlığı Azərbaycanın və ya Ermənistanın xalqlarından fərqli “xalq” deyildir. Onlar etnik ermənilər və formal mənada Azərbaycanın vətəndaşlarıdır. Onlar təyini-müqəddərat hüququna əsasən müstəmləkəçilikdən azad edilməli olan nəzəri baxımdan kənar müstəmləkənin əhalisi deyil. Ona görə də bu hüquq Dağlıq Qarabağa heç cür tətbiq edilə bilməz.

Dördüncüsü, beynəlxalq hüquqda “islahedici ayrılma hüququ” anlayışı yoxdur. Beynəlxalq Məhkəmə Kosovonun müstəqilliyinin elan edilməsinə dair məşvərətçi rəyində bu fikri əsasən təsbit edib. İslahedici ayrılma konsepsiyası əslində, siyasi konsepsiyadır və beynəlxalq hüquqla o qədər də bağlı deyil. Bundan əlavə, islahedici ayrılma konsepsiyasını Dağlıq Qarabağla əlaqələndirmək cəhdi sadəcə, həyasızlıqdır, çünki Dağlıq Qarabağda təqiblərə və zorakılıqla qovulmağa məruz qalan erməni azlıq deyil, azərbaycanlı əhali olub.

Amerika nəşrində vurğulanır ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması məsələsində hətta əsas regional dövlətlərin və regiondan kənardakı aktorların siyasi mövqelərinə də toxunulur. BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvləri (Çin, Fransa, Rusiya, ABŞ və Böyük Britaniya) etiraf edirlər ki, bu yaxınlarda aparılmış döyüş əməliyyatları Azərbaycanın suveren sərhədləri daxilində gedirdi və Ermənistan təcavüz qurbanı olmayıb. Hətta Ermənistanda hərbi bazaları olan, Ermənistanın xüsusi əhəmiyyətli infrastrukturunun çox hissəsinə malik olan və öz strateji tərəfdaşının salamatlığında açıq-aydın marağı olan Rusiya da təsdiq edib ki, həmin döyüş əməliyyatlarının Ermənistanın suveren ərazisinə heç bir aidiyyəti yoxdur və beləliklə, bu əməliyyatlar kollektiv müdafiə üzrə öhdəliklər doğura bilməz.

Müəllif məqaləsinin sonunda yazır: bütün bunları nəzərə alaraq deyə bilərik ki, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırışlar əsassızdır. Bu, beynəlxalq hüququn və beynəlxalq birliyin mövqelərinin açıq-aydın pozulması olardı. Birləşmiş Ştatlar nəzərə almalıdır ki, beynəlxalq hüquqi qaydaya zidd olan hər hansı addım 1945-ci ildən başlayaraq, Birləşmiş Ştatların digər dövlətlərlə birlikdə yaratdığı beynəlxalq təhlükəsizlik sisteminə təhdid olar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR